Etibar Əliyevin qayıdışı "Bank Technique"in dirçəlişinə təkan verəcək
10:54 03-11-2015
İQTİSADİYYAT
Bankın Müşahidə Şurasının sədri vəzifəsinin icrasına başlayan andan islahatlara start verilib
Üç il əvvəl əsasız olaraq MTN-nin xüsusi əməliyyatı nəticəsində həbs edilən "Texnikabank"ın Müşahidə Şurasının sabiq rəhbəri Etibar Əliyev öz əvvəlki vəzifəsinə qayıdıb. E.Əliyevin yenidən bankın rəhbərliyinə gətirilməsi müsbət dəyişikliklərin olacağını deməyə əsas verir.
Çünki 2012-ci ildən başlayaraq bank ətrafında bir çox proseslər baş verib və hazırda bank faktiki olaraq defolt vəziyyətindədir. Amma E.Əliyevin iş başına keçməsi ciddi islahatların aparılacağı və "Bank Technique"in dirçələrək liderlər sırasına qoşulacağı şübhəsizdir. Sözsüz ki, indi Etibar Əliyevi daha çətin sınaq gözləyir. Lakin bankir haqq-ədalətin gec-tez yerini tapdığını və tezliklə "Bank Technique"in bank sektorunda öz yerini tutacağına əminliyini vurğulayır.
Bankir islahat və
uğur vəd edir
Məlumat üçün nəzərə çatdıraq ki, Etibar Əliyev 1993-cü ildən fəaliyyətə başlayan "Texnikabank"ın Müşahidə Şurasının sədri olub və 2012-ci ildə bankın bir sıra yüksək vəzifəli şəxsləri ilə birlikdə MTN-in əməkdaşları tərəfindən həbs edilmişdi. Lakin çox keçmədən Etibar Əliyev barədə çıxarılmış həbs-qətimkan tədbiri dəyişdirildi və bankir azadlığa buraxıldı. E.Əliyev həbsi ilə bağlı fikirlərini bildirərkən, deyib ki, 6 mart 2012-ci il tarixində heç bir əsas və səbəb olmadan MTN-ə dəvət edildi və 8 ay müddətində hər şeydən izoliyasiya olundu.
Nəzərə çatdıraq ki, E.Əliyevin həbsindən sonra bank rəhbərliyinə gətirilən insanlar bank sektoruna nabələd adamlar idilər. E.Əliyevin özü də bildirib ki, onlar bir qrup insanların ətrafında birləşərək bankı bu vəziyyətə gətirib çıxarıblar. "Təyin olunmuş rəhbərlər bir adama xidmət göstəriblər. Bu günləri həmin şəxsin adını çəkmək istəmirəm, çünki bu hər bir kəsə məlumdur. Haqsızlıqlar barədə cənab prezidentimizə müraciət etmişəm. Ölkə başçısı dərhal müraciətə münasibət bildirmiş, müvafiq tapşırıqlarını verib və məni bu gün bu banka yenidən rəhbər olmağıma göstərişlərini verib", - deyən Etibar Əliyev bildirib ki, bankın əvvəlki nüfuzunun qaytarılması istiqamətində işləri davam edəcək.
"Bank Technique" rəhbərliyində baş verən dəyişiklikdən sonra bankın mətbuat xidməti ilk açıqlamasını yayıb. Bildirilir ki, ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik edildikdən və Etibar Mahmud oğlu Əliyev Şuranın sədri vəzifəsinin icrasına başlayan andan, cəmi bir gün ərzində Bankın fəaliyyəti bərpa edilib: "Hazırda, Bank xidmət səviyyəsinin yüksəldilməsi və genişləndirilməsi istiqamətində bütün tədbirləri həyata keçirir, müştərilər yüksək səviyyədə bank xidmətləri ilə təmin olunurlar".
