http://www.unikal.org/uploads/posts/2015-11/1446711253_etibar-eliyevv.
"Bank Technique" ASC-nin Müşahidə Şurasının sədri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Etibar Əliyev Azərbaycanda fəaliyyət göstərən bankların hazırkı durumu ilə bağlı yazı hazırlayıb.
"Unikal.org" həmin məqaləni təqdim edir: Qlobal iqtisadi böhranın dərinləşdiyi son illərdə Azərbaycanda müşahidə olunan yüksəliş və tərəqqi, iqtisadiyyatın sürətli artım tempi respublikada həyata keçirilən uğurlu islahatların nəticəsi olmaqla yanaşı, həm də sahibkarlığa göstərilən yüksək diqqətin, qayğının nəticəsidir. Özəl sektorun inkişafı üçün dövlət səviyyəsində bir sıra təşkilati, hüquqi və iqtisadi tədbirlərin görülməsi, biznes fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması məqsədilə kompleks islahatların aparılması Azərbaycanda sağlam əsaslarla təməli qoyulan sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətindən irəli gəlir. Ölkənin bütün problemlərinə milli dövlətçilik kontekstindən yanaşan, cəmiyyətin ümumi inkişaf qanunauyğunluqlarını dəqiq şəkildə qiymətləndirməyi bacaran, eyni zamanda ictimai həyatın ən müxtəlif sahələrindəki çətinliklər və nöqsanlar haqqında aydın təsəvvürə malik olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin son 12 ildə qeyri-neft sektorunun, sahibkarlığın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər ardıcıllığı, səmərəliliyi və sistemliliyi ilə diqqəti cəlb edir. Hələ 2004-cü il 1 fevral tarixində Bakı Biznes Mərkəzində yerli sahibkarlarla görüşən dövlət başçısı onları narahat edən məsələləri diqqətlə dinləmiş, iş adamlarını dəstəklədiyini, onlara gələcəkdə də lazımi köməyi göstərəcəyini bəyan etmişdir. Dövlət rəhbəri sonrakı mərhələdə inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarını pisləmiş, bu münasibət konkret qərarlarla müşayiət olunmuşdur. Anti-inhisar fəaliyyətinin gücləndirilməsi, hüquqi şəxslərin qeydiyyatı sisteminin sadələşdirilməsi, inzibati-iqtisadi məhkəmələrinin yaradılması və s. kimi tədbirlər bunun əyani təcəssümüdür. Dövlətimizin rəhbəri iqtisadiyyatın liberallaşdırılması, bazarın inhisardan, haqsız rəqabətdən azad olunması, özəl sektorun dəstəklənməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi sahəsində ciddi addımlar atmış, verdiyi bütün vədlərə yüksək sadiqlik nümayiş etdirmişdir. Bu gün Azərbaycanda özəl sektorun ümumi daxili məhsuldakı payının 83 faizə yüksəlməsi də məhz bu diqqət və qayğının nəticəsi kimi diqqəti çəkir. Nazirlər Kabinetinin hesabatlarının hər rüb üzrə ictimaiyyətə açıqlanması bir tərəfdən hökumətin fəaliyyətində şəffaflığı, məsuliyyəti artırırsa, digər tərəfdən möhtərəm Prezident cənab İlham Əliyevin ölkəni daim irəliyə aparmağa, xalqın maraq və mənafelərini maksimum dərəcədə təmin etməyə qadir olan lider olduğunu təsdiqləyir. Nazirlər Kabinetinin dövlət başçısının sədrliyi ilə keçirilmiş, 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası Cənubi Qafqaz iqtisadiyyatının üçdə ikisinə sahiblik edən respublikamızın bütün sahələrdə dinamik inkişaf etdiyini bir daha təsdiqləyir. MDB-yə üzv dövlətlərin əksəriyyətində iqtisadi vəziyyətin pisləşməsi - ümumi daxili məhsulun azalması fonunda hesabat dövründə Azərbaycanda ümumi daxili məhsulun 3.7 faiz artması kifayət qədər yüksək göstəricidir. Aparılan şaxələndirmə siyasətinin nəticəsidir ki, hesabat dövründə qeyri-neft