İşbazlar iki naziri saymır
12:02 04-11-2015
İQTİSADİYYAT
Dərman bazarında baş verənlərlə bağlı yeni ilginc iddialar
Məlum olduğu kimi, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin sədrlik etdiyi Tarif Şurası daha bir qrup dərmanın qiymətlərinin rəsmiləşdirilməsi ilə bağlı qərar verib.
strateq.az-ın xəbərinə görə, Şuranın son iclasında daha 827 dərman vasitəsinin qiyməti təsdiqlənib. Ümumilikdə, indiyədək Şura tərəfindən 3010 dərman vasitəsinin qiyməti tənzimlənib. Bunlardan 1151 dərman vasitəsi artıq yeni qiymətlərlə satışdadır. Qiymətləri təsdiqlənmiş digər 1110 dərman vasitəsinin qiyməti 1 dekabrdan, 749 dərman vasitəsinin qiyməti isə 21 dekabrdan qüvvəyə minəcək.
Beləliklə, indiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 50 faizinin qiyməti 2 dəfədən çox, 26 faizinin qiyməti 3 dəfədən çox aşağı salınıb, ümumilikdə 96 faizinin qiymətləri endirilib.
Tarif Şurasının açıqladığı son cədvəldən aydın olur ki, qiymətləri yenilənən dərmanlardan yarısı - 420-si hazırda satışda yoxdur. Budəfəki siyahıda yer alan preparatların əksəriyyətinin qiymətində ciddi dəyişiklik olmayıb. Dərmanların çox hissəsinin qiyməti 2-4 qəpik endirilib. Bəzilərinin isə qiyməti ümumiyyətlə dəyişməyib.
Ancaq təcrübə göstərdi ki, qiymətlərin ucuzlaşması ilə vətəndaşların vəziyyəti tam dəyişmədi. Proseslərin inkişafı dərmaların ucuzlaşmasının heç də asan başa gəlməyəcəyini deməyə əsas verir. Tarif Şurasının yeni qiymət siyasəti ilə bağlı ilk qərarından 2 aydan artıq vaxt keçib. Ancaq bu qısa müddətdə bazarda xeyli dərman qıtlığı yaşanır.
Uzun müddətdir ki, vətəndaşlar apteklərdə lazım olan dərmanlarını tapa bilmirlər. Bu sıraya reseptlə və həkimlərin göstərişi ilə satılan dərmanlarla yanaşı, müəyyən xəstəliklərin təlabatına uyğun olaraq gündəlik istifadə edilən dərmanlar, ağrıkəsici preparatlar da daxildir. Xüsusilə, uşaqlara gigiyenik qulluq vasitələri, kremlər qeybə çəkilib. Halbuki, bunlar körpələrin inkişafı və sağlamlığı üçün çox vacibdir.
Digər tərəfdən, qiymətləri ucuzlaşdırılan dərmanları da tapmaq müşkülə çevrilib.
Başqa bir maraqlı məqam qiymətlərin hamı üçün açıq olması ilə bağlıdır. Əksər apteklərdə yeni qiymətləri göstərən elanlara rast gəlinmir. Səbəbi isə əczaçılar belə izah edirlər ki, onlara bu barədə tapşırıq verilməyib. Yeni qiymət siyahıları apteklərə verilsə də, onların geniş ictimaiyyət üçün açıq olması təmin olunmayıb.
Halbuki, yeni qiymətlərin köhnə qiymətlərlə müqayisəli şəkildə apteklərdən asılması həm əhalinin məlumatlılığının artmasına və hökumətin atdığı addımın təqdir edilməsinə, həm də şəffaflığın təmininə yol aça bilər.
Yaranan qeyri-müəyyən vəziyyət və dərman qıtlığından isə pul qazanmaq hərisi olan işbazlar asanlıqla yararlana biliblər. Əldə etdiyimiz məlumatlara əsasən, dərman qıtlığından istifadə edən bəzi adamlar apteklərə mənşəyi bəlli olmayan dərmanları gizli yollarla çatdırırlar. Həm də bu "çatdırılma" ucuz başa gəlmir. Məsələn, yeni qiymət dəyişikliyindən sonra qiyməti 3 manat müəyyən edilən "Asprin kardio" həbləri apteklərə 6 manat və daha baha verilir. Əczaçılar da onu bir qədər də baha satmaq məcburiyyətindədilər.
Bu tendensiya regionlarda daha geniş yayılıb. Apteklər "tapılmayan dərmanları" əsasən, Gəncədəki "depodan" əldə edirlər. Qiymətin baha olmasından əlavə, bu dərmanların haradan alınması və niyə gizli yolla satılması kimi məsələlər maraq doğurur.
Digər maraqlı məqam təhlükəsizliklə bağlıdır. Mənşəyi bəlli olmayan dərmanların insan orqanizminə vura biləcəyi ziyan daha təhlükəlidir.
Bütün bunlar onu deməyə əsas verir ki, dərmanların artıq ucuzlaşdığından və vətəndaşların da bundan faydalana bildiklərindən danışmaq hələ çox tezdir. Qazanan isə hələ ki yenə də əyri yollarla pul qazanmağa alışmış işbazlardır.
Buradan çıxan nəticə isə odur ki, işbazlar Şahin Mustafayevin rəhbərlik etdiyi Tarif Şurasının ucuzlaşma qərarından öz maraqları üçün faydalanır, dərman bazarında yaranan hər hansı neqativ hala qarşı dərhal tədbir görüləcəyini açıqlayan Oqtay Şirəliyevin Səhiyyə Nazirliyinin bəyanatlarını isə ciddiyə almırlar.
Bu iki nazirin isə yaranmış mənfi situasiyaya nə vaxt və adekvat reaksiya göstərəcəyi isə hələ ki, məlum deyil. Belədə ehtimal ortaya çıxır ki, müəyyən işbazlar kifayət qədər güclü himayəçilərə malikdirlər, bu da onlara qanunvericiliyin tələbləri daxilində təsir göstərilməsini mümkünsüz edir.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52