Daha

Hökumətdəki islahatlar dalğasının növbəti qurbanları kim ola bilər?

Azərbaycanda oliqarxlaşmış məmurların "vurulması" prosesi davam edir. Artıq bu prosesdə xeyli tanınmış bürokrat təkcə vəzifədən azad olunmayıb, həm də onların həbsinə qərar verilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, hökumətdəki bu cür təmizləmələr davam edəcək. İddia edilir ki, daha bir neçə iri məmurla yollar ayrılacaq.
Onlardan biri Etibar Pirverdiyevdir. Bildirilir ki, Pirverdiyevin rəhbərlik etdiyi "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti (ASC) tamamilə ləğv oluna bilər.
İddia edilir ki, hökumətdə "Azərenerji"nin taleyi ilə bağlı iki variant uzun müddət müzakirə mövzusu olub: "Bunlardan biri Etibar Pirverdiyevin rəhbərlik etdiyi qurumun özəlləşdirilməsi, digəri isə onun Energetika Nazirliyinin tabeliyinə keçirilməsi idi. "Azərenerji"nin səlahiyyətlərinin bir hissəsinin yeni yaradılan "Azərişıq"a verilməsindən sonra ilk variant arxa plana keçib. Pirverdiyevin qurumunun parlament seçkilərindən sonra start verilməsi gözlənilən islahatlar paketi çərçivəsində Energetika Nazirliyinə birləşdirilməsi böyük ölçüdə qətiləşib".
Məlumatı verən qaynaq xatırladıb ki, bu ilin fevralında "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə ötürülməsinə, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlak və digər avadanlıqların "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi üçün tədbirlər görülməsi üçün ölkə başçısı tərəfindən qərar verilib: "Həmin qərar Pirverdiyevin səlahiyyətlərinin əhəmiyyətli şəkildə azaldılması mənasına gəlirdi. Bundan sonra gözlənilən odur ki, "Azərenerji" ASC-dən İstehsalat Birliyinə çevrilsin və Energetika Nazirliyinin tabeliyinə verilsin. Etibar Pirverdiyev uzun müddət rəhbərlik etdiyi qurumun güc itirməsinə qarşı müqavimət göstərib. Amma onun özü istər maliyyə, istərsə də səlahiyyət baxımından zəiflədildikdən sonra artıq bu müqaviməti davam etdirmək iqtidarında deyil. Odur ki, payızda "Azərenerji"nin Natiq Əliyevin rəhbərlik etdiyi nazirliyin tabeliyinə verilməsi heç kim üçün sürpriz olmamalıdır".
Hökumətdəki islahatlar çərçivəsində "vurulması" ehtimal edilən yüksək çinlilərdən biri də səhiyyə naziri Oqtay Şirəliyevdir. Bildirilir ki, Səhiyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birləşdirilməsi nəzərdə tutulub. Amma bu təklif hökumət daxilində kifayət qədər dəstəklənmir. Amma Səhiyyə Nazirliyi qalacağı təqdirdə də, ona yeni nazirin rəhbərlik edəcəyi şübhə doğurmur.
Məlumata görə, hökumət son 10 ildə fantastik pullar ayrılmasına rəğmən səhiyyə sektorundakı real durumdan narahatdır. Xüsusilə ana və uşaq ölümləri, həkim səhlənkarlığının qurbanı olanlar, yerli xəstəxanalara etimadsızlıq və vətəndaşların daha çox İran başda olmaqla, digər ölkələrdə müayinə və müalicəyə həvəs göstərməsi, səhiyyə ocaqlarında rüşvət hallarının davam etməsi, büdcə vəsaitlərinin xərclənməsində qeyri-şəffaflıq kimi amillər də Oqtay Şirəliyevin əvəzlənməsi zərurətini gücləndirən səbəblər olaraq göstərilir.
Gözlənilir ki, ləğv ediləcək başqa bir qurum Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) olacaq. Məlumatlara görə, bu komitənin səlahiyyətləri Xarici İşlər Nazirliyinin tabeliyinə həvalə ediləcək. Bununla da DİDK sədri Nazim İbrahimov işsiz oliqarxların sırasına qoşulacaq.
Bunu son günlər onun barəsində kompromat xarakterli KİV məlumatlarının çoxalması da dolayı yolla təsdiqləyir. Həmin məlumatlarda bildirilir ki, İbrahimov haqqında kompromatlar toplanır və onun barəsindəki gizli dosyedə həm komitə sədrinin özü, həm də yaxınları barədə olduqca ilginc bilgilər var.
KİV-in iddialarına görə, xüsusilə Komitənin xərcləmələrində qeyri-şəffaflığa, şişirtmələrə yol verildiyi, nəticədə müxtəlif dövlət tədbirləri üçün nəzərdə tutulan həmin vəsaitlərin şəxsi biznesə yönəldildiyi iddia olunur. Başqa bir iddiaya görə, İbrahimov rəhbərlik etdiyi qurum xətti ilə xarici ölkələrdə keçirilən tədbirlərin maliyyə yükünü bir çox hallarda həmin ölkələrdəki imkanlı azərbaycanlıların üzərinə yükləyib, əvəzində isə bunun üçün nəzərdə tutulan dövlət vəsaiti mənimsənilib.
İddiaya görə, hazırda Diasporla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycanın xaricdəki nüfuzlu diaspor təşkilatlarının bir çoxu arasında ciddi soyuqluq və narazılıq var. Bunun kökündə də məhz Nazim İbrahimovun qurumunun qeyri-şəffaf fəaliyyəti dayanır.
Bildirilir ki, komitə sədri ilə bağlı geniş kompromat dosyesi onun vəzifədən uzaqlaşdırılması, hətta hazırda bir çox nazirliklərdə həyata keçirilən daha sərt cəza tədbirlərinin adıçıkilən komitəyə də sıçraması kifayət qədər realdır.
Bir sözlə, hələ bir neçə ay əvvəldən ilin sonunadək Azərbaycan hökumətinin tərkibində ciddi dəyişikliklərin olacağı, xüsusilə oliqarxlaşmış məmurlarla yolların ayrılacağı barədə proqnozlar sürətlə doğrulmaqdadır. Ehtimal etmək çətin deyil ki, bu proqnozların fonunda istər yuxarıda adları çəkilən, istərsə də adları xeyli vaxtdır gündəmdə olan vergilər naziri Fazil Məmmədov, AZAL prezidenti Cahangir Əsgərov və digər iri məmurlarla da yollar yaxın vaxtlarda ayrılacaq.
Sənan Mirzə