Əli Kərimlinin ilginc xəyanət dosyesi
12:01 04-11-2015
İQTİSADİYYAT
Qurultaydakı çıxışında "mənim kitabımda qaçmaq yoxdur" deyən "Yurd" rəhbərinə yaddaş dərsi
Azərbaycan siyasətindəki hər bir siyasətçinin adı nələrisə ehtiva edir; onların adları çəkilərkən göz önünə adıçəkilən siyasətçinin daşlaşmış imicinin ortaya qoyduğu portret gəlir. Əli Kərimli ilə bağlı da belədir, bu adamın adı az qala Azərbaycan siyasətində "xəyanət" və "fərarilik" sözləri ilə sinonimlik təşkil edir. Baxmayaraq ki, o dəstəsinin sonuncu qurultayında qırmızı-qırmızı "mənim kitabımda qaçmaq yoxdur" bəyanatını verdi.
Görünür, Əli Kərimli cəmiyyətin yaxın keçmişi unutduğu qənaətindədir. Amma biz həmin keçmişi xatırlatmaqda fayda olacağını düşünərək Əli Kərimlinin xəyanət və fərariliklə zəngin olan siyasi həyatına təkrarən işıq salmaq qənaətinə gəldik. Beləliklə...
1990-cı ilin 20 yanvar günü: Rus əsgərləri və 25 yaşlı Kərimovun "itən" vəsiqəsi
Əli Kərimlinin həyat yolundakı ilk fərarilik faktı 1990-cı ilin 20 yanvar günündə baş verənlərlə bağlıdır. Həmin gecə baş verənlər haqda Kərimovun tələbə və "Yurd"çu yoldaşlarından birinin xatirəsini olduğu kimi təqdim edirik: "Rəhim Qazıyev, Nemət Pənahlı və Əli Kərimli "Şmit" zavodunda yaradılan Müdafiə Komitəsinin üzvü idilər. Onlar 20 yanvarda SSRİ ordusunun Bakıya daxil olmasını qorumalı, şəhərin giriş-çıxışında qurulan barrikadalara bir növ nəzarət etməli idilər. 20 yanvarın səhəri gün biz tələbə yoldaşlarımızla maraqlanırdıq. Baxdıq ki, Əli Kərimli yoxdur. Yanvarın 21-də Əli Kərimli meydana çıxdı. Ona yataqxanada sual etdim ki, 20 yanvarda harada idin. Çünki həmin vaxt Kərimlinin Müdafiə Komitəsinin üzvü olduğuna dair vəsiqəsi "Krasnaya Zvezda" qəzetində çap olunmuşdu. Qəzetin Moskvada çap olunduğunu nəzərə alsaq, bu vəsiqənin surətinin sürətlə Moskvaya kim tərəfindən göndərilməsi maraqlı idi. Çünki qəzetdə əsaslandırılırdı ki, Bakıda orduya müqavimət olub, Müdafiə Komitəsi yaradılıb, Əli Kərimli də onun üzvlərindən biri olub.
Həmin vaxt Əli Kərimlinin yaxını və qohumu olan Rahim Hacıyev avtomobillə köşkləri gəzib "Krasnaya Zvezda" qəzetini yığırdı ki, qəzet əhali arasında yayılmasın. Biz də Əli Kərimliyə sual etdik ki, sən axşam harada idin, necə oldu ki, vəsiqən sovet ordusunun mətbuat orqanında çap edilib. O da dedi ki, gecə onu rus əsgərləri tutub, indiki Nəqliyyat Nazirliyinin yanında bir yerdə saxlayıblar. Əli Kərimli də düşünüb ki, üzərini axtarsalar, Müdafiə Komitəsinin vəsiqəsi çıxa bilər. Bu səbəbdən ayaq yoluna getmək istədiyini deyib və orada vəsiqəni cibindən çıxararaq corabına qoyub. Dedi ki, əsgərlərin göstərişi ilə əllərini göyə qaldırıb dururlarmış, bu zaman düşünüb ki, üzərini axtarsalar, corabına baxa, vəsiqəni əldə edə bilərlər. Ona görə də əllərinin yorulduğunu hiss etdirmək üçün aşağı salır, taqətsiz olduğunu göstərir. Əsgərin diqqəti yayınandan sonra vəsiqəsini corabından çıxararaq divardan küçəyə tullayır. Vəsiqəni isə rus əsgərləri taparaq komendaturaya verir".
