SMS-reklam bazarı kimin nəzarətindədir?
14:33 21-11-2015
CƏMİYYƏT
Və ya milyonlarla pul kimlərin cibinə gedir?
"Mən 20 il ərzində bazarda toyuq satırdım, amma həmin toyuq öldü. Bəs indi mən nə satım? Suala yumorla cavab ver, cavabı 9600-ə göndər və qazan. Zarafat elə və pulsuz dəqiqələr qazan!"...
Təsəvvür edin ki, yaxınınızın həyati əhəmiyyətli müayinə nəticələrini gözlədiyiniz zaman sizə bu SMS gəlir. Əlləriniz titrəyə-titrəyə telefonun mesaj bölməsinə daxil olursunuz. Həyəcanla sizə gələn SMS-i açırsınız və sanki başınıza bir qazan qaynar su tökülür. Yəqin ki, bu əlaqə vasitəsini ixtira edən mühəndis onun bu yeniliyindən nə vaxtsa belə ədəbsiz formada istifadə olunacağını heç ağlına gətirməyib...
Son bir neçə ildə telefonlara gələn bu tip reklam xarakterli SMS-lərin həcmi o qədər artıb ki, hətta abonentlərin narazılığı Milli Məclisə qədər gedib çıxdı. Artıq reklamçılar özləri də insanları narahat etdiklərini anlayaraq göndərdikləri SMS-ləri mümkün qədər nəzakətli və faydalı formada təqdim etməyə çalışırlar. Amma hansı dərəcədə nəzakətli olmasından asılı olmayaraq dalbadal göndərilən SMS abunəçini bezdirir və təklif olunan xidmətə və ya məhsula qarşı qıcıq yaradır.
"Fala inanma, faldan da qalma!", "Öz yarını
axtarırsan?" və s...
Bir neçə il öncə ali məktəbdə oxuduğum zaman kafedrada tanınmış bir professora dördrəqəmli nömrədən sevgi mesajları gəlirdi. Mesajların mətnində "Əylənmək istəyirsən?" və ya "Öz yarını axtarırsan?" kimi ifadələrdən istifadə olunur və tanışlıq təklif edilirdi. Gələn SMS-lər professora o qədər təsir etmişdi ki, bunu özünə qarşı təxribat kimi qiymətləndirirdi. Diplom rəhbərim olduğundan, dərdini mənə anlatdı, telefonu alıb nömrəyə stop göndərdikdən sonra məsələ həll olundu. Məsələ həll olunmağına olundu, amma texnologiyadan başı çıxmayan, bu tip ünsiyyəti tərbiyəsizlik və əxlaqsızlıq kimi qəbul edən orta və yaşlı nəslin nümayəndəsinə bu və ya digər məzmunda SMS göndərmək nə dərəcədə düzgündür? Ümumiyyətlə, kimsə bu tip SMS-lərə abunə deyilsə, onun şəxsi telefonuna belə mesajların gəlməsi həmin şəxsin hüquqlarının pozulması deyilmi? Bəs həmin fırıldaqçılar abunəçilərinə SMS göndərdikləri mobil operatorlara buna görə pul ödəyirlərmi? Reklam SMS-lərindən gələn gəlir mobil operatorların vergi hesabatlarında əks olunurmu? Yəni, dövlət büdcəmiz bundan nə qazanır?
Problemi araşdırmaq üçün telefonuma mesaj göndərərək müxtəlif xidmətlər təklif edən bir neçə nömrəyə zəng etdim. Qoyulan nömrələrin əksəriyyətinə, ümumiyyətlə, düşmək mümkün deyildi. "Fala inanma, faldan da qalma! Gündəlik bürclərə abunə ol!" SMS-i gəlmiş 9095 xidmətindən isə abonentlərlə müqavilə bağlanıb-bağlanmadığını soruşduqda məlum oldu ki, onlar heç kəslə müqavilə bağlamırlar. Həm də operatora bu SMS-lərə görə pul ödənmir.
Digər bir nömrə - abonentlərə suallar göndərib, düzgün cavab yazanlara "hədiyyə qazandıran" 9966-dan da abunəçi ilə heç bir müqavilə bağlamadıqlarını, amma bu SMS-lərə görə operatora pul ödədiklərini dedilər.
"Niyə müqavilə bağlanmır" sualına isə susmaqla cavab verdilər.
Şirkətlərdən onu da öyrəndik ki, xidmətdən asılı olaraq gün ərzində müştəriyə 1 və ya 2 SMS göndərilir. Nəzərə alsaq ki, hər gün abonentlərə azı bir neçə belə nömrədən SMS gəlir, onda bu SMS-lərin sayı həftədə 20-30-a çatır.
