Bəzi iri məmurlar böyük həyəcan içində
10:55 03-11-2015
İQTİSADİYYAT
Seçkilər bitdi, islahatlar sürətlənəcək
Noyabrın 1-də keçirilən parlament seçkilərindən sonra diqqətlər uzun müddətdir haqqında geniş danışılan hökumət islahatlarına çevrilib. Əslində hələ seçki ərəfəsində bəzi iri məmurların "vurulması" ilə reform dalğasına start verilmişdi. Amma gözlənilən odur ki, hökumətdəki kadr və struktur islahatları məhz parlament seçkilərinin başa çatması ilə daha da genişlənsin və sürətlənsin.
Bunu hələ bir neçə ay əvvəl deputat Zahid Orucun mətbuata açıqlamaları da təsdiqləyirdi. "Paralel iqtisadi təşəbbüskarlıq, maliyyə fəaliyyəti, bank sektoru, kreditlərlə bağlı məsələlər, o cümlədən kənd təsərrüfatı, aqrar sektorun daha da dirçəlməsi, əhalinin müxtəlif təbəqələrinin həyat şəraitinin yaxşılaşdırılması, kreditləşdirilmə və s. bütün bunlar funksiyaları baxımından bir-birinə yaxın olan dövlət qurumlarının birləşməsini zəruri edir. Bu avtomatik olaraq hansısa strukturların üzərindən xətt çəkilməsi, insanların öz iş yerlərini itirməsi kimi nəticəyə gəlinməsi deyil. Önəmli olan dəqiq səlahiyyətlərlə bu qurumları təmin etmək və vətəndaş qarşısında qara əməllərdən, çirkli fəaliyyətlərdən, bürokratizmdən kənar işlərini təmin etməkdir. Bu o demək deyil ki, Azərbaycan növbəti ildə büdcə xərclərini sıxacağı üçün avtomatik dövlət qurumlarının üstündən xətt çəkməlidir. Məsələ bu deyil. Dünyada dəqiq normativlər var. Konkret olaraq əhalinin 100 min nəfərinə düşən strukturlar, məmur sayı, məmur aparatı sistemi və s. onların çalışması üçün dəqiq modellər işlənib hazırlanıb" deyə Z. Oruc bildirmişdi.
Onun sözlərinə görə, Azərbaycan Avropada mövcud olan məlum mexanizmləri ölkəyə gətirməkdə maraqlıdır: "Bu baxımdan, bir-birini təkrarlayan qurumlar birləşdirilməlidir. Bunu ölkə başçısının ideyalarına söykənərək deyirik. Bəziləri bir çox hallarda hansı səbəbdən bu qədər insanın işsiz qalmasına, məmurların fəaliyyətinin üzərindən xətt çəkilməsinə getmək istədiyimizlə maraqlanır. Nəzərinizə çatdırım ki, məmurun sayının daha çox olması bizi qabağa aparmır. Məndə olan məlumatlara görə, seçkidən sonra məhz bu cür paralel qurumların birləşdirilməsinə gediləcək. Hazırda Azərbaycanda ən azı 6-8 qurumun birləşdirilməsi vacibdir və hökumət səviyyəsində bu qurumlar araşdırılır.
Əminəm ki, prezident tərəfindən seçkidən sonra bu cür dövlət qurumları arasında birləşmələrin həyata keçirilməsi və daha dəqiq nazirliklərin formalaşması prosesi sürətlənəcək. Söhbət nazirlikdən daha çox ayrı-ayrı komitə və qurumların birləşdirilməsi, müxtəlif agentliklərin fəaliyyəti ilə bağlı əlaqələndirmələrin aparılması, səhmdar cəmiyyət modelinin kütləviləşməsindən gedir. Səhiyyə sahəsində dövlət xəstəxana sisteminin kütləvi saxlanması effektli deyil. Bəlkə də onların özəlləşdirilməyə çıxarılması daha effektli olar və rəqabət mühitinə təsir edər. O cümlədən, kənd təsərrüfatı sahəsi ilə bağlı məsələlər çevik reallaşdırılmalıdır. Hökumətin optimal modelini qurmaq vacibdir".
