Mərkəzi Bankın qorxunc "problemli kreditlər açıqlaması"
10:53 03-11-2015
İQTİSADİYYAT
Əhali banklardan götürdüyü krediti qaytara bilmir, bəs çıxış yolu nədir?
Vaxtilə nəinki işsizə, hətta borcu olana və ya borc götürənə kinayə ilə, hətta bir qədər qəribə baxılırdı. Amma indi az qala hamının borcu var. Azərbaycanda qapısından içəri kredit girməyən ailə tapmaq demək olar ki, mümkün deyil. Əlbətdə bunun yaxşı tərəfi də var ki, əvvəl ev, maşın və ya zəruri məişət cihazını yalnız "yuxularında görən" insanlar indi heç bir problemsiz kredit yolu ilə onu əldə edə bildilər.
Amma nə oldusa 2008-ci ildəki qlobal maliyyə böhranından sonra bir çox vətəndaşlarımız bu arzu və istəklərinin reallaşmasını bir müddət təxirə salmalı oldular. Böhran Azərbaycan banklarına da təsirsiz ötüşmədi. Hələ bir müddət əvvəl bir-birinə can deyib can, eşidən müştəri və bank, böhrandan sonra az qala düşmənə çevrildilər. Məhz bundan sonra sadə vətəndaşımız artıq tez-tez problemli kredit ifadəsini eşitməyə başladı.
Statistika həvəskarları üçün bildirək ki, indi Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmində artım müşahidə olunur. Hər halda Mərkəzi bankın dünən açıqladığı statistika bu sahədə ciddi problemlərin olduğunu düşünmək üçün əsaslar yaradır. Həmin məlumata görə, Azərbaycan iqtisadiyyatına məcmu kredit qoyuluşları 2015-ci il oktyabrın 1-nə 21 622,5 mln. manat təşkil edib. Bu, sentyabrın 1-nə olan analoji göstərici ilə müqayisədə 674,7 mln. manat və ya 3% azdır.Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı rəsmi hesabatda həmçinin bildirilir ki, bu, 2015-ci il ərzində baş verən ən yüksək həcmli aylıq azalmadır.
Hesabatda o da bildirilir ki, Azərbaycanda problemli kreditlərin həcmi sentyabrın 1-ə olan göstərici ilə müqayisədə 20,2 milyon manat və ya 1,51% artıb.
Onu da qeyd edək ki, vaxtı keçmiş kreditlərin xüsusi çəkisi ümumi kredit qoyuluşlarında 7,08% təşkil edir.
Problemlə bağlı müəyyən təsəvvürünüzün yaranması üçün onu da qeyd edək ki, indi problemli kreditlərin payı bütün banklarımızın bank aktivlərinin 5 faizinə çatmaq üzrədir. Beynəlxalq standartlara görə, problemli kreditlərin payı bank aktivlərinin 5 faizindən çoxdursa, bu artıq kritik həddir və kommersiya bankları üçün ciddi baş ağrısıdır. Bu gün əslində kommersiya bankları üçün ən ciddi problem kreditlərin qaytarılması və ya geri alınmasıdır. Banklar bu problemin bu qədər böyüməsində ilk növbədə böhranı, daha sonra isə müştərini müqəssir sayır. Amma bankların bu mövqeyi ilə razılaşmayanlar da var. Ekspertlər bildirir ki, problemli kreditlərin çoxalmasını yalnız borclananların ayağına yazmaq düzgün deyil.
Amma problemin müştərilərdə olmaması da danılmazdır. Necə olur ki, iki il əvvəl bu krediti vaxtlı-vaxtında ödəyə bilirdilər, bu gün ödəyə bilmirlər. İlk növbədə əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Gəlir mənbələri azalıb və ya istehlak qiymətləri artır. Bunların nəticəsində isə kredit ödəmə qabiliyyəti azalır. İkinci tərəfdən banklar kredit tələblərini kifayət qədər sərtləşdiriblər. Bu gün istehlak kreditlərinin şərtləri iki il bundan əvvəlki illə müqayisədə daha sərtdir. Baxmayaraq, elan olunur ki, kredit faizləri aşağı düşür və s. Bu gün real olaraq insanlar bunu hiss etmirlər.
Ekspertlər isə problemli kreditlərin yaranmasının əsas səbəbini kommersiya banklarının uzun müddət piramida prinsipindən istifadə etmələri ilə əlaqələndirirlər. Belə ki, banklar Qərb ölkələrindən daha ucuz kreditlər cəlb edərək, həmin kreditləri daha yüksək faizlə fiziki və hüquqi şəxslərə veriblər. Məlumdur ki, kommersiya banklarının təklif etdiyi kredit faizləri təxminən 30 faiz intervalında ya da buna yaxın məbləğdə olub. Bu isə kifayət qədər böyük faiz dərəcəsidir. Yəni, bir sözlə bank daha yüksək faizlə kredit vermək və qısa müddətdə daha çox gəlir əldə etmək istəyir. Bankların kreditlərin verilməsi ilə bağlı qiymətləndirmələri isə qısa müddəti əhatə edir. Onlar uzunmüddətli dövr üçün kreditlərin qiymətləndirmə və ya qaytarılma mexanizmini müəyyənləşdirə bilmir. Beləliklə, kreditlərin verilməsi mexanizminin mükəmməl olmaması kommersiya banklarının yüksək faizlə kreditlər təklif etməsi, bir sıra bankların kreditlər verilən zaman qeyri-rəsmi ödənişlər tələb etməsi kreditlərin daha bahalı olmasına gətirib çıxarıb.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52