Etibar Əliyev: "Heç zaman xəyanətin dərəcəsinin bu qədər olacağını hesablamamışdım"
15:34 06-11-2015
CƏMİYYƏT
"Bank Technique" ASC-nin Müşahidə Şurasının sədri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Etibar Əliyevin "Qafqazinfo"ya müsahibəsi
- Müşahidə Şurasının sədri seçilməyinizdən on gün müddət keçir. Hazırda bankda vəziyyət necədir, problemlər nədən ibarətdir?
- Bildiyiniz kimi, oktyabrın 27-də yenidən bankın Müşahidə Şurasının sədri seçilmişəm. Bu tarixə qədər bütün ictimaiyyətə bankın iflic vəziyyətə düşməsi bəlli idi. Belə ki, bankın likvidlikliyi pozulmuş, ödəmə qabiliyyəti olmamış, əməliyyatları dondurulmuş, o cümlədən bankın müxbir hesabına bu və ya digər təşkilatlardan, o cümlədən Mərkəzi Bankdan məhduduyyətlər qoyulmuşdu. Ona görə də bankın əməliyyatları tam dayandırılmışdı. Bank müştəriləri qarşısında öhdəliklərini yerinə yetirə bilməmiş və özünü defolt həddinə çatdırmışdır. Bankın rəhbərliyi yalnız onun əmlakını, avadanlıqlarını satmaqla məşğul olub. Bankın bir neçə əmlakı satılıb. Məsələn, bankın Sumqayıt filialının mülkiyyəti başqa şirkətə satılıb. Eyni zamanda bankomatlar, pos-terminallar satılaraq bütün ödəmə sistemləri dayandırılmışdır. Əmanətçilər qarşısında qoyulan öhdəliklər yerinə yetirilə bilməyib və əmanətçiləri daim narazı vəziyyətə salıblar. Cari hesablar üzrə əməliyyatlar dondurulmuşdur. Hətta müştərilər öz hesablarından dövlət borclarını da ödəyə bilməmişlər.
- Sadaladığınız kimi, hazırda bankda bir sıra problemlər mövcuddur. Bəs çıxış yollarını nədə görürsünüz?
- Banka sədr təyin edildiyim gündən etibarən mövcud problemlərdən çıxış yollarını müəyyənləşdirdik və müvafiq tədbirlər gördük. İlk növbədə, oktyabrın 28-də bankın fəaliyyəti bərpa edilib. Bank müştəriləri və əmanətçiləri qarşısında ödəmələrini həyata keçirib. Artıq əmanətçilərin heç bir narazılığı yoxdur. Hər kəs öz əmanətlərini vaxtında ala bilir. Başqa banka gedən müştərilər də yenidən banka qayıtmaq arzusunda olduqlarını bildirirlər. Mən sizin sayt vasitəsilə müştərilərimizə, o cümlədən də haqqı pozulmuş, işdən qovulmuş işçilərə müraciət edirəm ki, yenidən öz doğma yerlərinə qayıtsınlar. Biz onları dərhal işə götürəcəyik. Bundan əlavə, dövlət qurumları ilə münasibətlərimiz yenidən qurularaq, bütün əməliyyatlar bərpa edilmişdir.
"Bu adamların işləmək yox, yalnız dağıtmaq, bankın mülkiyyətini satmaq fikirləri olub"
- İnkişaf strategiyası necə olacaq?
- Bankın inkişaf strategiyası üçün bir neçə məqsədlər var. Hazırda Mərkəzi Bankla bankın sağlamlaşdırılması istiqamətində razılıq əldə edilib. Beynəlxalq Audit şirkəti ilə dərhal görüş keçirərək audit rəyini almaq üçün müvafiq tədbirlər görülmüşdür. Bilirsiniz ki, bank üç ildir ki, audit rəyini ala bilməyib. Çünki bankın vəziyyəti göz qabağında olub. Bu adamların işləmək yox, yalnız dağıtmaq, bankın mülkiyyətini satmaq fikirləri olub. Bankın qapılarını bağlayıb öz məqsədlərinə uyğun fəaliyyət göstəriblər. Bankın qapısı niyə bağlanmalıdır? Biz iş adamlarına, sahibkarlara xidmət etməliyik. İnsanlar istədiyi vaxt həm mənə, həm də işçilərə müraciət edə bilərlər. Telefonum gecə-gündüz açıqdır.
