Məmurları Laçının icra başçısına qarşı
11:56 05-06-2012
CƏMİYYƏT
Məmurları Laçının icra başçısına qarşı
Ramiz Cəbrayılov haqqında dəhşətli faktların mətbuta ötürüləcəyi gözlənilir
Laçın rayonunun icra başçısı Ramiz Cəbrayılovun ciddi şəkildə başı ağrıyacaq. Buna onun işçilərlə doğru-düzgün davranmaması, bəzi idarə və şöbə müdirlərindən haqq tələb etməsi və digər səbəblər göstərilir. Hətta bununla bağlı o da deyilir ki, icra başçısı ayrı-ayrı idarə və müəssisə rəhbərlərindən aylıq "haqq" da tələb edir.
Qeyd edək ki, ötən gün Laçın rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılovun qanunsuz əməllərindən və təhdidlərindən sonra, bir neçə gün əvvəl vəzifəsindən ərizəsi ilə azad olunmasını xahiş etmək məcburiyyətində qalan rayon təhsil şöbəsinin metodisti Müqabil Baxışov mətbuat konfransı keçirib. Bu barədə məlumat verən sabiq metodistin sözlərinə görə, artıq əlində olan sənədləri toplayıb və sənədlər əsasında icra başçısını ifaşa etmək fikrindədir.
Dünən keçirdiyi mətbuat konfransında Baxışov icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılovu rayonu mafiya qaydaları ilə idarə etməkdə ittiham edib. Başçının qəbuluna gələnlərin söyüş və təhqirlərə məruz qaldıqlarını iddia edib. Rayonun müəllimi Almurad Novruzoğlunun icra başçısı tərəfindən döyüldüyünü, amma hüquq-mühafizə orqanlarının bu faktı araşdırmadıqlarını söyləyib.
M.Baxışov R.Cəbrayılovu rayon Xeyriyyə Fondunda yığılan 20-30 min manat pulu mənimsəməkdə ittiham edib. İcra başçısını tənqidə görə Bəxşeyiş Xudayarovun, Aslan Həsənovun, bütünlükdə isə 50-yə yaxın sakinin məhkəməyə verildiyi qeyd olunub. Qaçqın və məcburi köçkünlər üçün tikilən 552 evin paylanmasında ədalətsizlik olduğu deyilib. Qazma şəraitində, qalmış evlərdə yaşayanlara, Qarabağ müharibəsi veteranlarına ev verilmədiyi bildirilib. Evlərin Bakıda və Sumqayıtda şəraiti yaxşı olan Laçın sakinlərinə verilməsini M.Baxışov korrupsiyanın olması ilə əlaqələndirib. Onun iddiasına görə, rayon sosial müdafiə mərkəzinin keçmiş mühasibi Mötəbər Səmədovun intiharında da R.Cəbrayılovun rolu var. "Köçkünlərin bədbəxtliyi üzərində xoşbəxtlik qurmayın", - deyə keçmiş təhsil işçisi R.Cəbrayılovu himayə edən yuxarı vəzifəli şəxslərə mesaj göndərib.
Həyatının təhlükədə olduğunu deyən M.Baxışov bu ilin martında zor vasitəsilə işinin öhdəsindən gəlməməsilə bağlı ərizə alaraq işdən azad edildiyini deyib. İcra başçısının onu həbslə hədələdiyini deyən M.Baxışov bu hədənin gerçək olduğunu bildirərək, dövlət başçısı İlham Əliyevə, beynəlxalq qurumlara və xarici ölkə səfirliklərinə müraciət ünvanlayıb.
Amma Laçın rayonunda bu vəziyyətlə təkcə Müqabil Baxışov üzləşməyib. Həmçinin digərlərinin də analoji durumda olduğu deyilir. İndiyə qədər səslərini çıxarmayanlar isə bununla vəziyyətin düzələ biləcəyini düşünürmüşlər. Lakin gözlənilənlərin tam əksi olduğundan durum dəyişməyə başlayıb. Hətta iş o yerə çatıb ki, bəzi məmurlar dözülməz vəziyyətdən yuxarılara şikayət etməyə başlayıblar.
Rayondan aldığımız məlumata görə, Ramiz Cəbrayılov həmçinin Mərkəzi Xəstəxananın baş həkimi ilə də uzun müddətdir problem yaşayır. Mənbə bildirir ki, baş həkim Rauf İsbəndiyarovla xeyli müddətdir yola getməyən icra başçısı onu bir neçə dəfə işdən çıxarmaq istəyib. Lakin arxası möhkəm olan İsbəndiyarova indiyə qədər problem yarada bilməyib.
Məlumatlarda vurğulanır ki, Laçının icra başçısı məmurlarının ondan şikayətçi olduğunu və bu barədə yuxarılara məlumat ötürdüyünü bildikdən sonra tədbir görmək fikrinə düşüb. Amma Ramiz Cəbrayılov qaş düzəltdiyi yerdə, vurub göz çıxarıb. Məlum olub ki, icra başçısı ona qarşı çıxanların kimliyini səhv dəqiqləşdirib və ayrı adamlara hücum çəkib. Bu məsələnin üzəri açıldıqdan sonra isə o, meydanda tək qalmalı olub.
Hal hazırda Ağcabədinin Taxta Körpü deyilən ərazisində yerləşən Laçının inzibati qurumlarının rəhbərləri yaxın günlərdə Cəbrayılovun gedəcəyini deyirlər. Onlar bildirirlər ki, artıq komandası ilə işləməyi bacarmayan və hakimiyyət üçün də bir çox problemlər yaradan icra başçısının vəzifədə qala biləcəyinə ümid etmirlər. Hesab edirlər ki, yuxarı dairələr vəziyyəti qiymətləndirdikdən sonra onu işdən çıxarıb, yerinə yeni birini gətirəcəklər.
Müqabil Baxışov məsələsinə gəldikdə isə metodisin əlində olduqca maraqlı faktların olduğu deyilir. Bu barədə verilən məlumatlarda vurğulanır ki, o, indiyə qədər büdcədən götürülən pulların necə talan olunduğuna dair bir sıra sənədlərə malikdir. Üstəlik, Baxışovun başqa sahələrdə həyata keçirilən işlərdən əldə edilən gəlirlərlə də bağlı maraqlı faktları mövcuddur.
Mənbə bildirir ki, Müqabil Baxışovun ardından Laçından olan digərləri də Ramiz Cəbrayılovun üzərinə hücuma keçəcəklər. İcra başçısından narazı düşmüş həmin şəxslər sözügedən metodist kimi mətbuat konfransı keçirməsələr də, həmin faktları mətbuatı ötürməyi qərarlaşdırıblar. Deyilir ki, Cəbrayılov barəsində açıqlanacaq həmin faktlar onun vəzifədən uzaqlaşdırılmasına yetəcək.
Namiq
Digər Xəbərlər
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53