1991-ci il 27 aprel
etirazı. Kərimov
AXC-dən gedir,
Müəllimi tələbəsinə
"fərari" deyir
20 yanvar hadisələrindən sonra Bakıda komendant saatı tətbiq edildi və 1 il davam etdi. 1991-ci il aprelin 27-də BDU-nun AXC təşkilatının idarə heyəti olaraq qərara alır ki, Azərbaycanın işğalı günü kimi aprelin 27-i qeyd edilsin. Azərbaycanın hələ Sovet əsarəti altında olduğu, Mütəllibovun hakimiyyəti dönəmində təbii ki, Universitet rəhbərliyi buna qəti etiraz edir, tədbirin təşkilatçılarını çağırıb hədə qorxu gəlir. Bundan sonar AXC BDU təşkilatının idarə heyəti yenidən toplanır və bu toplantıda Əli Kərimov 27 apreldə etiraz aksiyasının keçirilməsinə qarşı çıxır. Amma onun təklifi qəbul olunmur, aprelin 27-də aksiya keçirilir, amma polis zorakılığı ilə dağıdılan aksiyaya Kərimov qatılmır. Bundan sonra Kərimov AXC sıralarından çıxmaq haqda ərizə yazır və bu ərizəni fəal AXC üzvlərindən olan Qəzənfər Əhmədova verir. Amma nə baş verirsə (o dövrün Universitet fəallarının dediyinə görə AXC-yə qayıtmaq tapşırığını Universitet rəhbərliyi verib) Kərimov heç nə olmamış kimi gəlib idarə heyətinin iclasında oturur. Tələbə yoldaşları onu hərəkətinə görə danlayır. Hətta hüquq fakultəsinin müəllimi İbrahim Vəliyev ona deyir ki, bu hərəkətin bir adı var - fərarilik. Hamının gözü qarşısında Kərimovun AXC-dən istefa ərizəsi cırılır və deyilir ki, belə qəbul edək ki, sən bunu yazmamısan, biz də görməmişik.
İyun qiyamı. Qeybə
çəkilən dövlət katibi və qumbara əməliyyatı
1993-cü ilin məşhur iyun qiyamından sonra o zaman AXC iqtidarında olanların bir qismi ya vəzifələrini dondurdular, ya istefaya getdilər, ya da ölkə sərhədlərindən kənara çıxdılar. Eyni zamanda, heç yerə getməyib siyasi fəaliyyətini davam etdirənlər, hətta, müvəqqəti həbs, məhkəmə həyatı yaşayanlar da oldu. Ancaq həmin hakimiyyətdə - AXC iqtidarında böyük nüfuz, söz sahibi olan (xüsusilə, iyun hadisələrinə yaxın ərəfədə) Əli Kərimov və onun az qala mason tipli "Yurd" birliyinin hakimiyyətdəki üzvləri səssiz-səmirsiz "qeybə" çəkildi, ya da onlara dəyib-toxunan olmadı - başda elə sayın Kərimovun özü olmaqla. 1993-cü ilin iyunundan 1994-cü ilin payızına kimi Əli Kərimli sanki görünməz oldu. O bir də 94-cü ilin məlum payız günlərində heç nə olmamış kimi siyasi arenaya döndü. Nüfuzlu müxalif liderlərin kölgəsində qalmamaq üçün Əli Kərimovun şişirdilməsi planı işə düşdü. 94-cü ilin 21 may mitinqində cibində qumbara ilə həbs edilən Əli Kərimov haqqında həbsdə olduğu müddətdə "gördünüzmü hakimiyyət ondan çəkinir, qorxur", həbsdən çıxdıqdan sonra isə "Əli Kərimovu həbsdə saxlamağa gücləri çatmadı" təbliğatı aparıldı və beləcə müxalif düşərgənin ilk separatçı süni lideri yetişdirildi. Bu fərariliklə xəyanatın qovuşuq məqamı idi.
95-ci il xəyanətləri.
Arif Paşayevə qarşı
qorxaqlıq
1995-ci il Kərimovun ömür kitabında xüsusi izlər buraxıb. AXC sədrinin siyasi məsələlər üzrə müavini olan Ə.Kərimov klassik hərəkatçı, AXC sədrinin birinci müavini İbrahim İbrahimlini şantaj yolu ilə doğma təşkilatından uzaqlaşdırmağı bacardı. Ardınca AXC-nin partiyaya çevrilməsinə və meydan təşkilatından kabinet qurumuna dönməsinə nail oldu. Elə həmin il yenilməz komandir, mübariz hərəkatçı Şahmərdan Cəfərov öldürüldü, Fərəc Quliyev həbs edildi. AXC-nin radikal qüvvələrinə zərbə, liberal xəttin adamı kimi Kərimovu önə çıxardı. Bundan istifadə edən "Yurd" şefi isə AXC-də öz oyununu oynamağa başladı. Elə həmin il parlament seçkilərində hakimiyyətlə separat danışıqlara gedən Kərimov mandatla mükafatlanacağına dair söz aldı. Bu seçki məsələsi AXCP-də böyük qalmaqal yaratdı. O zaman həbsdə olan AXC batalyonunun komandiri Arif Paşayevin partiyanın proparsional seçki siyahısına salınması haqda cəbhəçilərin tələbi də nəzərə alınmadı. Halbuki, bu baş verəcəyi halda Arif Paşayev azadlığa çıxacaqdı. Kərimov bu addımı atmadı, həmin seçkilərdə isə mandat qazandı.