- Bankın əvvəlki halına qayıtması üçün nə qədər vaxt lazımdır?
- Təyin olunduğum gündən etibarən prosesə start vermişik. Bütün müvafiq işlər davamlı olaraq görülür. Hesab edirəm ki, biz öz işimizi görmüşük, hazırda bank fəaliyyət göstərir. Bundan sonra böyümək, infrastruktur layihələrini həyata keçirmək üçün müvafiq işlərimizi görəcəyik. Biz 2012-cü ilin martına kimi qeyri-nəğd ödəniş sistemlərini həyata keçirmək üçün Dövlət Yol Polisinin məntəqələrində, notariat xidmətlərində köşklər quraşdırmışdıq. Bütün əməliyyatlar qeyri nağd yolu ilə həyata keçirilmişdir. Bu üç il ərzində bunların hamısını dağıdıblar. Görün nə günə qalıblar ki, köşkləri də Kapital Banka satıblar. Biz Kapital Bankın rəhbərliyinə köşklərin qaytarılması üçün müraciət etdik. Onlar bizim müraciətimizə müsbət cavab verdi, köşklər yenidən quraşdırılıb. Banklar da başa düşürlər ki, əlbir olub iqtisadiyyatımızın inkişafına kömək etməliyik.
- Aydın məsələdir ki, bankda olan mövcud problemlərin həlli üçün vəsait lazımdır. İlkin olaraq problemlərin həlli üçün nə qədər maliyyə tələb olunur?
- Mən vəsaitin miqdarını açıqlamaq fikrində deyiləm. Bankın əmanətçilər, cari hesablar üzərində öhdəlikləri mövcuddur. Bizim işimiz odur ki, onlar əmanətlərini geri götürməsin. Belə olan halda da əmanətçilər özlərinin planlaşdırdığı maliyyə problemlərini həll edə biləcəklər. İndi hər şey işlək vəziyyətə düşüb, kim istəsə, istədiyi vaxt faizini və əmanətini ala bilər.
- Yerli və ya beynəlxalq maliyyə dəstəyi olacaqmı?
- Hazırda bizim banka bütün dövlət orqanları, Mərkəzi Bank, Maliyyə Nazirliyi dəstək olur və düşünürəm ki, bu proses davam edəcək.
"Hətta adamlar yanıma gəlib sevinclərindən ağlayırlar"
- Atatürk prospektindəki baş ofisə nə vaxt köçməyi planlaşdırırsınız?
- Bilirsiniz ki, 2012- ci ilin mart ayına kimi bankın baş ofisi Atatürk prospektində yerləşib. Daha sonra isə hazırkı ünvana köçürülüb. Bankı rəhbərliyinin oradan köçməkdə məqsədi həmin mülkiyyəti satmaq olub. Şükürlər olsun ki, buna nail ola bilməyiblər. Böyük ofis təmir olunacaq və yenidən insanlara xidmət göstərəcək.
- Bankı əvvəlki adına qaytarmaq barədə planınız varmı?
- Bizim məqsədimiz odur ki, bankın bütün infrastrukturları, o cümlədən əvvəki adı bərpa olunsun. Bank "Texnika bank" olacaq. Bunun üçün zaman lazımdır.
