Azərbaycan məmurlarının avtomobillərinin şoka salan qiymətləri!
13:05 13-11-2015
CƏMİYYƏT
Bizim çinovniklər dünyanın ən bahalı avtomobillərində gəzirlər.
Gələn ilin yanvar ayından başlayaraq dünyanın ikinci supergücü olan Rusiyanın nazirləri 40 min dollardan (2,5 milyon rubldan) bahalı avtomobillər ala bilməyəcəklər.
Bu, Azərbaycan məmurlarının istifadə etdiyi ən ucuz avtombildən iki dəfədən çox ucuzdur. Bu fikri İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi (İTYM) tərəfindən bir müddət öncə aparılmış araşdırmaya əsasən söyləmək mümkündür. İTYM həmin araşdırması ilə müəyyən etmişdi ki, Azərbaycanda vəzifəli şəxslərin avtomobillərinin dəyəri 80 - 200 min avro arasında dəyişir. Qurum araşdırmasını açıqladıqdan sonra rəsmi dairələrdən heç bir təkzib açıqlaması gəlmədi və rəqəmlər bir növ təsdiqləndi.
Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisadçı ekspert Oqtay Haqverdiyev keçən 1-2 il ərzində vəziyyətin dəyişmədiyini, yüksək çinli məmurların yenə də bahalı avtomobillərdə gəzdiyini bildirir. "Rəsmi olmasa da, nazirlik və qurumlarda avtomobillərin qiymətinin yuxarı həddinə müəyyən şifahi hədd qoyulub, çünki büdcədən ayrılan bu pullar məhduddur. Amma bəzi nazirlər bu həddə riayət etmirlər və hətta 500 min dollarlıq avtomobillərdə gəzirlər. Ola bilsin ki, avtomobili qeyri-rəsmi pullarla alıb, limit çərçivəsində rəsmiləşdirirlər",- deyə Oqtay Haqverdiyev bildirib.
İqtisadçı ekspertin sözlərinə görə, qurumlar avtomobil sayına qoyulmuş məhdudiyyəti də pozurlar: "Mən işləyən zaman bir dəfə araşdırma aparmışdıq. Komitələrdən biri 4 avtomobil əvəzinə 10 avtomobil almışdı. Baş idarə nəzərdə tutulandan artıq 6 avtomobili tabeçiliyində olan bölmələrin adına rəsmiləşdirmişdi".
Oqtay Haqverdiyev Rusiya təcrübəsindən yararlanaraq dövlət məmurlarının istifadə etdiyi avtomobillərin yuxarı qiymətinə və sayına rəsmi səviyyədə məhdudiyyət qoyulmasını vacib sayır: "Rusiyanın dövlət institutları bu sahədə araşdırma apardıqdan sonra rəsmi qərar veriblər. Azərbaycan da bu təcrübədən yararlanmalıdır. Prezident İlham Əliyev də dəfələrlə dövlət xərclərinə qənaət etməyin vacibliyini vurğulayır".
Rusiyanın baş naziri Dmitri Medvedevin imzaladığı hökumət sərəncamına görə, gələn ildən federal agentliklərin rəhbərləri isə daha ucuz avtmobillərdə gəzməlidirlər. Onların avtmobillərinin qiyməti 31 min dolları (2 milyon rubl) keçə bilməz. Federal dövlət qurumlarının bölmə rəhbərlərinin avtomobilləri isə 24 min dollardan (1,5 milyon rubl) baha ola bilməz.
Rusiyada bəzi yüksək çinli məmurlar Medvedevin müvafiq sərəncamından da əvvəl qənaət məqsədi ilə ucuz avtmobillərə üstünlük veriblər. Məsələn, Çeçenistan lideri Ramzan Kadırov artıq neçə illərdir ki, 20 min dollarlıq avtomobildə gəzir. Kadırovun mühafizəsində işləyənlər avtmobil barədə zarafat etməyi çox sevirlər: "Yaxşı maşındır, qırılmır, yaxşı gedir. Amma onun da qüsuru var - həddindən çox ucuzdur".
Azərbaycan məmurları barədə isə bunu demək mümkün deyil. İstər 2015-ci ilin, istərsə də 2016-cı ilin büdcələri göstərir ki, Azərbaycanda məmur aparatının saxlanmasına böyük pullar xərclənir. Məsələn, 2015-ci ilin dövlət büdcəsində məhkəmə, hüquq-mühafizə və icra hakimiyyəti sistemlərinin maliyyələşdirilməsi üçün 1,771 milyon manat nəzərdə tutulub. Büdcə layihəsi qəbul olunan zaman 2,2 milyard dollara ekvivalent olan bu rəqəm bəzi MDB ölkələrinin büdcəsindən böyük idi. Qırğızıstan eyni vaxtda qəbul edilmiş 2015-ci il dövlət büdcəsinin toplam xərcləri 2 miylard dollar keçmirdi.
Onu da qeyd edək ki, aparılan hesablamalarda aydın olur ki, xidməti avtomobillərin alınması üçün orta hesabla ildə təxminən 80-100 milyon manata yaxın vəsait xərclənir. Üstəlik həmin qurumların əməkdaşları bir çox hallarda bu maşınlardan xidməti deyil, şəxsi məqsədlər üçün istifadə edirlər. Bəzi rayon icra hakimiyyətlərində orta səviyyəli məmurlar xidməti maşınları əldə etmək üçün öz rəhbərlərinə qeyri-rəsmi pul ödədiklərini iddia edirlər.
Bu rəqəm Azərbaycan çərçivəsində də yetərincə böyük sayılır. Məsələn, ölkənin 5 minə yaxın orta məktəbinin əmək haqqı qarışıq bütün xərclərindən 2 dəfə çoxdur. Büdcədə ümumi təhsil məktəblərinin toplam xərcləri üçün 898 milyon manat ayrılıb. Pensiya təminatı üçün isə büdcədən cəmi 1,1 milyard manat ayrılıb.
Göründüyü kimi, müəllimlərə və pensiyaçıların yoxsul həyatı ilə məmur aparatının israfçı xərcləmələri arasında ciddi disbalans mövcuddur. Azərbaycan yüksək çinli dövlət məmurlarının bu israfçılığına son qoymalıdır. Onsuz da məmurlar sadə vətəndaşlara bürokratik əngəllər yaratmaqla yetərincə qeyri-rəsmi vəsait əldə edirlər. Rəsmi səviyyədə sadə insanların vəziyyətinin nisbətən yaxşılaşdırılması vətəndaşlarda Azərbaycan dövlətinə inamı qat-qat artıra bilər.
Çingiz Rüstəmov
Digər Xəbərlər
2024-11-02 21:25:41
2024-11-02 19:18:18
2024-11-02 18:40:05
2024-11-02 18:02:40
2024-11-02 17:50:12
2024-11-02 17:10:10
2024-11-02 16:43:08
2024-11-02 13:34:23
2024-11-02 13:28:16
2024-11-02 13:22:15
2024-11-02 12:45:19
2024-11-02 11:49:24
2024-11-02 10:59:26
2024-11-02 10:25:05
2024-11-02 09:16:28
2024-11-02 00:42:30
2024-11-01 20:46:23
2024-11-01 20:41:58