Musa Qasımlı: "Radikal dini cərəyanları dövlətimiz və vətəndaşlarımız üçün təhlükəli hesab edirəm,
bu məsələdə vətəndaşların dövlət orqanlarına yaxından yardım etməsinin faydalı olacağı qənaətindəyəm"
Azərbaycan dünyəvi hüquqi dövlətdir. Bütün hüquqi dövlətlərdə din dövlətdən ayırı olur. Ölkəmizdə din dövlətdən və dövlət dindən ayrıdır.
Bu prinsiplər Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapıb. Azərbaycanın "Dini etiqad azadlığı haqqında"qanunu isə hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququnu tanıyır. Amma Nardaranda baş verən son məlum hadisələr göstərdi ki, bəzi özünü dindar adlandıran şəxslər "Müsəlman Birliyi Hərəkatı" adı altında təşkilatlanaraq dövlətin şəriət qanunları ilə idarə olunmasını istəyir. Məhz bu məqsədlə əhali arasında təbliğat aparır, dövlətçiliyə qarşı xarici qüvvələrin sifarişlərini yerinə yetirirlər.
Millət vəkili Musa Qasımlı deyir ki, Azərbaycan hüquqi dövlət quruculuğu siyasəti yürütdüyündən hər an bu cür təxribatların qarşısını almağa hazır olmalıdır. Millət vəkilinin sözlərinə görə, "Dini etiqad azadlığı haqqında"qanunun 28-ci maddəsi dini etiqad azadlığı haqqında qanunvericilik üzərində nəzarəti təmin edir: "Azərbaycan Respublikasının dini etiqad azadlığı haqqında qanunvericiliyinin icrası üzərində nəzarət qüvvədə olan qanunvericiliyə müvafiq surətdə həyata keçirilir. Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Heç kəs öz dini etiqadını ifadə etməyə dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verilmir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin, dini cərəyanların yayılması və təbliği qadağandır. Dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır.Valideynlər və ya onları əvəz edən şəxslər, qarşılıqlı razılıq əsasında, uşaqlarını özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər".
Millət vəkili deyir ki, qanunda da qeyd olunub ki, Azərbaycan Respublikasında din və dini qurumlar dövlətdən ayrıdır: "Dövlət ona aid olan hər hansı işin yerinə yetirilməsini dini qurumlara tapşırmır və onların fəaliyyətinə qarışmır. Bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdir. Heç bir din və dini qurum barəsində digərlərinə nisbətən hər hansı üstünlük və ya məhdudiyyət müəyyən edilə bilməz. Dini qurumlar ictimai həyatda iştirak etmək, habelə ictimai birliklərlə yanaşı kütləvi məlumat vasitələrindən istifadə etmək hüququna malikdirlər. Lakin, dini qurumlar siyasi partiyaların fəaliyyətində iştirak etmir və onlara maliyyə yardımı göstərmirlər. Din xadimləri dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda onların peşəkar dini fəaliyyəti həmin vəzifədə olduqları müddətdə dayandırılır.
Dini qurumlar cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə onlar üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidirlər".
M. Qasımlı deyir ki, qanunun 21-ci maddəsində göstərilib ki, İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasında təhsil almış Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər: "Amma bu cür ayinlər bəzən xaricdə dini təhsil alan şəxslər tərəfindən keçirilir. Qanunun 30-cu maddəsində dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət də nəzərdə tutulub. " Dini etiqad azadlığı haqqında" qanunvericiliyin pozulmasına görə vəzifəli şəxslər , digər fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Deputat, professor Musa Qasımlı deyir ki, orta məktəbi bitirdikdən sonra, bəzən də heç bitirmədən bəzi şəxslərin xarici ölkələrdəki dini mərkəzlərə valideynləri və ayrı-ayrı özəl qurumlar tərəfindən təhsil almağa göndərilməsi dövlət-milli maraqlarımıza tamamilə ziddir. Bir neçə il bundan öncə "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklik edilib. "Azərbaycanda qanunvericilik dəyişdirilib və xaricdə dini təhsilə qadağa qoyulub. Eyni zamanda xarici ölkədə dini təhsil almış şəxslərin məscidlərdə fəaliyyət göstərməsi qadağan olunub: "Bu, Azərbaycanın altına qoyulmuş bombadır və bir dövlət olaraq bizi zəiflətməkdir. Belə şəxslər hələ formalaşmadıqlarından həmin ölkələrin xüsusi xidmət orqanlarının təsiri altına asanlıqla düşürlər. Geri döndükdə isə ölkəmizə gətirdikləri məzhəb, təriqət qarşıdırmaları və digər fəaliyyətləri ilə dövlətimizi zəiflədir, millətimizin birliyinə zərbə vurur, ictimai asayişi pozurlar. Bir anlıq təsəvvür edin ki, cümə günləri namazdan çıxan məzhəb və təriqət fərqi olan, bir-birinə nifrət edən dindarlar nə zamansa küçələrdə üz-üzə gələrlərsə, bunun ölkəmiz üçün hansı ağır nəticələri olar? Bu, kimə lazımdır? Bizə lazım olmadığı, lakin həmin gənclərin təhsil aldıqları ölkələrin işinə yaradığı şəksizdir. Ona görə də xaricdə dini təhsil məsələsində qanunun gücündən ən sərt şəkildə istifadə edilməlidir . Bu məsələnin həllinin sadə bir yolu vardır: Bakı İslam Universitetinin fəaliyyəti gücləndirilməlidir. Yalnız oranı bitirən və artıq formalaşmış gənclər dini təhsilini artırmaq üçün müəyyən şərtlərlə xarici ölkələrin dini təhsil mərkəzlərinə göndərilə bilərlər. Xaricdə din təhsili alıb, millətimizin dini birliyini parçalayanların məscidlərdə axund və imam olaraq işləmələri qanunla qadağandır. Bu, daha da sərtləşdirilməlidir. Radikal dini cərəyanları dövlətimiz və vətəndaşlarımız üçün təhlükəli hesab edirəm. Bu məsələdə vətəndaşların dövlət orqanlarına yaxından yardım etməsinin faydalı olacağı qənaətindəyəm".
Millət vəkili, Milli Məclisdə yeni yaradılmış Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da deyir ki, bir qrup insanın Azərbaycanda dövlət quruluşunu dəyişmək, dini dövlət qurmaq, dövlət nümayəndələrinə qarşı terror aktlarını törətmək üçün istər Bakı, istərsə də regionlarda xüsusi dəstələrinin yaradılması ilə məşğul olmasının qarşısı birmənalı şəkildə alınmalıydı və alınıb da: "Azərbaycan hüquqi dövlətdir. Ölkədə qanunlar var, dövlətin şəriət qanunları ilə idarəedilməsi yolverilməzdir".
Qeyd edək ki, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə yaradılan "Müsəlman birliyi" adlı hərəkatın üzvlərinin tutulması üçün 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16