sektorunun real artım tempi 6.4 faiz olmuş, əvvəlki dövrlərdə olduğu kimi, 9 ayda da bu sektorun inkişafı hesabına ümumi iqtisadi artıma nail olunmuşdur. Ümumilikdə, qeyri-neft sektorunda yaradılan əlavə dəyər 2003-cü illə müqayisədə 8 dəfədən çox artmış, qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 68.8 faizə çatıb. Respublikamızda iqtisadi inkişaf, biznes mühitinin liberallaşdırılması və əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər müxtəlif beynəlxalq təşkilatlar və biznes qurumları tərəfindən də müsbət dəyərləndirilir. Belə hesabatlardan biri də Dünya Bankı tərəfindən hazırlanaraq bir neçə gün əvvəl açıqlanan, biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən "Doing Business 2016" hesabatıdır. Hesabata əsasən, ötən il ərzində həyata keçirilmiş uğurlu islahatlar nəticəsində Azərbaycan 189 ölkənin biznes mühitinin qiymətləndirildiyi hesabatda mövqeyini 17 pillə yaxşılaşdıraraq 80-ci pillədən 63-cü pilləyə yüksəlmişdir. Hesabatda 3 göstərici - "Biznesə başlama", "Tikinti üçün icazələrin alınması" və "Kiçik investorların maraqlarının qorunması" üzrə biznes mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar xüsusi qeyd edilmişdir. Bununla da Azərbaycan "Doing Business 2016" hesabatında dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olub. Bundan başqa, Ümumdünya İqtisadi Forumunun bir müddət əvvəl açıqladığı ənənəvi Qlobal Rəqabət Qabiliyyəti hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7 ildir ki, lider mövqeyini qorumuş, "G-20"yə üzv olan 8 ölkəni qabaqlamışdır. Həmçinin, "Makroiqtisadi vəziyyət" göstəricisi üzrə 10-cu yer tutmuş, biznesin təkmilləşdirilməsi, əmtəə bazarının səmərəliliyi, daxili bazarın həcmi, infrastruktur göstəriciləri üzrə əhəmiyyətli irəliləyişlərə nail olmuşdur. Bu ilin avqust ayında "Fitch" beynəlxalq reytinq agentliyi ölkəmizin reytinqini investisiya səviyyəsində bir daha təsdiq edərək proqnozu "sabit" saxlayıb. Bütün bunlar təsdiqləyir ki, hökumətin ilin əvvəllərindən etibarən maliyyə sabitliyinin təmini yönümündə həyata keçirdiyi tədbirlər praktik baxımdan özünü doğrultmuşdur. Xatırladaq ki, ölkə başçısı cari ilin əvvəlində qlobal böhranın dəf edilməsi üçün yalnız iqtisadi inkişaf baxımından prioritet layihələrin maliyyələşdirilməsi vacibliyini qeyd etmiş, fiskal orqanlar tərəfindən vergi və rüsumların dövlət büdcəsinə toplanmasının təmin olunması, dövlət qurumlarında şəffaflığın, maliyyə intizamının möhkəmləndirilməsi kimi məqamları xüsusi önə çəkmişdir. Bir tərəfdən uğurla gerçəkləşdirilən antiböhran tədbirləri, digər tərəfdənsə əvvəlki illərdən yaradılmış möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılmış, onun mənfi xarici təsirlərə müqavimət qabiliyyəti sınaqdan uğurla çıxıb. Qlobal maliyyə böhranının Azərbaycan iqtisadiyyatına digər dövlətlərlə müqayisədə ciddi təsir göstərmədiyini bank sektorunun normal və ahəngdar fəaliyyəti də bir daha təsdiqləyir. Mərkəzi Bank 2015-ci il üçün bəyan etdiyi pul siyasətinin əsas istiqamətlərinə uyğun olaraq hesabat dövründə makroiqtisadi tarazlığın və dayanıqlığın təmin olunmasına, habelə bank sistemində maliyyə sabitliyinin qorunmasına yönəldilmiş pul və məzənnə siyasəti yeritmişdir. İqtisadi subyektlərin banklara inamını qorumaq və daha da artırmaq mühüm vəzifələrdən biri olaraq qalmış, bank sisteminin likvidliyinin adekvat səviyyədə saxlanması siyasəti davam etdirilmişdir. Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının (yanvar-sentyabr) yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasının yekunları həm də onu göstərir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev müəyyən geosiyasi konyunktura ilə bağlı neftin qiymətlərinin 2 dəfəyədək aşağı düşdüyü hazırkı şəraitdə qeyri-neft sektorunun əsas lokomotivi olan sahibkarlığın inkişafı üçün daha liberal və şəffaf mühitin formalaşdırılmasını vacib sayır. Məqsəd keyfiyyətcə yeni mərhələdə sahibkarlar sinfinin inkişafına mane olan inzibati-hüquqi maneələrin aradan qaldırılması, biznes mühitinin daha da yaxşılaşdırılmasıdır. Dövlətimizin başçısının Nazirlər Kabinetinin iclasındakı dərin məzmunlu çıxışı deməyə əsas verir ki, perspektiv üçün başlıca hədəflər iş adamlarının fəaliyyətinə qanunsuz müdaxilə hallarının qarşısının alınması, onların mülkiyyət və digər konstitusion hüquqlarının qorunması, ölkədəki investisiya mühitinin sağlamlaşdırılması, əsassız yoxlamalara, inhisarçılıq meyillərinə qarşı mübarizənin gücləndirilməsi, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, habelə saşibkarlara göstərilən xidmətlərin elektronlaşdırılmasıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin son iclasında sahibkarlara qarşı əsassız tələblərin də yolverilməz olduğunu da vurğulamış, habelə iş adamlarının dövlət qarşısında yalnız vergi öhdəliklərinin mövcudluğunu qeyd etmişdir: "Sahibkarlara problemlər yaradır, onlardan əsassız yerə pul tələb edirlər. Sahibkar heç kimə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır... Heç kim heç kimə borclu deyil. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq. Onlar bu çirkin əməllərdən əl çəksinlər. Bu, ilk növbədə bizim siyasətimizə ziddir. Digər tərəfdən, bu, imkan vermir ki, iqtisadiyyatımız tam şəkildə inkişaf etsin, sahibkarlar ölkədə rahat işləsinlər". Xatırlatmaq lazımdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev 2005-2015-ci illərdə sahibkarlığın inkişafı, iş adamlarının fəaliyyəti üçün daha münbit şəraitin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirmişdir. Prezident cənab İlham Əliyevin 30 aprel 2007-ci il tarixdə imzaladığı «Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında» fərman bu istiqamətdə mühüm sənədlərdən biri olmuşdur. Fərman çoxpilləli biznesə başlamaq sahəsində mövcud olan problemlərin həlli, eyni zamanda, süründürməçilik hallarının aradan qaldırılması sahəsində mühüm dəyişikliklərə yol açmışdır. Fərman əsasında ötən illərdə sahibkarlıq subyektlərinin «bir pəncərə» prinsipi üzrə qeydiyyat sisteminin tətbiqi, habelə bu sahədə elektron xidmətlərin genişləndirilməsi sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının dinamikasına müsbət təsir etmişdir. Dövlət başçısının 2010-cu il aprelin 13-də imzaladığı «Sahibkarlıq sahəsində aparılan yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında» fərmanı əsasında 2011-ci il mayın 1-də «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə» təsdiq edilmiş, bu sənəddən irəli gələn vəzifələrin icrası Ədliyyə Nazirliyinə həvalə olunmuşdur. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrinin yaradılması bu sahədə dövlət nəzarəti mexanizmlərinin təkmilləşdirilməsinə, yoxlamaların tənzimlənməsi vasitəsilə sahibkarların hüquqlarının qorunmasına, sui-istifadə hallarının qarşısının alınmasına xidmət etmişdir. 