Vətəndaşlığı olmayan şəxslər ölkə vətəndaşları ilə bərabər bütün hüquqlardan və azadlıqlardan istifadə edirlər
Hüquqi dövlətlərdə insan amili, insan hüquq və azadlıqlarının qorunması əsas element hesab edilir. Hüquqi dövlət quruculuğu yolu keçmiş ölkələr nəinki öz ölkəsinin, xaricdən pənah gətirən əcnəbilərin də hüququnun qorunması üçün qanunvericilik bazası hazırlayır. Azərbaycan bəzi beynəlxalq təşkilatların sənədlərində insan hüquqlarının pozulması hallarına rast gəlinən ölkə kimi təqdim olunsa da, əslində nəinki ölkə vətəndaşları, elə ölkəmizdəki əcnəbilər də, hüquqlarının pozulması hallarına rast gəlinməsindən şikayət etmirlər.
Bu Azərbaycan kimi hüquqi dövlətlərə xas xüsusiyyət kimi səciyyələndirilir. Bu dəfə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti ilə bağlı yazı təqdim edəcəyik. Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov deyir ki, Azərbaycanda Əcnəbilərin hüquqları əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında qanunla tənzimlənir. Bu qanun ölkəmizdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti ilə bağlı ictimai münasibətləri tənzimləyir: "Ölkə Konstitusiyası, bu qanun və digər qanunlarımız, eləcə də iştirakçısı olduğumuz beynəlxalq müqavilələrin digər qaydaları müəyyən edilməyibsə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkə vətəndaşları ilə bərabər bütün hüquqlardan və azadlıqlardan istifadə edirlər. Eləcə də bütün vəzifələri yerinə yetirirlər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının milli mənafeyinə zidd olmamalıdır. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanın Konstitusiyasının, qanunlarının və digər qanunvericilik aktlarının tələblərinə riayət etməli, Azərbaycan xalqının adət və ənənələrinə hörmət etməlidirlər. 5-ci maddədə göstərilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasına müvəqqəti və ya daimi yaşamaq üçün gələ bilər və ya onun ərazisində müvəqqəti ola bilərlər. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə bir ilədək müddətə verilir. Ölkəmizdə müvəqqəti yaşamaq üçün icazə onu verən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edilə və ya onun müddəti dörd dəfədən çox olmamaq şərti ilə uzadıla bilər. Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azı iki il Azərbaycan Respublikasında qanuni əsaslarla müvəqqəti yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə "İmmiqrasiya haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq hüququ verilə bilər. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada yaşayış yeri üzrə qeydiyyata alınırlar. Digər qanuni əsaslarla ölkəmizin ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olan hesab edilirlər. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada yaşayış və ya olduğu yer üzrə qeydiyyata alınmalıdır və onlar üçün müəyyən edilmiş müddətlər qurtardıqdan sonra Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. Şəxsiyyətini müəyyən etmək mümkün olmayan əcnəbi və vətəndaşlığı olmayan insan alveri qurbanlarına Azərbaycan Respublikasında yaşamaq hüququ verilə bilməz. Belə şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır".
Həmsöhbətimizin sözlərinə görə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları, azadlıqları və vəzifələrinə onların toxunulmazlıq hüququ da daxildir: "Bu qanunun 9-cu maddəsi ilə tənzimlənir. Ölkəmizin ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına müvafiq olaraq şəxsi toxunulmazlıq və mənzil toxunulmazlığı hüquqları vardır. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada tutulmuş, yaxud həbs olunmuş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu hərəkətlərə səbəb olan hallar və onların hüquqları haqqında dərhal məlumat verilməlidir. Əcnəbini və Azərbaycan Respublikasında müvəqqəti olan vətəndaşlığı olmayan şəxsi tutmuş, yaxud həbs etmiş orqan və vəzifəli şəxs bu haqda dərhal Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə məlumat verməlidir".
A.Allahverənov deyir ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində hərəkət etmək və yaşayış yeri seçmək hüququ da var: "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının ərazisində hərəkət edə və yaşayış yeri seçə bilərlər. Hərəkət etməyə və yaşayış yeri seçməyə məhdudiyyətlərə ancaq Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada yol verilir. Azərbaycan Respublikasının qanunvericiliyi və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələr ilə digər qaydalar müəyyən olunmayıbsa, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər əmək münasibətlərində Azərbaycan Respublikasının vətəndaşları ilə eyni hüquqlardan istifadə edir və eyni vəzifələri daşıyırlar. Azərbaycan Respublikasına müəyyən müddət əmək fəaliyyəti ilə məşğul olmaq üçün gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər əmək fəaliyyəti ilə müəyyən olunmuş qaydada məşğul ola bilərlər. Müəyyən vəzifələr tutmaq, yaxud müəyyən fəaliyyət növləri ilə məşğul olmaq Azərbaycan Respublikası vətəndaşlığı ilə şərtləndirildiyi hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər belə vəzifələr tuta və belə fəaliyyətlə məşğul ola bilməzlər".
A.Allahverənov deyir ki, 12-ci maddənin tələbinə görə, əcnəbilərin investisiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ da var: "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada investisiya və sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər. Bu halda onlar, Azərbaycan Respublikası qanunları ilə digər qaydalar nəzərdə tutulmayıbsa, ölkə vətəndaşları üçün müəyyən olunmuş hüquqlardan istifadə edirlər və vəzifələri daşıyırlar".
Əcnəbilər yad ölkədə olsalar belə, ölkə qanunvericiliyi onların sosial təminat hüququnu da qoruyur: "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkə qanunvericiliyi və Azərbaycanın iştirakçısı olduğu beynəlxalq müqavilələri ilə nəzərdə tutulmuş qaydada sosial təminat hüququndan istifadə edirlər. Pensiya təyin edilməsi üçün müəyyən iş stajı tələb olunduqda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələri ilə nəzərdə tutulmuş qaydada xaricdəki fəaliyyətləri iş stajına hesab edilə bilər".
A.Allahverənov bildirir ki, ölkədə daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanın qanunları ilə digər qaydada müəyyən edilməyibsə, bizim vətəndaşlar üçün müəyyən edilmiş əsaslarla və qaydada dövlət, idarə və ictimai fondlarından mənzil almaq hüququ var: "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla vicdan azadlığı təmin edilir".
Eyni zamanda ölkəmizdə daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər. Başqa əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün, Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələri ilə başqa qaydalar nəzərdə tutulmayıbsa, təhsil pulludur. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, Azərbaycan Respublikasının qanunları ilə və müvafiq birliklərin nizamnaməsi ilə digər qaydalar nəzərdə tutulmayıbsa, ictimai birliklərə Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla daxil olmaq hüququ vardır. Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində qeyri-hökumət təşkilatının təsisçisi ola bilərlər.
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16