- Məlumdur ki, Beynəlxalq Bank ətrafında baş verən qalmaqallı hadisələrdən sonra, insanların bank sektoruna inamı bir qədər də zəiflədi. Bu aspektdən yanaşsaq, hazırda Azərbaycanın bank sektorundakı vəziyyətini necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, ölkənin bank sektorunda yeni inkişaf mərhələsi başlayacaq. Mərkəzi Bank bütün banklara dəstək olur. O cümlədən dövlət başçısı cənab İlham Əliyev də bu sektorun inkişafını diqqətdə saxlayır. Bilirsiniz ki, hazırda sahibkarlar üçün də böyük imkanlar yaradılıb. Məlum fərmanla bağlı iş adamları Avropadan, Rusiyadan, Türkiyədən mənə zəng edirlər. Onlarda böyük ruh yüksəkliyi yaranıb. Buradan küsüb getmiş, haqqı pozulmuş insanlar ölkə prezidentinin apardığı bu siyasətə sevinirlər. Yoxlamaların dayandırılması sahibkarlğın inkişafına güclü təsir göstərəcək. İş adamları həmçinin mənim bura qayıtmağıma da çox sevinirlər. Aparılmış analizlər də bunu göstərir. Hesab edirəm ki, bu addımın iqtisadiyyatımızın və bank sektorunun inkişafında çox mühüm rolu olacaq. Hətta adamlar yanıma gəlib sevinclərindən ağlayırlar.
"12 faizdən yuxarı kredit vermək fikrində deyilik"
- Ölkə əhalisinin demək olar ki, əksər hissəsi banklara borcu olduğu halda, ödəmə qabiliyyətləri zəifdir. Mərkəzi Bankın statistikalarından da aydın görünür ki, problemli kreditlərin həcmi hər rüb daha da artır...
- Hazırda dünyada maliyyə böhranı hökm sürür. Biz də dünya iqtisadiyyatına inteqrasiya etdiyimiz üçün zaman- zaman bu böhranların bizə də dəlalət edəcəyi başa düşüləndir. Böhran olduğu təqdirdə, insanların əvvəlki kimi gəlirləri olmur. Bilirsiniz ki, neftdən əldə olunan gəlirlərimiz də azalıb. Zaman- zaman maliyyə krizisi qaldırıldıqca, kredit götürənlər də öz öhdəliklərini müəyyən qədər yerinə yetirə bilməyəcək. Eyni zamanda böhran olduqda insanların həm kreditə ehtiyacı artır, həm də onu ödəmək qabiliyyəti azalır. Bunu düzgün dəyərləndirmək lazımdır. Mərkəzi Bankın siyasəti insanlara zaman tanımaq, kreditlərin faiz dərəcəsini aşağı salmaqdan ibarətdir. Yerli banklar da bu siyasəti dəstəkləyib icra etməyə məcburdur.
- İqtisadçılar ikinci devalvasiya prosesinin baş verəcəyini proqnozlaşdırırlar. Sizcə, indiki halda bu nə qədər realdır? Baş verdiyi təqdirdə, bankları hansı çətinliklər gözləyə bilər?
- İkinci devalvasiyanın olacağını hesab etmirəm. Ölkənin makroiqtisadi göstəriciləri Mərkəzi Bankın tam nəzarətindədir. Ölkə başçısı maliyyə sektorunu daim diqqət mərkəzində saxlayır. Ona görə də yaxın gələcəkdə devalvasiya prosesinin baş verəcəyi real deyil.
- Uzun müddət Azərbaycanda kredit faizlərinin həddindən artıq yüksək olması həm kredit götürənlərin, həm də ölkənin ictimai-siyasi şəxslərinin narazılığına səbəb olub. Bu baxımdan sizin aşağı faizli kreditlər təklif etmək məqsədiniz varmı?
- Hazırda Mərkəzi Bankın siyasəti ondan ibarətdir ki, faiz dərəcələri aşağı endirilsin və kreditin müddəti uzadılsın. Biz bankın strategiyasını müəyyənləşdirmişik. 12 faizdən yuxarı kredit vermək fikrində deyilik. Hesab edirəm ki, strategiyamız digər bankların siyasətinə də təsirsiz ötüşməyəcək. Bilirsiniz ki, bu siyasəti mən 2012- ci ilin martına kimi də aparmışam. Ölkədə kredit faizlərinin aşağı salınmasında "Texnika Bank"ın böyük rolu olub və bundan sonra da proses davam edəcək.