Göründüyü kimi, reklam firmaları özləri də abonentlərlə müqavilə bağlamadıqlarını etiraf edirlər. SMS əlaqə vasitəsi olsa da, bu vasitə ilə reklam abunəçini özündən çıxarmamalıdır. Məsələn, hansısa Əhməd ürəyi döyünə-döyünə sevgilisinin yazacağı cavabı gözləyərkən, ucuz plastik qapı-pəncərə təklifi ilə bağlı SMS gəlir... Mütəxəssislər hesab edirlər ki, bu cür reklam xarakterli SMS-lərin faydasından çox zərəri var. Hətta araşdırmalara görə, abonentlərin mobil operatoru dəyişmələrinin başlıca səbəbi telefon nömrələrinə gələn spamlardır. Bunu mobil operatorlar özləri də etiraf edirlər.
Məsələn, "Bakcell" şirkətinin marketinq üzrə baş direktoru Mariya Toyçevanın sözlərinə görə, kütləvi SMS-lərlə bağlı şikayətlərin əksəriyyəti reklamçıların göndərdikləri mesajlara aiddir. Onun sözlərinə görə, müştərilər mağazalarda bazarlıq edərkən və ya bankların, digər müəssisələrin xidmətlərindən istifadə etdikləri zaman çox vaxt öz telefon nömrələrini təqdim edirlər. Buna görə müştərilərə arzuolunmaz SMS-lər gəlir.
M.Toyçevanın sözlərinə görə, "Bakcell" şirkətində arzuolunmaz mətn mesajlarını filtrdən keçirməyə imkan yaradan yeni platforma işə salınıb. Yəni, "Bakcell" abunəçiləri "5595" qısa nömrəsinə "STOP" yazısını göndərməklə, üçüncü tərəfin göndərdiyi bütün reklam mesajlarının qəbulunu birdəfəlik dayandıra bilərlər.
Müqavilə də var,
vergi də, amma...
Mobil operatorlara bu cür reklam şirkətləri ilə bağlanan müqavilələr və ödənən pulun vergi hesabatlarında əks olunub-olunmamasını soruşsaq da, ətraflı cavab ala bilmədik. "Azercell Telekom" şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Publika.az-a verilən məlumata görə, abunəçilərə göndərilən reklam xarakterli SMS-lərin tam olaraq xarakteri və məzmunu "Azercell" şirkətinin tərəfdaşları olan üçüncü tərəflər tərəfindən təyin edilir. Mobil operator tərəfindən həmin şirkətlərə reklam göndərişləri üçün yalnız texniki dəstək göstərilir: ""Azercell" həmin SMS-lərin məzmununa görə heç bir məsuliyyət daşımır. Şirkət həmin 3-cü tərəflərə müəyyən xidmət göstərdiyindən, əlbəttə ki, həmin şirkətlərlə xidmət müqavilələri əsasında əməkdaşlıq edir. Müqavilələrin dəyəri kommersiya baxımından konfidensial olduğundan, ictimaiyyətə açıqlanması qeyri-mümkündür. Reklam xarakterli SMS-lərdən imtina etmək istəyən abunəçilər 9005 qısa nömrəsinə "STOP" mətnli və yaxud boş SMS göndərməklə arzuolunmaz reklam mətnlərinin telefonlarına gəlməsini dayandıra bilərlər".
"Bakcell" şirkətindən də təxminən eyni cavabı aldıq. Şirkətin mətbuat xidmətindən bildirdilər ki, reklam SMS-lərinin göndərilməsi xidmətlərini təqdim edən şirkətlərlə "Bakcell" arasındakı münasibətlər müqavilə əsasında tənzimlənir: "Bu müqavilənin müvafiq bəndinə əsasən, müqavilə şərtləri və qiymətlər barədə məlumatlar üçüncü tərəfə ötürülə bilməz. Sadəcə olaraq, onu qeyd edə bilərik ki, reklam SMS-ləri yollamaqla məşğul olan şirkətlər özlərinə məxsus olan nömrələr bazasından istifadə etməklə abunəçilərə reklam SMS-ləri yollayır və göndərdikləri SMS-lərə görə mobil operatorlara müqavilə əsasında pul ödəyirlər. Müqavilə əsasında "Bakcell" şirkəti tərəfindən əldə olunan gəlirlər üçün Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq bütün vergilər ödənilir".
"Strategy Analytics"in araşdırmasına görə, dünyada operatorların SMS-lərdən gələn gəlirləri azalmağa doğru gedir. Belə ki, operatorların reklamlardan gələn gəlirləri 2013-cü ildə tarixdə ilk dəfə olaraq 4% azalıb. Agentliyin proqnozlarına görə, 2017-ci ildə bu gəlirlər bir sıra ölkələrdə, o cümlədən Şimali Amerikada və Avropada müvafiq olaraq 38 və 28 faiz azalacaq.
Araşdırmalara görə, hər il mobil telefon istifadəçiləri arasında SMS əlaqələri 114,6 milyard dollar gəlir gətirir. Ancaq bütün dünyada mobil operatorların SMS gəlirlərində azalma müşahidə olunur. Azərbaycanda isə SMS-reklamlar o qədər geniş yayılıb ki, bir çox mağazalar və banklar əməliyyatlarla bağlı məlumatları da müştəriyə SMS vasitəsilə göndərirlər. Amma reklam xarakterli SMS-lər, görünür, təkcə abonentləri bezdirməyib, həm də qanunverici orqanı da narahat etməyə başlayıb. Ölkədə "Reklam haqqında" Qanun qəbul olunsa da, bu problem hələ də həllini tapmayıb.
