Məmurların göz yümduğu daha bir soyğunçuluq
12:51 05-11-2015
İQTİSADİYYAT
Yanacaqdoldurma məntəqələrindəki dələduzluqların qarşısı niyə alınmır
Sürücü Rəşad İsmayılov yanacaqdoldurma məntəqələrinin birində aldadılmasından şikayət edib: "Oktyabrın 24-də, Aşura günü, Bakı-Şamaxı yolu ilə gedirdim. Bakıdan çıxandan sonra avtomobilə ilk rastıma çıxan yanacaqdoldurma məntəqəsində benzin vurmaq istədim. Qobustanda "AKoil" adlı YDM-ə daxil oldum.
Operatora 10 manat verib 10 manatlıq benzin vurmasını istədim. Benzin vuruldu. Avtomobilim "Mercedes C230" markalıdır. Maşının benzin çəninin qıfılını açdım, lakin benzinin səviyyəsini göstərən ox çox cüzi qalxmışdı, yəni normalda olduğunun yarısı qədər. Lazım olan şəxsləri çağırdıq. Onları başa salmaq istədik ki, insanları aldatmasınlar. Bildirdik ki, 5 manata görə dava salmırıq. Amma belə şeyləri etmək, xüsusən Aşura günü düzgün deyil. Onlar isə müxtəlif bəhanələr gətirməyə başladılar. Dedilər ki, yer əyridir, ola bilsin ki, ox düzgün işləmir. Ancaq hər şey qaydasında idi. Onlara dedim, bu köhnə maşın deyil və beyin sistemi ilə işləyir, yer əyriliyindən söz gedə bilməz, ox da düzgün işləyir. Bilmədim haraya şikayət edim. Çıxdım getdim. Yaxşı ki, yüksək məbləğdə ödəniş etməmişdim. Xahiş edirəm, bu barədə yazın ki, həm insanlar oraya girib aldanmasınlar, həm də lazımi orqanlar tədbir görsünlər".
Faktla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin şöbə müdiri Malik Hacıyev deyib ki, əgər vətəndaşlarda YDM-lərdə istehlakçıların hüquqlarının pozulması ilə bağlı faktlar varsa, onlar Dövlət Xidmətinə müraciət edib əllərində olan müvafiq sənədləri və sübutları təqdim etməlidirlər: "Çünki konkret sənəd və sübut olmadan belə faktları araşdırmaq çox çətindir. Adətən istehlakçıların aldadılması 2 cür olur: biri birbaşa qiymətdə, digəri isə malın miqdarında. Bu halda söhbət miqdarda aldadılmadan gedir".
M.Hacıyev əlavə edib ki, əgər problem məntəqədəki ölçmə cihazları ilə bağlıdırsa, buna Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzarət edir. Bununla yanaşı, şöbə müdiri belə hallarda şikayətin həm də həmin məntəqələrin məxsus olduğu şirkətlərə də birbaşa ünvanlanmasını tövsiyə edib: "Çünki indi rəqabət çox güclüdür. Kimsə istəməz ki, müştərisini itirsin və adı mənfi cəhətdən hallansın. Ona görə də güman edirəm ki, belə hallarda onlar da təxirəsalınmadan şikayətləri araşdırıb tədbir görə bilərlər".
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şöbə müdiri Fazil Talıblı isə bildirib ki, təəssüf ki, həqiqətən də YDM-lərdə sürücülərin aldadılması faktlarına hələ də rast gəlinir: "Bizim "qaynar xətt"imizə ünvanlanan şikayətlərin arasında da YDM-lərdə miqdarla bağlı aldadılma məsələlərinə rast gəlinir. Bəzən həmin şikayətlərin araşdırılması zamanı onların əsassız olduğu üzə çıxır. Amma vaxtaşırı təsdiqini tapan faktlar da olub. Belə hallara əsasən Bakıda deyil, bölgələrdə rast gəlinir. Lakin müqayisə etdikdə, belə faktların sayı getdikcə, ilbəil azalır".
F.Talıblı qeyd edib ki, Dövlət Komitəsi tərəfindən YDM-lərin qarşısında tələb qoyulub ki, ən müasir avadanlıqları alıb istismar etsinlər ki, onlara müdaxilə etmək mümkün olmasın: "Çünki bəzən vaxtı ötmüş, istismar müddəti bitmiş, köhnə avandanlıqlardan istifadə edirlər. Belə avadanlıqlara orada işləyənlərin fiziki olaraq əllə də müdaxilə etmək imkanları olur. Amma müasir avadanlıqlarda bu, mümkün deyil. Yeni rəqəmsal cihazlar avtomatlaşdırılmış qaydada idarə olunur. Ona görə də onlara müdaxilə qeyri-mümkün olur. Biz ta ki, bu proses bütün ölkə ərazisini əhatə edənə qədər bunu təmin etməyə çalışacağıq".
Şöbə müdiri əlavə edib ki, əgər YDM-lərdə vurulan yanacağın miqdarı ilə bağlı aldadılma faktı varsa, şikayətçilər Dövlət Komitəsinə sənəd və sübutlarla müraciət etsinlər. Bu halda qanunvericiliyin tələbinə əsasən, şikayətçinin tələbi əsasında müəyyən araşdırma aparıla bilər: "Fakt təsdiq olunanda İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən, ölçmələrin düzgün yerinə yetirilməməsinə görə fiziki şəxslərə 1500-2000 manat, hüquqi şəxslərə 4-5 min cərimə tətbiq olunur".
"Unikal" olaraq onu da qeyd edək ki, bəzi yanacaqdoldurma məntəqələrinin qeyri-rəsmi şəkildə hansısa məmurun, bəzilərinin sahiblərinin isə hansısa məmurlar tərəfindən himayə edilməsi "zapravka"larda vətəndaşların aldadılması hallarının qarşısını almağa mane olur. Amma artıq vəziyyət o yerə çatıb ki, aidiyyatı qurumların məsələyə müdaxiləsi qaçılmaz zərurətə çevrilib.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52