1997-2000-ci illər. "Yurd" separatçılığı
və AXCP-nin
parçalanması
1997-ci ilin payızında (30 oktyabr) Elçibəyin Bakıya qayıtması partiyada onun tərəfdarlarının fəallaşması və qüvvələr nisbətinin yavaş-yavaş bərabərləşməsi istiqamətində dəyişikliklərə səbəb oldu. Lakin nə qədər ki, Elçibəy sağ idi, cəbhəçilərə səbrli olmağı məsləhət bilərək onları Əli Kərimova qarşı kəskin hücumlardan çəkindirirdi. Onun vəfatından sonra labüd parçalanma baş verdi. Daha sonralar "Yurd"un lideri kimi təqdim olunan Əli Kərimli ilə uzun illər yanaşı mübarizə aparan şəxslərin ayrılıb özlərinə yeni partiya yaratmalarının da şahidi olmuşuq. Bu gün qətiyyətlə söyləmək olar ki, əgər AXCP-də parçlanmalar olmasaydı, indi bu qurum ölkənin ən mütəşəkkil siyasi təşkilatı idi. Əbülfəz Elçibəy xəstələndikdən və müalicə üçün Türkiyəyə yola düşdükdən sonra isə müxalifət və AXCP-də daxili ziddiyyətlər daha da dərinləşərək idarəolunmaz hala gəldi. AXCP faktiki olaraq iki siyasi qanada – "islahatçılar"a və "klassiklərə" parçalandı. Partiyanın parçalanmasını istəməyən insanların göstərdikləri fədakarlıqlara baxmayaraq bir çox hallarda kənardan idarə olunan proseslərin qarşısını almaq mümkün olmadı.
2000-ci il iyul ayının 19-da AXCP-nin "klassiklər" adlanan qanadı partiyanın bir sıra rayon təşkilatlarının iştirakı ilə müşavirə çağırdı. Beləliklə, Milli Azadlıq Hərəkatında, Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında müstəsna xidmətləri olan bir siyasi təşkilat ikiyə parçalandı. Bu hadisədən az sonra Əbülfəz Elçibəy dünyasını dəyişdi. Hadisələrin sonrakı gedişatında Ədliyyə Nazirliyi Əli Kərimlinin qrupunu AXCP kimi tanıdı. AXC yarananda İdarə Heyətinin 19 üzvü olub. Ancaq onlardan biri də Əli Kərimlinin yanında qalmayıb.Hətta 2000-ci ildə partiya parçalananda mövcud olan AXCP Rəyasət Heyətindən də Kərimlinin yanında kimsə yoxdu. İndi baxın görün onun yanında olanlarla bir "JEK"i idarə etmək olarmı? Kim ondan aralanmaq istəyirsə, şantaj edirlər. Deyirlər ki, ya hökumət satın alıb, ya da qorxaqdır. Ancaq düşünmürlər ki, bu insanlar Əli Kərimlini tanıyandan və onunla indiki hökumət arasında seçim edəndə üstünlüyü iqtidara verir. Sən niyə bu barədə düşünmürsən? Necə oldu AXC İdarə Heyətinin 19 nəfər üzvü satqın oldu, ancaq sən prinsipial oldun?
2005-ci il. Gerçək
fərarilik,
gerçək qaçmaq
2003-cü il prezident seçkilərindən sonra son dərəcə ağır vəziyyətin yaranmasına baxmayaraq, Azərbaycanın müxalifət qüvvələri qısa müddətdə kifayət qədər iş gördülər. Elə bir uğurlu iş aparıldı ki, artıq 2005-ci il parlament seçkiləri öncəsi ölkədə siyasi aktivlik yarandı. 2005-ci il parlament seçkiləri dünyanın diqqət mərkəzində idi. Bütün bu proses 26 noyabr mitinqində iflas edildi. Kərimlinin məşhur emosianal çıxışı yəqin çoxlarının yadındadı. Zaman keçdikcə daha da aydın olur ki, o dövrdə İsa Qəmbər haqlı mövqedəymiş. İsa bəy oturaq aksiyanın çox dəhşətli planların həyata keçməsinə səbəb olacağını bəyan edərkən haqlı imiş. Bu həqiqəti Kərimli də bilməmiş deyildi. Amma baş verənlər onu göstərir ki, Kərimli müxalifətin və demokratik hərəkatın taleyini yox, aldığı sifarişi üstün tutdu. Kərimlinin "Mənim kitabımda qaçmaq, fərarilik yoxdur!" sözlərindən sərməst olanlar həmin günün videokadrlarına bir də baxsınlar. Pafosla, ağzı köpüklənə- köpüklənə insanları oturaq aksiyaya çağıran Kərimli polis hücumundan yarım dəqiqə sonra harda idi? Qaçmaq və fərarilik necə olur bəs?!...
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52