- Bu yaxınlarda ölkə başçısının fərmanı ilə İpoteka Fondu yaradıldı. İpotekadan yararlanmaq istəyən şəxslər daim narazılıq edirlər ki, bankların irəli sürdüyü şərtlər çoxdur. "Bank Technique" də İpoteka Fondunda təmsil olunur. Bank fondda əvvəlki yerini bərpa edə biləcəkmi?
- Qeyd etdiyiniz kimi, "Bank Technique" İpoteka Fondunun üzvüdür. 2012- ci ilin mart ayına kimi bankın İpoteka Fondunda portfeli 40 milyon manatdan çox olub. Bankın son vaxtlar düşdüyü vəziyyətlə ipoteka kreditləri üzrə götürdüyü kreditləri idarə edilə bilmədiyindən, onun mövcud portfeli digər üç bank arasında bölüşdürülüb. Təbii ki, bu məsələyə yenidən baxacağıq, fondla əvvəlki münasibətlərimizi bərpa etməklə yeni layihələrə qoşulacağıq.
"Bu insanlar öz ailəsində xanımları qarşısında diz çökür, burda isə qadınları ayaq üstündə saxladır"
- Sizin rəhbərliyiniz altında yaradılan infrastrukturların əksəriyyəti qeyd etdiyiniz kimi dağıdılıb. Bu sizə necə təsir edir?
- Bu bank Cahangir Hacıyevin nəzarəti altında olub. Bankı onun ətrafında olan səriştəsiz, idarəetmədən xəbəri olmayan insanlar idarə edib. Bir faktı açıqlayım. Bankın Kreditlərə Nəzarət Departamentinin direktoru olmuş Cəmin Hacıyev göstəriş veribmiş ki, o koridordan keçəndə insanlar ayağa dursun. Kim durmayıbsa, onlara cəza verilib. Mən onu yanıma çağırıb etdiyi nöqsanların səbəbini soruşdum. Səbəbi izah edə bilmir və qanuni iş gördüyünü iddia edir. Deyir ki, mən departament müdiriyəm, bunları sizə kim deyib? Deməli, siz bankı nəzarətdə saxlamısınız. Sən kimsən ki, gələndə insanlar ayaq üstündə dursun? Sən ölkənin hansı strukturusan? Sənin işin müştərilərə, iş adamlarına xidmət göstərməkdir. Mən bundan dəhşətə gəlirəm.
Bankı bu cür insanlar idarə edib. Belə idarəetmənin nəticəsi də əlbəttə ki, defolt olar. Bu insanlar öz ailəsində xanımları qarşısında diz çökür, burda isə insanları ayaq üstündə saxladır. Qeyd edim ki, Cəmin Hacıyev Cahangir Hacıyevin əmisi oğludur.
Bundan əlavə, biz bankın Türkiyədə şöbəsini yaratmışdıq. Bu çox böyük uğur idi. Bank sektorunu xaricdə tanıtdıq. Məni həbs edəndən bir ay sonra bankın Türkiyə şöbəsini bağladılar. Bu iş böyük əmək sayəsində ərsəyə gəlmişdi. Keçmiş rəhbərlik buna görə məsuliyyət daşımalıdır.
Cahangir Hacıyevin göstərişi ilə bankın prosessinq mərkəzi bağlandı. Bu mərkəz böyük vəsait hesabına başa gəlmişdi. Yeni model qurulmuşdu, son avadanlıqlarla təchiz olunmuşdu. Bunlar Cahangir Hacıyevin xoşuna gəlməyib. Bu faciədir. Bankın eyni zamanda beş törəmə müəssisəsi var idi. Bunlardan hazırda "Texnika Kapital Menecment", bir də "Alfa sığorta" qalıb. "Alfa sığorta" da defolt vəziyyətinə salınıb, vəsaitləri mənimsənilib. Təbii ki, biz əvvəlki infrastrukturları yenidən bərpa etməyə çalışacağıq.