2014-cü il martın 1-dən qüvvəyə minmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid qaydalarının müəyyən edilməsi və yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasına xidmət edib. Ölkə başçısının 2014-cü il 3 mart tarixli «Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» fərmanı da bu sahədə mütərəqqi islahatlara imkan yaratmışdır. Fərmanla müəyyənləşdirilmiş vəzifələr aidiyyəti dövlət qurumları ilə birlikdə, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla sahibkarlıq sahəsində 8 istiqamət üzrə geniş islahatların aparılmasına imkan yaratmışdır. Sənəddə, həmçinin tikintiyə icazələrin verilməsi sahəsində prosedur və müddətlərin azaldılması; elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin minimuma endirilməsi; daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərclərin azaldılması; kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi; idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması üçün müvafiq təkliflərin hazırlanması tapşırılıb. Hökumətin son iclasından dərhal sonra imzalanan sərəncamlar, qəbul edilən qərarlar, iş adamlarının hüquqlarının bərpası istiqamətində atılan addımlar ölkədə sahibkarlığın inkişafında keyfiyyətcə yeni mərhələnin başladığını əminliklə söyləməyə ciddi əsaslar verir. Möhtərəm Prezident İlham Əliyevin 19 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" fərmanı bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Fərmana əsasən, sahibkarlıq fəaliyyətinin bəzi növləri üçün lisenziyaların sayının əhəmiyyətli dərəcədə azaldılması və Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsi nəzərdə tutulur. Fәrmanla Nazirliyə, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin edən "Elektron lisenziya" portalının yaradılması istiqamətində işləri sürətləndirmək tapşırılıb. Ölkə başçısının təşəbbüsü ilə Milli Məclisdə qəbul olunmuş qanun da sahibkarlıq subyektlərində 2015-ci il noyabrın 1-dən iki il müddətində yoxlamaların dayandırılmasını nəzərdə tutur. Bu fərman xüsusən də kiçik və orta sahibkarların mənafelərinin qorunması, onların fəaliyyətinə əsassız müdaxilələrin aradan qaldırılması baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan Prezidentinin siyasi iradəsi və qətiyyəti ilə gerçəkləşdirilən kompleks islahatlar sahibkarlar tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılanır. Xüsusi vurğulamaq istərdim ki, respublikanın ən iri, sistem əhəmiyyəli banklarından biri olan "Bank Technique" ASC də fəaliyyətini keyfiyyətcə yeni mərhələnin tələblərinə uyğun quraraq son illərdə üzləşdiyi müəyyən çətinlikləri aradan qaldıracaq və bank sektorundakı layiqli yerini təmin edəcək. Xüsusi vurğulamaq istərdim ki, "Bank Technique" ölkədə sahibkarlığa, o cümlədən bank sektoruna göstərilən yüksək diqqətin müqabilində üzərinə düşən məsuliyyəti düzgün müəyyənləşdirərək ölkə iqtisadiyyatının inkişafı prosesinə layiqli töhfəsini verir. Başlıca məqsədimiz milli iqtisadiyyatın inkişafı üçün zəruri olan real sektorun kreditləşməsi siyasətini həyata keçirmək, habelə sosial layihələrdə yaxından iştirak etməkdir. İnanırıq ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində respublika iqtisadi həyatında sahibkarlığın rolu daha da güclənəcək, iş adamlarının fəaliyyətinə daha geniş imkanlar açılacaqdır.
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52