Azərbaycan məmurlarının "falçı sevdası" bitir
12:01 04-11-2015
İQTİSADİYYAT
Ölkədə falçılıq və cadugərliyin ləğvi kimləri məyus edəcək?
Dini ayinlərin və mərasimlərin yalnız rəsmi aidiyyəti şəxslər tərəfindən keçirilməsi ilə bağlı Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qərar layihəsi hazırlanır. Bu barədə APA-ya müsahibəsində Komitə sədri Mübariz Qurbanlı bildirib.
Qərar layihəsinin Nazirlər Kabinetinə təqdim olunacağını deyən M. Qurbanlı qeyd edib ki, bu qərarın qüvvəyə minməsi ilə eyni zamanda falçılıqla məşğul olanların da fəaliyyəti qadağan olunacaq: "Səmavi dinlərdə, o cümlədən İslamda falçılıq onsuz da qəbul edilmir".
Komitə sədri bildirib ki, belə hallara yol verən şəxslər həmin qərar əsasında ciddi cəzalandırılacaqlar.
Beləliklə, Azərbaycanda falçılığın və cadugərliyin ləğvi gözlənilir. Bundan ən çox məyus olanlar arasında isə məmurlarımızı yəqin xüsusi qeyd etməyə dəyər.
Məsələ burasındadır ki, Azərbaycanda məmur-falçı münasibətləri mövcuddur və bu çoxlarına heç də sirr deyil. Gəlin bir neçə nümunəyə göz ataq. Bu ilin avqustunda məlumat yayıldı ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Bakı şəhər sakini, 1949-cu il təvəllüdlü Saraxanım Süleyman qızı Babayevanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Prosesdə hökm oxunub. Məhkəmə azadlıqda olan Saraxanım Babayeva barəsində 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. O, məhkəmə zalında həbs olunub. Bu öz yerində.
İstintaq yolu ilə müəyyən edilib ki, Saraxanım Babayeva özünü "ilahi qüvvəyə malik falçı" kimi təqdim edərək müxtəlif şəxslərin etibarından sui-istifadə edib və onları aldadıb. O, Turanə Məmmədli adlı vətəndaşa evlərində baş verəcək faciənin qarşısını alacağını vəd edərək sonuncunun 1500 manat pulunu mənimsəyib. Gələcəkdə evləri söküləndə T.Məmmədliyə böyük məbləğdə pul veriləcəyinə inandıraraq onu öz yaşadığı evə qeydiyyata saldırmaq adı ilə daha 5500 manat pulunu alıb.
Bundan başqa, S.Babayeva xeyriyyə tədbirlərinin birində tanış olduğu Təranə Mərdanovaya böyük məmurlarla əlaqasinin, yüksək vəzifəli şəxslərlə tanış olduğunu deyərək onu nüfuzlu dövlət qurumlarının birində şöbə müdiri vəzifəsinə işə düzəldəcəyinə söz verib. T.Mərdanovanı aldadaraq 25 min manat pulunu və külli miqdarda qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirib.
Əslində hansısa vətəndaşın bir falçının iri məmurlarla əlaqəsinə inanması təbiidir. Çünki indiyədək bir sıra falçılar öz daimi müştəriləri arasında vəzifəli şəxslərin olduğunu dəfələrlə qeyd ediblər.
Belə ki, karyerasının gələcəyindən, var-dövlətinin aqibətindən narahatlıq duyan, perspektivdə onu hansı xoş və bəd sürprizlərin gözlədiyini bilmək istəyən məmurlarımızın falçı qapılarına ayaq döydüyü məlum həqiqətdir.
Eyni zamanda Azərbaycanda bir sıra məşhur falçıların məhz hansısa məmurun gücünə arxalandığı da bilinən bir gerçəklikdir. Həmin məmurlarla "ortaqlığı" sayəsində falçılar öz işlərini təhlükəsiz görmək imkanı əldə edir, fırıldaqçı və dələduz əməllərini rahatlıqla, asanlıqla həyata keçirirlər.
Bu mənada hesab etmək olar ki, Azərbaycanda falçılıq və cadugərlik kimi hətta İslam dininin belə uyğun görmədiyi, qətiyyətlə rədd etdiyi əməllərin aradan qaldırılması istiqamətində addımlar təqdirəlayiqdir. Baxmayaraq ki, bundan çox sayda sadə vətəndaşla bərabər, xeyli vəzifə sahibinin də xoşhal olmadığını əminliklə söyləmək mümkündür.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52