"Unikal"a daxil olan məlumatlar Zahid Orucun bir neçə ay əvvəl anons etdiyi islahatların reallaşdırılmasına start verilməsinə az qaldığını göstərir. Qeyd edək ki, hökumətdə belə kadr və struktur dəyişikliklərinin aparılması zərurətini yerli müstəqil iqtisadçı ekspertlər və beynəlxalq iqtisadi qurumlar da zaman-zaman dilə gətirirdilər.
Vurğulamaq yerinə düşər ki, 2015-ci ilin ilk 10 ayı hakimiyyət üçün çətin sınaqlarla yadda qaldı. Neftin kəskin düşməsi, manatın devalvasiyası hökuməti ciddi problemlərlə üzləşdirdi.
Bundan başqa, mart ayında Beynəlxalq Bankda başlamış araşdırmalar oliqarxların kütləvi həbslərinə yol açdı. Bunun ardınca isə Binəqədi rayonunda binanın yanması və çoxsaylı insan tələfatı yeni həbslərlə və dövlət büdcəsi hesabına bəzədilmiş yüzlərlə binaların üzlüklərinin sökülməsi ilə nəticələndi.
Yanğınla bağlı yaradılmış Dövlət Komissiyasının iclasında prezident İlham Əliyev hakimiyyət komandasında problemlərə toxundu, ad çəkməsə də ayrı-ayrı məmurların özbaşınalığından, dövlət əmlakının mənimsənilməsindən danışdı, ona hətta doğru olmayan məlumatlar verildiyini söylədi və sərt cəza tədbirlərinin görüləcəyini dedi.
28 mayla bağlı bayram törənində isə ölkə başçısı idarəetmədə ciddi islahatlara ehtiyac olduğunu bildirdi. "Prezident hər şeydən xəbərdar olmaya da bilər" - deyən dövlət başçısı ictimai nəzarətin gücləndirilməsinin zəruriliyindən danışdı.
Son günlər MTN-lə bağlı yaşananlar, bu hay-küylü prosesin digər nazirliklərə də sıçraması idarəetmədəki reformların qaçılmazlığının isbatıdır.
Bütün baş verənlər mühüm və qaçılmaz bir reallığı ortaya qoyur: ölkədə yeni iqtisadi, sosial və siyasi gerçəklik dəyişiklik zəruridir.
Artıq heç bir şübhə doğurmur ki, seçkilərdən sonrakı yaxın mərhələdə bir neçə nazirlik və dövlət komitəsinin ləğvi, bəzilərinin isə səlahiyyətlərinin məhdudlaşdırılması tamamilə realdır.
Məsələn: Dövlət Gömrük Komitəsinin ləğv edilməsi, səlahiyyətlərinin bir qisminin ASAN xidmətə, bir qisminin isə Vergilər Nazirliyinə verilməsi nəzərdə tutulur. Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilərək səlahiyyətlərinin İqtisadiyyat və Sənaye Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölüşdürülməsi də müzakirə mövzusudur. Bundan başqa, Səhiyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birləşdirilməsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi, funksiyalarının İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ləğvi, səlahiyyətlərinin Maliyyə Nazirliyinə veriləcəyi deyilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Statistika Komitəsinin, Diasporla ilə iş üzrə Dövlət Komitəsinin ləğvi nəzərdə tutulur. Bu proses isə təkcə lazımsız ştatların ləğvi ilə dövlət büdcəsinə qənaət deyil, həm də illərdir kreslolarından qopmayan korrupsiyaya bulaşmış böyük bir məmur ordusunun getməsi ilə nəticələnəcək.
Bir sözlə, bizi qarşıda bir sıra yüksək vəzifəli şəxslərin karyerasının nöqtələnməsi prosesi gözləyir. Bu ehtimalın ciddiliyinin yüksək olması xeyli iri məmuru əndişədə saxlayır.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52