Vətəndaş cəmiyyətinin həssaslığı
12:00 28-11-2015
KRİMİNAL
Bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin rolu və mövqeyi get-gedə inkişaf edir. Dövlətin xüsusi qayğısı nəticəsində formalaşan vətəndaş cəmiyyəti bu gün bütün proseslərə vaxtında reaksiya verir və olayın iştirakçısına çevrilə bilir.
Elə bu günlərdə Naradaran hadisələri baş verəndə ilk reaksiya QHT rəhbərlərindən gəldi. Bu isə bir daha sübut etdi ki, vətəndaş cəmiyyəti dövlət quruculuğunda aktiv iştirak edir və get-gedə gücünü artırır. Bu baxımdan millət vəkili Azay Quliyevin Naradaran hadisələri ilə bağlı açıqlaması yerinə düşür: "Hamı bilməlidir ki, dövlətçiliyimizə qarşı atılan istənilən addım cavabsız qalmayacaq və ən sərt şəkildə bunun qarşısı alınacaq".
A.Quliyev qeyd edib ki, Azərbaycanda bütün sahələrdə əldə olunan inkişafın təməlində möhkəm dayaqlar üzərində qurulan ictimai-siyasi sabitlik dayanır: "Dünyanın müxtəlif yerlərində, o cümlədən Yaxın Şərqdə davam edən vətəndaş müharibəsinin fonunda Azərbaycan prezidenti İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan sabitlik və azadlıq adasıdır. Tarix boyu dini tolerantlığın mövcud olduğu ölkəmiz bu gün də dünyada ənənəvi və unikal multikulturalizm məkanı kimi tanınır və təqdir olunur".
Deputat bildirib ki, ancaq təəssüflər olsun ki, xarici dairələrin məkrli niyyətlərinin alətinə çevrilən müəyyən qrup şəxslər dövlətçiliyimizin dayaqlarının sarsıdılmasına çalışırlar: "Noyabrın 26-da Sabunçu rayonunun Nardaran qəsəbəsində Daxili İşlər Nazirliyinin keçirdiyi xüsusi əməliyyat zamanı radikal dini ekstremist qrupun üzvləri hüquq-mühafizə orqanlarına silahlı müqavimət göstəriblər, 2 polis əməkdaşı həlak olub. Din pərdəsi altında hakimiyyət nümayəndələrinə qarşı itaətsizlik nümayiş etdirən, qanunsuz silahlı dəstə yaradan bu qrupun məqsədi ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq və xaos yaratmaqdır. Sosial, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq hüquq-mühafizə orqanlarına qarşı silahlı müqavimət göstərən bütün şəxslər dövlətin ən sərt qanunları ilə mühakimə edilməli, ictimai-siyasi sabitliyin pozulmasına imkan verilməməlidir".
Azərbaycanda din-dövlət münasibətlərinin kifayət qədər aydın və uğurlu hüquqi, ictimai əsaslara söykəndiyini vurğulayan A.Quliyev Konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə cəhd edən radikal dini qrupların heç bir halda ölkə dindarlarının mövqeyini ifadə etmədiyini söyləyib: "İnanıram ki, çoxsaylı ilahiyyatçılar və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən də fəaliyyəti haqlı olaraq pislənilən bu cür qrupların bütün üzvlərinin ifşa edilərək məsuliyyətə cəlb olunması üçün zəruri addımlar atılacaq. Azərbaycanda bütün inanclı insanlar indiyədək olduğu kimi bundan sonra da dövlətçiliyimizin ətrafında sıx şəkildə birləşəcək və bu cür ekstremist qruplara qarşı kəskin etirazlarını bildirəcəklər".
