Azərbaycan məmurlarının daha bir "bazarı ölür"
12:01 20-11-2015
İQTİSADİYYAT
Onlar külli miqdarda gəlirdən məhrum olmağa başlayıblar
Azərbaycanın maşın bazarı çökür. Belə ki, 2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 24,219 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu ötən ilin analoji dövrünün göstəricisindən 27 867 ədəd azdır.
Mütəxəssislər hesab edir ki, bunun obyektiv səbəbləri var.
Bu il hökumət avtomobil nəqliyyatı vasitəsi idxal üzrə aksiz dərəcələrini xeyli artırıb. Ötən ildən idxal edilən avtomobillərə daha sərt ekoloji normalar qoyulub. Bazar iştirakçıları qeyd edir ki, minik avtomobilləri bazarı xeyli zəifləyib: təkcə idxal yox, təkrar bazarda da azalma var.
Əgər 2014-cü ilin on ayında Azərbaycana 47 379 minik avtomobili tədarük edilmişdisə, 2015-ci ilin eyni dövründə xaricdə 21 497 belə avtomobil alınıb.
Maraqlıdır ki, ölkəyə yük avtomobillərinin (1 750, -57,6%) və xüsusi texnikanın (215, -31,1%) idxalı da azalıb və bu, işgüzar aktivliyinin azalması ilə bağlıdır.
Bu ilin yayında Bakıda I Avropa Oyunlarının keçirilməsi ilə bağlı hökumət bir neçə yüz müasir avtobus aldı. İlin əvvəlindən 757 ədəd avtobus və mikroavtobus gətirilib. Bu, ötən ilin 10 ayındakından 487 ədəd çoxdur.
Maşın bazarındakı durğunluq iri məmurları da pis vəziyyətdə qoyub. Belə ki, bu bazarda vəzifəli şəxslərin ciddi payı var.
Hələ ötən il Azərbaycan Dövlət Gömrük Komitəsi "Euro-4? ekoloji standartına keçidlə bağlı ölkəyə gətirilən avtomobillərin idxalı prosesinə münasibət bildirərkən qeyd edirdi ki, Azərbaycanın gömrük orqanları dövlət büdcəsi qarşısında öhdəliklərini əsasən idxal vergi və rüsumları hesabına icra edir. Bununla belə, bildirilirdi ki, ölkədəki ekoloji vəziyyət də nəzərə alınmalıdır. Ona görə də məlum qərar ölkədəki nəqliyyat sektorunun vəziyyəti və tıxaclarla bağlı vaxtında və düzgün atılmış bir addımdır.
Eyni zamanda banklar avtomobillərin kreditə salınmasını məhdudlaşdırmışdı.
Həmin vaxt ekspertlər vurğulayırdılar ki, bu addımların kökündə əsasən avtomobil biznesini inhisara almaq dayanır. Azərbaycanda xeyli sayda adam Gürcüstan, Almaniya və Dubaydan avtomobil gətirib satmaqla dolanır. Bu isə əksəriyyəti məmur oliqarxlara məxsus olan Bakıdakı iri avtosalonların fəaliyyətinə zərbə vurur. Məhz həmin avtosalonlara "yaşıl işıq" yandırmaq üçün həm avtomobil idxalı, həm də maşınların kreditə salınması məhdudlaşdırılır.
Amma müşahidələr və gələn məlumatlar belə düşünməyə əsas verir ki, sözügedən tədbirlər belə, iri məmurların nəzarətindəki və himayəsindəki avtosalonlarda canlanma yaratmayıb. Bir çox avtosalonlar bağlanmaq təhlükəsi qarşısındadır. Məşhur avtomobil brendlərinin Azərbaycandakı dilerləri satış səviyyəsindən gileylənir, onlar avtosalonlarının bəzilərini qapatmaq barədə düşünməyə başlayıb.
Bu azmış kimi, ümumən maşın bazarı ölü duruma düşüb. Təbii ki, bunda vətəndaşların gəlirlərinin kəskin azalması, manatın devalvasiyası, bir sözlə, neftin ucuzlaşması fonunda iqtisadi böhran simptomlarının xeyli artması da müstəsna rol oynayır.
Aydın görünür ki, maşın bazarından dolanan sadə vətəndaşlar bir yana, avtomobil biznesi olan iri məmurlar üçün yaxın perspektiv yaxşı heç nə vəd etmir. Onların qısa zamanda bu biznesdən gəlirlərinin indikindən də kəskin aşağı düşməsi, yəni 60-70 faiz azalması ehtimalı da yüksəkdir.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53