Elman Rüstəmova yeni ittihamlar
11:51 06-11-2015
İQTİSADİYYAT
Mərkəzi Bank çox mühüm məlumatları açıqlamağa niyə tələsmir?
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov son vaxtlar ən çox tənqid edilən iri məmurlardan biridir. Xüsusilə bu ilin əvvəllərində, daha da konkretləşdirsək, fevralın 21-də elan edilən devalvasiyadan sonra ölkənin baş bankiri ilə bağlı müxtəlif irad və ittihamlar intensivləşib.
Xatırladaq ki, həmin vaxt Azərbaycanın milli valyutası gözlənilmədən devalvasiya edərkən əslində bu çoxları üçün heç də "sensasion" qərar olmadı. Belə ki, müstəqil iqtisadçı-ekspertlər hələ yanvar ayından etibarən devalvasiya ehtimalı barədə danışırdılar. Amma hökumət cəbhəsindən gələn açıqlamalar nikbin tonda idi. Bu açıqlamalarda manata qarşı hər hansı təhlükənin mövcudluğu inkar edilir, bir növ, xalqın başının altına yastıq qoyulurdu.
Hökumətin devalvasiya təhlükəsi barədə proqnozlara inkaredici münasibətinin pik nöqtəsi isə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmovun açıqlamaları oldu. Xatırladaq ki, devalvasiya haqqında rəsmi qərarın elan edilməsindən (21 fevral, 2015) cəmi üç gün əvvəl dövlət televiziyasına (AzTV) çıxan Elman Rüstəmov Azərbaycanda kəskin devalvasiyanın gözlənilmədiyini birmənalı şəkildə bəyan etdi. Sitat: "Azərbaycanda kəskin devalvasiyanın aparılması üçün heç bir səbəb yoxdur. Təbii ki, kəskin devalvasiyanın aparılması ölkədəki iqtisadi agentlərin, sahibkarların, əmanətçilərin (banklara manatla əmanət yatıranlar) mənafelərinə zidd olardı. Başqa ölkələrdən fərqli olaraq, biz bu addımı atmadıq. Birmənalı olarq deyirəm ki, bu addım barədə heç düşünülmür".
Hər kəs ölkənin baş bankirinin ağzından çıxan bu açıqlama sonrası rahatlamışdı. Amma gəl gör ki, fevralın 21-də, gecəyarısı Mərkəzi Bank ölkə əhalisində, banklarda və iş adamlarında şok effekti yaradacaq bir qərar qəbul etdi - manat kəskin devalvasiyaya uğradıldı.
Bunun ardınca isə baş bankir ölkənin ən tanınmış iqtisadçı-ekspertlərinin tənqidlərinə tuş gəldi. Son 10 ayda Azərbaycanın bank sektorunda cərəyan edən mənfi tendensiyalar isə Rüstəmovun adının KİV-də bir qayda olaraq, tənqid müstəvisində gündəmə gəlməsini şərtləndirir.
Mərkəzi Bank rəhbərinə sonuncu kəskin ittiham isə tanınmış iqtisadçı ekspert Rövşən Ağayevdən gəlib. O, Facebook sosial şəbəkəsindəki şəxsi səhifəsində Mərkəzi Bankın bir sıra mühüm məlumatlarını açıqlamamasına münasibət bildirib və yazıb:
"İl artıq bitir, Mərkəzi Bank hələ də bir çox mühüm göstəricilər üzrə məlumatları açıqlamağa tələsmir. Diqqət edin:
1. Zərərlə işləyən bankların sayı barədə sonuncu dəfə yanvar ayında məlumat açıqlanıb;
2. Bank sektoru üzrə zərər və mənfəətin həcmi barədə sonuncu dəfə yanvar ayında məlumat açıqlanıb;
3. Bank sektoru üzrə gəlir və xərclərin həcmi, onların strukturu barədə sonuncu dəfə yanvar ayında məlumat açıqlanıb;
4. Bu ilin 2 və 3-cü rübləri üzrə maliyyə sabitliyi icmalı yayılmayıb;
5. Bu ilin 3-cü rübü üzrə maliyyə siyasəti icmalı yayılmayıb;
6. Tədiyyə balansı üzrə məlumat 6 aylıq açıqlanıb. Sonuncu dəfə isə əvvəlki rüblərdən fərqli olaraq tədiyyə balansı açıqlanan statistik cədvələ izahedici qoşma əlavə edilməyib.
Belə idarəetmə olmur, bunun adı idarəsizlikdi…»
Göründüyü kimi, ekspert konkret ad çəkməsə də, Mərkəzi Bank rəhbərinin idarəçiliyindən narazılığını ifadə edib. Onun arqumentlərindən isə belə bir narazılığın ortaya çıxması üçün kifayət qədər haqlı səbəblər olduğu anlaşılır.
Ümumiyyətlə, AMB rəhbərinin əvəzlənməsi üçün məqamın yetişdiyini düşünənlərin sırası getdikcə artır. Mütəxəssislərin çoxu belə düşünür ki, hökumətdəki islahatlar ölkənin baş bankından da yan keçməməlidir. Hesab olunur ki, Mərkəzi Bankın fəaliyyətinin müasir dövrün standartlarına uyğunlaşdırılması, onun çevik, şəffaf və obyektiv fəliyyət imkanlarının artırılması istiqamətində reform xarakterli addımların atılması artıq qaçılmaz reallığa çevrilib.
Əks halda Azərbaycanın bank sektorunda açıq görünən böhran izləri daha da böyüyə, dərinləşə bilər.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52