Cəza var,
cəzalandırılan yox...
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Tənzimləmə Şöbəsinin müdiri Əlyar Təmirovun Publika.az-a verdiyi məlumata görə, operatorlara qanun çərçivəsində tapşırıq verilib ki, abunəçilərlə xidmət müqaviləsinə dəyişiklik etsinlər. Hansı abunəçilər razılıq verəcəklərsə, onların telefonlarına belə SMS-lər gələcək: ""Reklam haqqında" Qanun qüvvəyə minib, əslində, bu cür hallar olmamalıdır. Qanunu pozduqlarına görə mobil operatorların cəzalandırılmaları ilə bağlı isə prosedur yoxdur. Biz, sadəcə, operatorlara tövsiyələr veririk ki, onlar reklam verən şirkətlərə abunəçilərlə müqavilə bağlamalı olduqları barədə məlumat versinlər. Yəqin ki, İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişiklik ediləcək".
Qeyd edək ki, bu ilin sonuna qədər ölkədə fəaliyyət göstərən mobil operatorlarla yeni lisenziya müqaviləsinin imzalanacağı gözlənilir. Həmin müqavilədə isə istifadəçilərə təklif olunan xidmətlərlə bağlı operatorlar qarşısında bir sıra öhdəliklər qoyulur. Bura xidmətlərin beynəlxalq standartlara uyğun təşkili, xidmətin keyfiyyət göstəriciləri müəyyən olunmuş standartlara uyğunlaşdırılması, qoyulan texniki tələblərə əməl olunması, tariflərin aydın göstərilməsi, xidmətlərin ölkə üzrə əhatə dairəsinin genişləndirilməsi və digər öhdəliklər aiddir.
Məlumat üçün bildirək ki, bu ilin may ayında qəbul olunan "Reklam haqqında" Qanuna görə, müqavilə olmadan heç bir şirkət, firma SMS vasitəsilə insanların mobil telefonuna reklam göndərə və ticarətlə məşğul ola bilməz. Telefonlara SMS-lə reklam xarakterli məlumatların göndərilməsi, ticarət aparılması yalnız o halda mümkündür ki, həmin şirkətlə müqavilə bağlansın və o da öz reklamlarını abonentin telefonuna göndərsin.
Qanuna görə, telekommunikasiya operatoru və provayderi abunəçiyə reklam göndərilməsindən istənilən vaxt imtina etmək və ya abunəçiyə yalnız arzuladığı reklamın yayımlanması üçün imkan yaratmalıdır. Abunəçinin razılığı olmadan və ya bu Qanunun müddəalarına zidd olan reklamın göndərilməsi üçün telekommunikasiya operatoru və provayderi məsuliyyət daşıyır.
Telekommunikasiya operatoruna və provayderə məlumat üçün müraciət edən abunəçinin sorğusuna cavab verilənədək reklam yayımlana bilər. Məlumat xidməti ödənişli olduqda, reklam yayımlanması arayışın dəyərinə daxil edilə bilməz.
Xaricdə necədir?
Əslində, reklam xarakterli SMS-lərlə bağlı problemlərə dünyanın bir sıra ölkələrində rast gəlinsə də, onlarla mübarizə üçün hüquqi müstəvidə praktik tədbirlər görülür. Qonşu Rusiyada mobil telefon abunəçisinə razılaşdırılmamış reklam SMS-i göndərmək mümkün deyil. Bundan ötrü operator abunəçi ilə ayrıca müqavilə bağlamalıdır.
Elə Türkiyə təcrübəsində də eyni vəziyyətlə qarşılaşırıq. Burada da abunəçinin icazəsi olmadan reklam mesajı, elektron poçt göndərən firmalar cəzalandırılır. Qaydalara əməl etməyənləri isə hər mesaja görə 1 000 lirədən 5 000 lirəyə qədər cərimə gözləyir...
Bizdə isə bir müddət öncə İqtisadiyyat və Sənaye Nazirliyi Yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev Azərbaycanda istehlakçının icazəsi olmadan ona reklam SMS-i göndərən şirkətlərlə bağlı müvafiq tədbirlər görüləcəyini bildirmişdi.
Onun sözlərinə görə, istehlakçıların mobil nömrələrinə gələn SMS-lər üç qrupa aiddir: "Birincisi, istehlakçının tanıdığı tərəfdən gələn SMS-dir. İkincisi, istehlakçılar müxtəlif obyektlərdə alış-veriş edərkən öz mobil nömrələri barədə məlumatları saxlayırlar. Həmin obyektlərdə mövcud olan nömrələrdən gələn SMS-lərdir ki, bunun da dayandırılmasının qarşısını ala bilmirlər.
Üçüncüsü, istehlakçıya xəbərdarlıq edilmədən göndərilən SMS-lərdir. Hazırda bu tip SMS-lərin qarşısının alınması məqsədi ilə qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlanıb".
Gülnar Əliyeva
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18