Cahangir Hacıyev kart sisteminin idarə edilməsi sisteminin yalnız öz bankında olmasını istəyirdi, sağlam rəqabətə imkan vermirdi, monopoliya yaratmışdı. "Texnika bank " da prosessinq mərkəzinin yaradılması Cahangir Hacıyevin xoşuna gəlmədiyi üçün dərhal bağlayıb. Bu insanlar ölkə iqtisadiyyatına çox zərər vurublar. "Texnika bank" ildə 20 milyondan çox vergi ödəyib. Bu bir müəssisə üçün böyük rəqəm idi. 1200 işçisi var idi, hər biri yüksək maaş alırdı, bank mütəxəssisləri yetişdirilirdi. Bütün bunlara zərər vurmaq dövlətə xəyanət deyilmi?
"Həbsdə olduğum dövrü qələmə almışam"
- Ümumiyyətlə, bank sektoru elə bir sahədir ki, burada müştərini qazanmaq çətindir. Qazandıqdan sonra isə, bir səhvə görə dərhal itirmək ehtimalı ilə üz-üzə qalırsan. Bu baxımdan təkrar müştərilərinizi qazanmaq sizin üçün çətin deyilmi?
- Hər kəs bankdan razı qala bilməz. Amma bizim siyasətimiz odur ki, hər kəsi razı salaq. Məsələn, heç yerdə işləməyən, gəliri olmayan biri bankdan 200 min kredit istəyir. Biz bu krediti verməklə ona problem yaratmış olarıq. Bunu kredit mütəxəssisləri müştəriyə izah etməlidir. Yaxşı təbliğat aparılmayanda insanlar narazı qalırlar. Bundan əlavə, iş adamları bank rəhbərliyi ilə görüşmək istəyir, amma onlara şərait yaradılmır. Hesab edirəm ki, bu çox yanlışdır və bütün müştərilərin istək və arzuları diqqətlə dinlənilməlidir.
- Bir qədər də həbs olunmağınızdan danışaq. Nə vaxtsa həbs olunacağınızı düşünmüşdünüz?
- Düşünməmişdim. Heç zaman xəyanətin dərəcəsinin bu qədər olacağını hesablamamışdım. Bunu görməməyim mənim səhvim imiş. Ancaq ümidvar idim ki, həbsdən çıxacam. Gördüyüm işlərin, özümün, işçilərimin düzgünlüyünə inanırdım. İnanırdım ki, bir zaman haqq yerini tapacaq. Bilirdim ki, ölkə başçısı bu məsələ barədə tam məlumatlandırılacaq.
Məqsədim yalnız bankı genişləndirmək, onu inkişaf etdirmək və ölkədə sistem əhəmiyyətli bank yaratmaq olub. Biz buna nail olmuşduq. Bütün regionlarda filial şəbəkələrimiz, şöbələrimiz var idi. Bu gün bir neçə rayonda bankın filial və şöbələrin fəaliyyəti dayandırılıb. Biz yenidən bütün filial və şöbələrin fəaliyyətini bərpa etməliyik. Buna da bir az zaman lazımdır.
- Həbsdə vaxtınızı neçə keçirirdiniz? Adətən tanınmış insanlar həbsdə olanda gündəlik yazır, ya da kitablar oxuyur. Siz nə etmisiniz?
- Həbsdə olduğum dövrü qələmə almışam. O dövr üçün kitab hazırlayıram. Ancaq hazırda zamanım yoxdur ki, onu tam başa çatdıram. Yaxın gələcəkdə bu məsələ öz həllini tapacaqdır. Bu gün məni yalnız bankın fəaliyyəti və onun genişləndirilməsi düşündürür.
Digər Xəbərlər
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51
2024-12-29 00:04:31
2024-12-28 23:42:42
2024-12-28 23:41:59
2024-12-28 22:51:21
2024-12-28 22:07:02
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07