Bankın Müşahidə Şurasının sədri Rəhman Hacıyevin “varis planı”



Dəyişən iqtisadi şərtlər və bank sektorunda müşahidə olunan gözlənilməz dəyişikliklər Azərbaycandakı bəzi bankların fəaliyyətində nəzərəçarpan problemlər yaradıb. Hazırda fəaliyyətində ciddi problemlər yaranan belə bank təşkilatlarından biri də “Dəmirbank”dır. Məlum iqtisadi çətinliklər səbəbindən hazırda adıçəkilən bank müştərilərinə normal xidmət göstərə bilmir və bu da öz növbəsində müəyyən narazılıqlar yaradır.

Hazırda Dəmirbank dövlətin verdiyi hazır pulu müştəriyə verib faiz qazanmaqdan başqa heç nəylə məşğul deyil. Eyni zamanda Dəmirbank rəhbərliyinin təqdim etdiyi hesabat və statistikalarda Milli Bankı aldatması haqda da məlumatlar var. Bununla bağlı Unikal.org saytna verilən məlumatda iddia olunur ki, bank rəhbərliyi xarici investorlar, eləcə də bankdakı pul kütləsi haqda qəsdən yanlış məlumatlar verir ki, bu da maliyyə maxinasiyalarının həyata keçirilməsini asanlaşdırmaq məqsədi güdür.



Roman Əmircanov
İdarə Heyətinin Sədri


“Dəmirbank” daxilində hazırda ciddi ixtilafların yaşandığını iddia edən mənbəmiz İdarə Heyətinin sədri Roman Əmircanova qarşı gizli koalisiyanın qurulduğu iddiasındadır: “Roman Əmircanov bank sektorunda və ümumiyyətlə iqtisadi fəaliyyətlə məşğul olan dairələrdə kifayət qədər tanınmış şəxsdir. O həm də professional bank mütəxəssisidir. Buna baxmayaraq hazırda onun devrilməsi planı işlənib hazırlanır ki, bu işin başında da bankın digər məsul şəxsləri dayanıb”.

Roman Əmircanova qarşı yaradılan ittifaqın məqsədlərinə toxunan mənbəmiz burada əsas faktorun əyri yollarla daha çox qazanmaq məqsədinin dayandığını söyləyir: “Düzdür, hazırda Dəmirbank-ın işləri o qədər də yaxşı getmir. Amma bunun səbəbkarı kimi məhz İdarə Heyətinin sədri Roman Əmircanovun göstərilməsi haqsızlıq olardı. Bilindiyi kimi, bank sektorundakı problemlər ümumi səciyyə daşıyır. Digər tərəfdən isə “Dəmirbank”da sədrə qarşı çıxan güclər bankın geriləməsində maraqlıdır. Onlar bunu Roman Əmircanova qarşı qurduqları planın daha rahatlıqla yerinə yetirilməsində vasitə kimi görürlər”.



Rauf Axundov
İdarə Heyəti Sədrinin müavini, İH Üzvü


Sədrə qarşı dayananların konkret adlarını açıqlayan qaynağımız onların əsl məqsədləri haqda da müfəssəl məlumatlar verib: “İdarə heyətinin sədrinə qarşı yaradılmış ittifaqda əsas fiqurlardan biri Müşahidə Şurasının sədri Rəhman Hacıyevdir. Bu şəxs “Dəmirbank”ın yaradıcılarından biri və İdarə Heyətinin ilk sədridir. Amma sonradan Roman Əmircanov bu posta gətirilib və Rəhman Hacıyev Müşahidə Şurasının sədri seçilib. İndi isə Rəhman Hacıyev Roman Əmircanovu bu postdan uzaqlaşdırmaqla “Dəmirbank”ın sükanı arxasına öz oğlunu gətirmək eşqinə düşüb”.

Müşahidə Şurasının sədri Rəhman Hacıyev artıq bankdakı bəzi məsul vəzifə sahiblərini də öz tərəfinə çəkə bildiyi vurğulanır. Bu sırada isə Maliyyə Nəzarəti Departamentinin direktoru Zülfiyyə Cəfərova, İdarə Heyəti sədrinin müavinləri Azər Hümbətov və Rauf Axundovun adları hallandırılır. Adları çəkilən bu şəxslərin eyni zamanda bankdakı iri miqyaslı maliyyə maxinasiyalarına nəzarət etməsi haqda da informasiyalar var.


Azər Hümbətov
İdarə Heyəti Sədrinin müavini, İH Üzvü


Hazırda əməkdaşlarımız bu informasiyaların nə dərəcədə səhih olmasını araşdırır, növbəti yazılarımızın birində isə məhz “Dəmirbank”da həyata keçirilən iri miqyaslı maliyyə maxinasiyalarına işıq salmağa çalışacağıq.

Elvin Rüstəmov