Mobil bankçılıqda
sıçrayışlı inkişaf
"Bank Technique"dən "Unikal"a verilən məlumata görə, son bir neçə ayda Bankın fəaliyyəti, demək olar ki, dondurulub. Verilən məlumata görə, bu vəziyyətdən çıxış yolu kimi, səhmdarların qərari ilə, Müşahidə Şurasının sədri vəzifəsinə Etibar Əliyev təyin edilib və 27 oktyabr tarixindən vəzifəsinin icrasına başlayıb: "Bunun ardınca, Bank dərhal işini bərpa etdi və hazırda tam gücü ilə müştərilərinə xidmət göstərir. Ümumi strategiyası dəyişməz olaraq qalır və bank həm hüquqi, həm fiziki şəxslərə xidmət etməklə universal bank olaraq fəaliyyət göstərir. İlkin mərhələdə bankın dayanıqlığının artırılması ilə yanaşı, rəhbərliyin qarşısında duran əsas vəzifələr kapital artımı, bank əməliyyatlarının genişləndirilməsi, müştərilərə yeni və keyfiyyətli xidmətlərin göstərilməsi, bank alətlərinin müasirləşdirilməsi ilə əlaqədardır".
Qeyd olunur ki, Bankın strategiyasına uyğun olaraq, paytaxt və regionlarda yaxın aylarda yeni xidmət nöqtələrinin açılışı, yeni bankomatların və POS-terminalların quraşdırılması gözlənilir. Filial şəbəkəsinin genişləndirilməsi ilə, Bankın texnoloji üstünlüyünün qorunub saxlanması istiqamətində işlər aparılacaq, məsafəli bankçılıq xidmətləri: "Technique Online" tamfunksional internet-bankçılıq sistemi, "Technique Mobile" smartfonlar üçün mobil proqram və bank əməliyyatlarını telefon əlaqəsi vasitəsilə icrasını təmin edən "Technique ID" təkmilləşdiriləcək və yenidən müştərilərin ixtiyarına veriləcək.
Yaxın hədəflər:
Kapital artımı və kredit
portfelinin yaxşılaşdırılması
Bank ümid edir ki, sadalanan işlərin nəticələrinə görə, müştəri məmnunluğu artacaq, müştərilərin sadiqliyi qazanılacaq. Maliyyə göstəricilərinə gəldikdə, növbəti 6 ayda Bank kapitalını 100 mln manata çatdırılmasını planlaşdırıb. Bu addım bankın mövqelərini bir qədər də möhkəmləndirərək, fəaliyyətin genişləndirilməsinə yardımçı olacaq. Kapital artımı ilə yanaşı, kredit portfelinin yaxşılaşdırılması və genişləndirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, bir vaxtlar Bankın müştəriləri olan hüquqi və fiziki şəxslər yenidən Banka müraciət edirlər və bank məmnuniyyətlə onlarla əməkdaşlığı bərpa edir və onlara yüksək keyfiyyətli xidmət göstərir. Notariat kontorlarlarında və DYP idarələrində nağd və nağdsız ödənişlər yaxın həftə ərzində tam bərpa ediləcək.
Deputatdan müsbət rəy
Onu da qeyd etmək lazımdır ki, Etibar Əliyevin "Bank Technique"yə yenidən rəhbər gətirilməsi bank sektorunun indiki vəziyyətində dəyişikliklər olub-olmayacağını da gündəmə gətirir. Bu barədə peşəkarların gözləntiləri də müsbətdir. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvi Vahid Əhmədov bildirib ki, Etibar Əliyev bank sistemində uzun müddət rəhbər vəzifədə olub və "Texnibank"ın yaradılmasında, onun inkişafında müəyyən rolu var: "Sonra müəyyən problemlər olub, onları dərindən bilmirəm. Amma yenidən qərar verilib ki, Etibar Əliyev "Bank Technique"yə rəhbərlik etsin. Mütəxəssisdir, bank işçisidir, fikrimcə, bu addım bank sisteminin təkmilləşdirilməsində, "Bank Technique"nin inkişafında, onun dövriyyə vəsaitinin artırılmasında, müştərilərlə münasibətlərin yaxşılaşmasında müəyyən müsbət rolu olacaq".
Son olaraq onu da qeyd etmək lazımdır ki, "Bank Technique"in inkişafı ilə bağlı qeyd olunan fikirlər həqiqətə uyğundur. "Unikal" qəzeti də Banka və yeni rəhbərliyə nəzərdə tutulan planları gerçəkləşdirmək və yeni nailiyyətlərə imza atmaq üçün uğurlar arzulayır.
Z.Məmmədli
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05