Ziya


Bakıda bəzi marşrut avtobuslarının yolunun dəyişdirilməsi ilə bağlı problem getdikcə böyüyür

Bir müddət əvvəl həm "BakuBus" avtobuslarının xəttə daxil edilməsi, həm də əvvəlki avtobusların marşrut xətlərində yenilənmələrin olması bəzi avtobusların yolunu tamamilə dəyişdi. Bu dəyişiklik isə bəzi sərnişinlərin işini çətinləşdirib, xərcini çoxaldıb.

Belə ki, əvvəllər Binəqədi qəsəbəsi, "kənd Binəqədi" adlanan yerdən "Neftçilər" metrosu yaxınlığına gedən 125 nömrəli marşrut avtobus artıq xətdən çıxarılıb. Sonuncu dayanacağı "Neftçilər" metrostansiyası olan bu avtobusun marşrut xəttinə "Azadlıq", "Koroğlu", "Qara Qarayev" metroları da daxil idi.
Artıq həmin avtobusun xətdən çıxarılması adıçəkilən ərazidə yaşayan və "Neftçilər" metrosu yaxınlığında işləyənlərin yol xərcini ikiqat artırıb. Belə ki, onlar artıq həmin metrolardan birinə getmək üçün ya iki avtobus dəyişməli, ya da mütləq metrodan istifadə etməlidirlər. Bu da həm əlavə vaxt itkisinə, həm də yol xərcinin iki dəfə artmasına gətirib çıxarır.
Binəqədi kənd sakini Əhməd Cəfərov virtualaz.org saytına açıqlamasında deyib ki, onun iş yeri "Neftçilər" metrosu yaxınlığındadır və hər gün istifadə etdiyi marşrut avtobusunun xətdən çıxarılması yolunu xeyli uzadıb: "Onsuz da çox maaş almırıq, qazandığımızın yarısı da yol puluna gedir. Mənim yaşadığım yerdən birbaşa iş yerimə getmək üçün ən azı 2 avtobus dəyişmək lazımdır. Marşrut xətləri dəyişdiriləndə bu hallar niyə nəzərə alınmır?"
Oxşar hal "28 may" metrosu yaxınlığında da yaşanır. Belə ki, əvvəllər adıçəkilən metro yaxınlığından birbaşa "Neftçilər" metrosuna 30 və 49 saylı avtobuslar gedirdisə, indi onların hər ikisi xətdən çıxarılıb. Artıq həmin avtobuslar yalnız "Xətai" metrosundan "Neftçilər"ə gedir. Bu avtobuslara minmək üçün isə sərnişinlər ya metro ilə, ya da "28 may" yaxınlığındakı avtobuslardan biri ilə "Xətai"yə getməlidir. Bu da yenidən ikiqat yolxərcidir.
Təbii ki, sərnişinlər "28 may" stansiyasından "Neftçilər"ə metro ilə də gedə bilər. Amma onların sözlərinə görə, elə adam var ki, evi həmin avtobusun keçdiyi yolun üstündədir, metroya yaxın deyil. Yəni sərnişin "Neftçilər" metrosuna qədər metro ilə getsə belə oradan evinə getmək üçün yenə avtobusa minməlidir.
Ekspert Azər Allahverənovun fikrincə isə əhalinin sıx məskunlaşdığı massivlərdə yaşayan sakinlər bəzi avtobusların bərpası üçün müraciətlər etməlidir: "İstənilən halda xəttə yeni "BakuBus" avtobuslarının buraxılması müsbət haldır ki, bu da sərnişinlərə daha rahat və yüksək xidmət göstərilməsi üçün vacibdir. Bəzi avtobusların xətdən çıxarılması və sərnişinlərin yolunun uzanması da aktual məsələdir. Elə massivlər var ki, orada əhali kifayət qədər sıx yaşayır. Həmin insanlar əvvəllər şəhərə bir avtobusla gələ bilirdisə, indi bundan məhrum olublar. Ona görə də onlar qrup halında müraciətlər etməlidir ki, müvafiq qurumlar da problemin vacibliyini anlasın. Müvafiq tədbirlər görsün".
Qeyd edək ki, yaranmış məlum problemin əsas məsuliyyəti Nəqliyyat Nazirliyinin üzərindədir. Amma təəssüf ki, Ziya Məmmədovun nazirliyi Bakıda minlərcə vətəndaşı çətin vəziyyətdə qoyan bu problemi hələ ki, kənardan sakitcə izləməklə məşğuldur və hər hansı tədbirlər görməyə tələsmir.
P.S. Yeri gəlmişkən, hər nə qədər yuxarıdakı mövzu ilə əlaqəli görünməsə də dünənki bir şikayətə toxunmağı da vacib bilirik. Belə ki, Gəncə şəhərində məskunlaşmış Kəlbəcər rayonundan məcburi köçkün Mikayılov Elnur Rafiq oğlu nəqliyyat müfəttişlərinin qanunsuz hərəkətləri barədə müraciət edib (avtosfer.az). O bildirib ki, 01 oktyabr 2015-ci il tarixdə gecə saat 01:15 radələrində özünün "Ford" markalı, 20 CV 310 dövlət nömrə nişanlı avtomobili ilə Baki istiqamətində getdiyi zaman özlərini Nəqliyyat Departamentin işciləri kimi təqdim edən 3 nəfər onu saxladaraq sənədləri istəyiblər: "Sənədlərə baxdıqdan sonra avtomobilə baxış keçirmədən və heç bir səbəb göstərmədən avtomobilimin texniki pasportunu alaraq məndən 180 manat pul tələb etdilər. Mən pulu verməyə etiraz etdiyim ücün avtomobilimin texniki pasportunu özləri ilə götürüb getdilər. Bir neçə saatdan sonra 055 334 74 84 nömrəli telefonla mənə zəng edərək,180 manatı verməyincə sənədi qaytarmayacaqlarını bildirdilər.
Bir necə gündən sonra mənə zəng etdikləri nömrəyə zəng edib harada oturduqlarını soruşduqda Şirvan şəhərində olduqlarini və pulu gözlədiklərini bildirdilər.
Xatırladım ki, məni saxladıqları zaman onlar 90 AK 453 nömrə nişanli maşınla hərəkət edirdilər. Mən 8 nəfərlik ailəmi həmin yük avtomobili ilə işləyib dolandırıram. Avtomobilimin texniki pasportu qanunsuz götürülüb aparıldığı üçün o gündən bəri maşından istifadə edə bilmirəm. Onların tələb etdikləri 180 manatı da ödəmək imkanım yoxdur. Və bu tələbin qanunsuz olduğu da bəllidir. Həmçinin, üzərindən xeyli vaxt keçdiyindən sənədin itib-batmasından narahatam".
Qeyd edək ki, Elnur Mikayılov avtomobilin texniki pasportunun qaytarılması ilə bağlı bir sıra dövlət qurumlarına da müraciət edib. Lakin bu günə qədər heç bir nəticə yoxdur.
Burada diqqəti çəkən bir məqam var. Artıq bir neçə ay idi Nəqliyyat Nazirliyinin müfəttişlərinin qanunsuz hərəkətlərindən şikayətlər səngimişdi. Belə bir səngimə Ziya Məmmədovun ətrafında cərəyan edən müəmmalı proseslərlə izah edilir.
Artıq nəqliyyat nazirinin "vurulacağına" dair xəbərlər azalıb. Bu vəziyyətdə nəqliyyat müfəttişləri ilə bağlı narazılıqların yenidən baş qaldırması maraq doğurur.

E.Rüsrəmov