Beynəlxalq ekspertlərdən azərbaycanlıları sevindirəcək proqnoz
12:52 05-11-2015
İQTİSADİYYAT
Neftin qiyməti kəskin bahalaşacaq; ölkəmizin gözlənilən böhrandan çıxması üçün daha bir imkan...
Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması əksər dövlətlərdə, xüsusilə də büdcə gəlirlərində neft qazanclarının dominantlıq etdiyi ölkələrdə ciddi böhran anonsu verməkdədir. Sirr deyil ki, neftin ucuzlaşması həmin ölkələrdə əvvəlcədən nəzərdə tutulan bir sıra büdcə layihələrinin dayandırılmasına və büdcənin "qənaət rejiminə" keçirilməsi tədbirləri ilə müşahidə olunub. Sirr deyil ki, dünya bazarında neftin qiymətinin əvvəldən proqnozlaşdırılmış səviyyəyə qalxa bilməməsi gələn ilin Azərbaycan büdcəsi üçün də indidən həyəcan təbili çalmağa əsas verir. Amma beynəlxalq müşahidəçilərin açıqladığı son proqnozlar neft ölkələri üçün əsl müjdə sayıla bilər. Belə ki, ekspertlər gələn ilin büdcə öhdəliklərində heç bir problem olmayacağını bildirirlər.
Məlumat üçün bildirək ki, gələn ilki büdcədə neftin qiyməti barrel üzrə 50 dollardan götürülüb. Amma hələ ki, neftin qiyməti bu həddən aşağıda cərəyan edir. Hətta noyabrın 1-də müşahidə edilən 1,56%-lik bahalaşmaya baxmayaraq Brent markalı neft belə 50 dollarlıq psixoloji həddi keçə bilmədi və barrel üçün 49,50 dollar ətrafında dəyişdi. Texas neftinin qiyməti isə barrel üzrə 46,50 dollar oldu.
Halbuki, bir neçə ay öncə ABŞ-ın "JP Morgan" bankının analitikləri 2015-ci ilin dördüncü rübü üçün neftin orta qiymətinin barrel üzrə 67 dollar olacağını proqnozlaşdırmışdılar. Göründüyü kimi, real göstəricilər proqnozlardan 20 dollara qədər geri qalır.
ABŞ Energetika Nazirliyi tərəfindən bazarın stimullaşdırılması baxımından yayılan xəbərlərə baxmayaraq neftin qiyməti 50 dolları keçə bilmir. İnstitutun məlumatına görə, ötən həftə bu ölkənin işlək neft quyularının sayı 16 ədəd və ya 2,7% azalaraq 578-ə düşüb. 2014-cü ilin sonunda isə ABŞ-da işlək neft quyularının sayı 1610 olub.
Göründüyü kimi, neft quyularının bu qədər kəskin azalması vəziyyətə təsir göstərə bilməyib. BP-nin Rusiya və MDB üzrə baş iqtisadçısı Vladimir Drebentsev bunu son illərdə qazma qurğularının, xüsusilə də şist nefti hasil edən qazma qurğularının məhsuldarlığının artması ilə izah edib. "2007-ci ildən bu yana ABŞ-da qazma qurğularının orta məhsuldarlığı 7 dəfə artıb. Ona görə də aşağı məhsuldarlıqlı qazma qurğularının işini dayandırması vəziyyətə təsir göstərə bildir",- deyə Vladimir Drebentsev Bakıda ANS PRESS əməkdaşının da iştirak etdiyi görüşdə bildirib.
BP əməkdaşı həm də son zamanlar neft hasilatının artımının, neft istehlakının artımını üstələdiyini bildirir. Onun sözlərinə görə, 2014-cü ildə günlük neft hasilatı 2,3 milyon barrel artıbsa, neft istehlakı cəmi 0,8 milyon barrelə artıb. Anbarlarda yığılan artıq neft bazarda aşağı qiymətləri dəstəkləyir.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban neft istehlakının azalmasını Çində və digər inkişaf etməkdə olan sənaye ölkələrində iqtisadi artım templərinin aşağı düşməsi ilə izah edir: "Çindəki azalma çox bazarlara təsir göstərib. Son aylarda dünya üzrə polad və alümünium istehsalı 70%-ə qədər azalıb. Həmin sektorlar böyük miqdarda elektrik enerjisi sərf edirdilər. Əgər elektrik enerjisi azalıbsa, uyğun olaraq mazuta, yəni neftə tələbat da azalıb",- deyə İlham Şaban mətbuata verdiyi açıqlamada bildirib.
İlham Şaban enerjiyə qənaət edən texnologiyaların və cihazların artmasının da neftə olan tələbatı salcağını düşünür. "Amma bununla belə ilin sonuna kimi neftin qiyməti müəyyən qədər qalxa bilər. Optimist ssenaridə 1 barrelin qiyməti 58 dollara, pessimist ssenaridə isə 53 dollara qalxacaq, orta isə 56 dollar düşünülür".
Vladimir Drebentsev də ANS PRESS əməkdaşı ilə kluar söhbətində buna oxşar proqnoz vermişdi. O, neftin barrelinin qiymətinin 60 dollara qədər qalxa biləcəyini vurğulamışdı: "2017-ci ildə neftin barrelinin qiyməti barrel üzrə 80 dollara qədər qalxa bilər. Çünki 3-5 ildən sonra anbarlarda çox az neft qalacaq, təklif tələbdən geri qalacaq".
Buna görə İlham Şaban 2016-cı ilin büdcə öhdəliklərinin yerinə yetirilməsində heç bir çətinlik olmayacağını düşünür: "2015-ci ilin büdcəsində neftin barrelinin qiyməti 90 dollar götürülüb. Hazırda neftin barrelinin qiyməti 47-48 dollar ətrafında dəyişir. Gördüyünüz kimi, büdcə xərcləri ilə bağlı ciddi problem yoxdur. Gələn ilin büdcəsində isə neftin barrelinin qiyməti 50 dollardan götürülüb, proqnozlara baxanda heç bir problemin olmayacağını düşünmək olar".
Amma istənilən halda gələn ilin büdcəsində gəlirlərin 55 faizi neft sektorundan gələcək. Beynəlxalq təcrübə ilə götürdükdə bu, yüksək göstəricidir. Azərbaycandan 2,5 dəfə çox neft hasil edən Norveç büdcəsinin yalnız 20 faizi neft sektorunun hesabına formalaşır.
Dövlət Neft Fondunu yaratmaq təcrübəsini öyrənməklə cari büdcə öhdəliklərini riskdən sığorta etmiş Azərbaycan bu Skandinav ölkəsindən güclü qeyri-neft sektoru qurmağın da yollarını öyrənməlidir. Özü də Kür və Araz çaylarının arasındakı ovalıqdan ibarət olan Azərbaycanın aqrar sektorda böyük potensialı var. Özü də, Mərkəzi Aranda 400 min hektar keçmiş pambıq sahəsi əkilmədən şoranlaşmaqdadır. Hökumət həmin torpaqların yenidən dövriyyəyə qaytarılması barədə düşünməlidir.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52