Hacıbala Abutalıbov yüzlərlə insanın həyatını təhlükəyə atıb
08:17 12-11-2015
CƏMİYYƏT
Bakı şəhər İcra Hakimiyyəti məsələyə aydınlıq gətirməkdən yayınır
Bakının Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı yaşayış binasının yenidən üzlənməsi üçün söküntü işlərinə başlanılıb. Lakin sakinlər aparılan söküntü işlərindən narazıdır.
Bina sakinlərinin verdiyi məlumata görə, Tbilisi prospekti 31/66 ünvanında aparılan söküntü işlərindən narazı olmalarına səbəb söküntü işləri aparılarkən tikinti normalarının pozulmasıdır.
Bina sakini Pərvanə İbrahimova deyib ki, bu binada Qubadlı, Füzuli və Ağdamdan olan məcburi köçkünlər yaşayır və 15 ildən artıqdır ki, bu binada məskunlaşıblar: "Mənim evim birinci mərtəbədə yerləşir. Əvvəllər otaqlarımıza heç bir damcı da olsun yağış düşmürdü. İndi bu "Azərinşaat sənaye" şirkəti ərazidə söküntüyə başlayandan otaqlarımıza su dolmağa başlayıb. Çünki işlər aparılarkən bəzi borular partlayıb və yuxarıdan tökülən su otağa dolur. Mənim üç xəstə övladım var. Otaq rütubətli olduğu üçün onların xəstəliyi də artıb. Burada fəhlələr də söküntü işi aparır və sökülən daş qırıqlarını yuxarılardan yerə tullayırlar ki, buda növbəti təhlükə mənbəyidir".
Yuxarıdan atılan daşların təhlükə mənbəyi olduğunu ərazidə müşahidə apardığımız zaman da şahidi olduq. Birinci mərtəbədə məskunlaşan sakinlərə hansısa bir xəsarət gəlməsin deyə 2-3 metr enində əlavə örtük quraşdırılıb. Lakin fəhlələr bu örtük hissəsinin üzərində işlədikləri və söküntü materiallarını insanları görmədən aşağı tulladıqları üçün ərazidə təhlükə var.
Pərvanə İbrahimovanı narazı salan digər bir məqam isə, özünün sözlərinə görə, "Azərinşaat sənaye" şirkətinin ərazidəki tikintiyə nəzarət edən Azər adlı rəhbərinin onu təhqir etməsidir: "Əraziyə bütün tikintiyə cavabdeh olan şəxs gəldi. Şikayətimi çatdırmaq üçün ona yaxınlaşdım və o, məni təhqir etdi. Bildirdi ki, get kimə istəyirsən, ona şikayət elə. Bütün bunlarla bağlı hüquq-mühafizə orqanlarına da şikayət etmişəm. Yasamal rayon Polis İdarəsinin əməkdaşları ərazidə oldu və mənim izahatımı aldılar".
Söküntü işləri ilə məşğul olan fəhlələrdən bütün bu şikayətlərlə bağlı mövqe öyrənməyə çalışsaq da bildirdilər ki, onların heç nədən xəbərləri yoxdur. Sadəcə səhər əraziyə baş çəkən şəxsin adının Azər olduğunu bildiklərini dedilər. Onların əməkdaşı olduqları şirkətin isə tikintini hansı qurumun sifarişi əsasında həyata keçirdiklərini bilmədilər.
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, tikinti işi Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığı əsasında podratçı şirkət tərəfindən həyata keçirilir: "Söküntü başlamazdan əvvəl bizim əməkdaşlarımız ərazidə olub və söküntü işləri ilə əlaqədar lazımi məsləhətləşmələr aparılıb. Ancaq təmir-tikinti işlərinin bizim qurumumuzla əlaqəsi yoxdur".
Həmin ərazidə məskunlaşan vətəndaşların yeni yaşayış ərazilərinə köçürülməsinə gəlincə, komitədən bildirdilər ki, bu işlər dövlət proqramı əsasında həyata keçirilir: "Hazırda komitənin balansında həmin vətəndaşları yerləşdirmək üçün kifayət qədər mənzil yoxdur və komitənin də hələlik bununla bağlı təkliflər planı yoxdur".
Mövzu ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin yaranmış təhlükəli vəziyyətlə bağlı mövqeyini öyrənmək isə mümkün olmayıb. Hacıbala Abutalıbovun rəhbərlik etdiyi qurumdan telefon zənglərinə cavab verilməyib.
Ümumiyyətlə tikinti normasının pozulması ilə yanaşı ərazidə fəhlələrdən başqa heç bir vəzifəli şəxsin olmaması da kimlərinsə insan həyatına laqeyd olduğunu ortaya çıxarır. Çünki binanın hansısa sakininin başına bir bədbəxt hadisə gələndə bunun hesabını soruşa biləcəyi bir vəzifəli şəxs yoxdur.
Xoş olardı ki, tikintiyə nəzarət edən şəxslərdən hansısa ərazidə olsun və işlətdiyi əməkdaşlarının və sakinlərin qayğısına qalsın.
Fəhlələr isə nəzarətçinin rayonda olduğunu bildiriblər.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-27 14:44:02
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 12:39:18
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14