Həqiqətən də bu gün müxtəlif adlar, dini təriqətlər adı altında dövlətçiliyimizə zərbə vurmağa cəhdlər edilir və bunun qarşısı yerindəcə alınır. Bunun ən əsas səbəbi isə budur ki, vətəndaş cəmiyyəti ilə dövlət arasında sıx bağlılıq var və yad elementlər dərhal kənara atılır. Elə prezident İlham Əliyevin bəyanatı da bunu təsdiq edir. Belə ki, prezident İlham Əliyev bəyan etmişdi ki, Azərbaycan dövlətçilik ənənəsini qoruyur və bunun üçün dini tolerantlığa, sivilizasiyaların vəhdətinə ciddi əməl edir: "Azərbaycan müsəlman aləmində birinci ölkədir ki, Vatikanda öz sərgisini nümayiş etdirə bilmişdir. Biz islamofobiyaya qarşı açıq şəkildə mübarizə aparırıq. Ən yüksək səviyyədə - Prezident səviyyəsində bəyanatlar verilib. İslamofobiya çox böyük təhlükədir, böyük ədalətsizlikdir. Gələcəkdə sivilizasiyalararası münaqişələrə gətirib çıxara bilər. Ona görə, həm ölkə daxilində, həm xaricdə biz İslam mədəniyyətini təbliğ edirik. Dünyanın inkişaf etmiş ölkələrində Azərbaycanın təşkilatçılığı ilə mütəmadi qaydada sərgilər, təqdimatlar, mədəni proqramlar təşkil edilir. Azərbaycan dinlərarası, millətlərarası əlaqələrin inkişafı üçün də fəal rol oynayır. Bizim təşəbbüsümüz ilə Bakıda artıq bir neçə dəfə Beynəlxalq Humanitar Forum keçirilmişdir. Üç dəfə Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Dünya dinlərinin liderlərinin Zirvə görüşü keçirilmişdir. Gələn il BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcəkdir. Qeyd etməliyəm ki, bütün bu tədbirlərdə ISESCO fəal iştirak edir. Budur bizim dinlərarası, mədəniyyətlərarası münasibətlərə töhfəmiz.
Bu yaxınlarda Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Azərbaycan artıq dünyada multikulturalizmin mərkəzi kimi tanınır. Azərbaycanda heç vaxt milli, dini zəmində qarşıdurma olmamışdır və əminəm ki, olmayacaqdır.
Biz tam əminik ki, multikulturalizmin gözəl gələcəyi var. Sadəcə olaraq bəzi siyasətçilər, ictimai xadimlər öz çıxışlarında daha da diqqətli olmalıdırlar. Çünki multikulturalizmin alternativi yoxdur. Alternativ ayrı-seçkilikdir, diskriminasiyadır, islamofobiyadır, ksenofobiyadır. Bu, gələcəyə aparan yol sayıla bilməz. Ona görə, biz bu bölgədə öz siyasətimizlə və təşəbbüslərimizlə dinlərarası münasibətlərin gücləndirilməsi üçün çalışırıq və çalışacağıq.
Azərbaycan zəngin tarixə malik olan bir ölkədir. Əminəm ki, qonaqlar Bakının qədim tarixi abidələri ilə tanış olacaqlar. Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi, İslam dəyərlərinin müdafiəsi üçün beynəlxalq müstəvidə fəal iş aparır.
Onu da qeyd etməliyəm ki, Azərbaycan gənc müstəqil dövlətdir. Cəmi 24 ildir ki, biz müstəqil dövlət kimi yaşayırıq. Sovet dövründə Azərbaycanda cəmi 17 məscid var idisə, bu gün məscidlərin sayı 2 mindən çoxdur. Biz fəxr edirik ki, dünyanın ən qədim məscidlərindən biri - 743-cü ildə tikilmiş Şamaxı məscidi Azərbaycanda yerləşir. Bu yaxınlarda məscid əsaslı şəkildə təmir edilibdir və bu gün həm dini abidədir, həm də memarlıq abidəsidir. Ona görə, bu məsələlərdə əlbəttə ki, beynəlxalq təşkilatların, aparıcı siyasətçilərin rolu kifayət qədər böyükdür - xüsusilə indiki şəraitdə, çox həssas vaxtda. Əfsuslar olsun ki, dünyada münaqişələr daha da alovlanır, qarşıdurmalar daha da çoxalır. Azərbaycan öz tərəfindən çalışır ki, humanitar əməkdaşlıq risklərin azaldılmasına gətirib çıxarsın". Bunu da qeyd edək ki, vətəndaş cəmiyyətinin rolu nə qədər artırsa media da o qədər vətəndaş cəmiyyətləri ilə bir harmoniya yaradır və yanlışlıqlara qarşı barışmazlıq nümayiş etdirir. Elə son Naradaran hadisələrində Mətbuat Şurasının tutduğu mövqe də bunu təsdiqləyir."Bu gün Nardaranda baş vermiş iğtişaş son dərəcə xoşagəlməz vəziyyət yaradıb. Durumun ağırlığını təsdiqləyən ilk cəhət insan tələfatının və zorakılığın qeydə alınmasıdır. Məsələnin ikinci tərəfi isə peşə vəzifəsini yerinə yetirən jurnalistlərə qarşı xoşagəlməz rəftarın müşahidə olunmasıdır".
