Bəzi məmur uşaqlarının ən sevimli əyləncəsi
11:42 02-12-2015
CƏMİYYƏT
Bakıdakı gizli kazinoların axırına çıxmaq mümkün olmur
Bakının müxtəlif ünvanlarında hələ də kazino və qumarxanalar gizli şəkildə fəaliyyət göstərir. Onların sadiq müştəriləri arasında isə "papanın gül balaları" - pula pul deməyən məmur övladları kifayət qədərdir.
Bunu faktlar da sübut edir. Belə ki, sentyabrın əvvəllərində Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakı şəhərində fəaliyyət göstərən qanunsuz qumarxana aşkar ediblər. Belə ki, Xətai rayonu, Zığ yolu, 15 ünvanında fəaliyyət göstərən kafedə qumar oyunlarının təşkil edilməsi bildirilib.
Keçirilən əməliyyat tədbiri nəticəsində iaşə obyektini icarə əsasında işlədən Süleyman Vəliyev, həmin kafenin administratorları Zəmanət Hüseynli, Vasif Hacıyev və orada qumar oynayan daha 5 nəfər şəxs saxlanılıb.
Dindirilmə zamanı adıçəkilən şəxslər həmin obyektdə qanunsuz qumar oyunları təşkil etdiklərini etiraf ediblər.
Baxış zamanı obyektdən "poker" oyun kart dəsti, qumar oyunlarına qoyulan pul vəsaiti maddi sübut kimi aşkar olunaraq götürülüb.
İlin əvvəllərində isə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ceyhun Xəlilovun M.Hadi küçəsində yerləşən çay evində qumarxana təşkil etməsi müəyyən edilib. Ora baxış zamanı 2 ədəd noutbuk və 12 ədəd prosessor aşkar edilərək götürülüb.
Ötən ilin yazında məlum olub ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları paytaxtın Nəsimi rayonu ərazisində müxtəlif obyektlərdə qumarxana təşkil edən iki qrupun ümumilikdə 15 üzvünü saxlayaraq istintaqa təhvil verib. "Çalı Quşu" kafesinə baxış keçirilərkən obyektin qumarxana kimi fəaliyyət göstərməsi müəyyən edilib.
Əməliyyatçılar ərazidəki "Parpali" kafesinə də baxış keçirərkən eyni durumu aşkarlayıblar. Araşdırmalarla müəyyən edilib ki, Türkiyə Respublikasının vətəndaşı 36 yaşlı Kənan Yıldırım ətrafına xeyli adam yığaraq 1 ilə yaxındır ki, qumar oyunları təşkil edir. Ona bu işdə həmyerliləri - İsa Karslı, Özgül Turqay, Ahmed Tuylu, Bircan Varol və Bakı şəhər sakinləri, Elçin Quliyev, Bağır Əliyoldaşov, Ehtiram Hüseynov, Elçin Abdullayev yardım ediblər.
Ötən ilin noyabrında isə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxtda qanunsuz qumarxana fəaliyyətinin qarşısını alınıb. Belə ki, Səbayel rayonu Bülbül prospektində yerləşən "Bikkers Club" çay evində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində "poker" kart qumar oyunları təşkil etməkdə və oynamaqda təqsirli bilinən şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunublar. Obyektə baxış zamanı bu oyunlar üçün istifadə olunan kart dəstələri və qumara qoyulmuş külli miqdarda pul aşkar olunaraq maddi sübut kimi götürülüb.
Araşdırmalar zamanı müəyyən edilib ki, Göyçay rayonunda anadan olmuş, 23 yaşlı İsmayıl Musayev Sabirabad rayon sakini, 24 yaşlı Nicat Məmmədovla əlbir olaraq kirayəyə götürdükləri obyektdə bir neçə aydır ki, qumarxana təşkil ediblər. Gündüzlər çay evi kimi fəaliyyət göstərən obyektdə gecə saat 2-dən sonra səhərə qədər qumar oyunları keçirilib.
İki ay öncə isə Elton Məmmədovun oğlu Anar Məmmədova məxsus məşhur "Nar" kafesində xüsusi əməliyyat keçirilmiş və orada qanunsuz mərc oyunlarının oynanıldığı aşkarlanmışdı.
Paytaxtda özəlliklə də "çay evi" adı altında qanunsuz kazino və qumar fəaliyyəti lə məşğul olan kifayət qədər ünvan var.
Bir müddət əvvəl KİV-in yazdığına görə, məmur övladlarının oynadığı kazino və qumarxanalarda uduşların məbləği kifayət qədər böyük olur. Bu məbləğlər bir "kruq"da ən azı 25-30 min manatdan başlayır və tədricən yüksəlir.
Hətta iki il öncə Azərbaycan məmurlarından birinin övladının qumarda 2 milyonluq mülk uduzduğu barədə söz-söhbətlər yayılmışdı.
Bundan başqa, verilən məlumatlara görə, Azərbaycanın vəzifəli və imkanlı şəxslərinin övladlarının, bir çox hallarda hətta məmur və iş adamlarının özləri daha təhlükəsiz şəkildə qumar oynaya bilmək üçün son vaxtlar qonşu Gürcüstan Respublikasına - Tiflis və Batumiyə, oradakı kazino və qumarxanalara üz tutmağa başlayıblar.
Xatırladaq ki, Azərbaycanda qumar (kazino) fəaliyyəti rəsmi olaraq yasaqdır. Belə ki, mərhum dövlət başçısı Heydər Əliyevin Azərbaycanda bütün kazino və qumarxanaların bağlanması barədə 1998-ci ildə qərar verib. Amma müxtəlif vaxtlarda elə hüquq-mühafizə orqanlarının həyata keçirdiy əməliyyatlardan belə aydın olur ki, bəziləri sözügedən yasağa dırnaqarası münasibət bəsləyirlər.
İnanaq ki, aidiyyatı qurumlar kazinov və qumarxanalarla bağlı rəsmi qadağadan kənara çıxanlara qarşı qanun çərçivəsində lazımi addım atmağa bundan sonra da davam edəcəklər.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43