Bunu Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bu gün Nardaranda baş vermiş iğtişaşlar zamanı jurnalistlərə yaradılan maneələrə münasibət bildirərkən deyib.
Ə.Amaşov hadisə yerində işləyən bəzi televiziya və saytların əməkdaşlarının təzyiqlə üzləşdiyini bildirib.
"Jurnalistlərə qarşı belə təzyiqin qeydə alınması təəssüf və üzüntü doğurur. Hesab edirik ki, bu, Nardaran hadisəsinin siyasi mahiyyəti ilə bağlı cəmiyyətdə dolaşmaqda olan fikirlərin təsdiqi baxımından tamamlayıcı faktordur. Görünür, kimlərsə iğtişaş və xaos mənzərəsinin formalaşdırılması üçün mediaya təzyiq planını da düşünüb. Əks halda peşə borcunu yerinə yetirmək üçün hadisə yerinə gələn media mənsublarının fəaliyyəti əngəllənməzdi", - deyə Şura sədri qeyd edib.
Ə.Amaşov bildirib ki, ictimaiyyətdə iğtişaşların bir qrup maraqlı şəxs tərəfindən hazırlandığına və həyata keçirildiyinə dair baxışlar var: "Haqlı olaraq irəli sürülən əsaslandırılmış məntiqi fikir və düşüncələrə də rast gəlinməkdədir. Mediaya təzyiq isə söz və ifadə azadlıqları kontekstində dəyərləndirilən məsələdir. Mövcud durumda jurnalistlərin peşə fəaliyyətini məhdudlaşdırmağa yönələn hərəkətin də sıradan bir vəziyyət olmadığını düşünmək mümkündür. Azərbaycan Mətbuat Şurası belə qənaətdədir ki, iğtişaşı yaradan amillərin aşkarlanması nə qədər aktual əhəmiyyət kəsb edirsə, jurnalistlərə qarşı kobud rəftarı doğuran səbəblərin müəyyənləşdirilməsi də bir o qədər zəruridir, mütləqdir".
Ə.Amaşov qeyd edib ki, Mətbuat Şurası Nardaranda baş vermiş iğtişaşları işıqlandıran jurnalistlərə təzyiqi qətiyyətlə pisləyir: "Şura ümid edir ki, hüquq-mühafizə orqanları məsələyə dərindən yanaşacaq, müvafiq hüquqi ölçü götürüləcək".
"Mətbuat Şurası günahkarların layiqli cəzalarını almaları üçün səlahiyyətləri çərçivəsindəki bütün mümkün vasitələrdən istifadə edəcək, müvafiq dövlət qurumları qarşısında məsələ qaldıracaqdır" deyə Şura sədri qeyd edib.
Ə.Amaşov onu da vurğulayıb ki, Mətbuat Şurası media orqanlarını Nardaranda baş vermiş iğtişaşların işıqlandırılmasına həssas yanaşmağa, hadisənin mahiyyətini düzgün şəkildə çatdırmağa, cəmiyyətdə təfriqə yarada biləcək fikir və düşüncələri yaymamağa, ümumən peşə borcunu məsuliyyətlə yerinə yetirməyə çağırıb.
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16