"Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun qəbul olunacaq
11:01 03-12-2015
CƏMİYYƏT
Azərbaycanda dini ayin, şüar və bayraqlarla bağlı qaydalar sərtləşdirilir
Azərbaycanda "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun qəbul olunacaq. 15 maddədən ibarət qanun layihəsi Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, Dini qurumlar və ictimai birliklər komitəsinin birgə iclasında müzakirəyə çıxarılıb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Zahid Oruc apa-ya açıqlamasında deyib ki, qanun Azərbaycanda dini ekstremizmə qarşı mübarizənin hüquqi və təşkilatı əsaslarını müəyyən edir, dini ekstremizm əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının və vətəndaşların hüquq və vəzifələrini təsbit edir. Layihədə radikalizm və fanatizmin təbliğ olunması, ölkənin Konstitusiya quruluşuna, onun dünyəvi xarakterinə qarşı fəaliyyətlərin həyata keçirilməsi, ərazi bütövlüyünün tanınmaması ekstremist fəaliyyət sırasına aid edilir. Qanunsuz silahlı birləşmələr yaratmaq, terror fəaliyyətləri həyata keçirmək, ölkənin hüdudlarından kənarda silahlı birləşmə və münaqişələrdə iştirak, milli ləyaqəti aşağılamaq, dini mənsubiyyətə görə vətəndaşlara qiymət vermək təhlükəli əməl sayılır. İnsanları dini etiqada vadar etmək, müxtəlif mərasimlərə gəlməyə məcbur etmək, müxtəlif dini təhsilə vətəndaşları cəlb etmək də qanunun hüquqi çərçivəsinə daxildir və eyni dərəcədə məsuliyyət yaradan hallar kimi müəyyənləşdirilib.
Layihəyə əsasən dini ekstremizmə qarşı mübarizənin əsas prinsipləri qanunçuluğun təmin edilməsi və dini ekstremizmə görə cəzanın labüdlüyüdür. Qanun layihəsində dini ekstremizm əleyhinə mübarizə aparılan xüsusi zonanın hüquqi rejimi ayrıca fəsil kimi verilib. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın həyata keçirildiyi zonada bu əməliyyatı aparan şəxslər aşağıdakı hüquqlara malik olacaq:
- Dini ekstremizm əleyhinə xüsusi əməliyyat zonasında nəqliyyat vasitələrinin və piyadaların hərəkətini müvəqqəti məhdudlaşdıran və ya qadağan edən tədbirləri tətbiq etmək. Ərazinin müəyyən sahələrinə və obyektlərə nəqliyyat vasitələrini və piyadaları buraxmamaq;
- Fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadan onların günün müəyyən edilmiş vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmalarını qadağan etmək;
- Dini ekstremizm əleyhinə xüsusi əməliyyat zonasına giriş və ya bu zonadan çıxış zamanı fiziki şəxslərə, onların əşyalarına, nəqliyyat vasitələri və nəqliyyat vasitələrində olan əşyalara texniki vasitələr tətbiq etməklə baxış keçirmək;
- Fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədləri yoxlamaq, belə sənədlər olmadıqda isə şəxsiyyətin müəyyən edilməsi məqsədilə həmin şəxsləri İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş qaydada və müddətdə tutmaq;
- Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması məqsədilə fiziki şəxslərin mənzil və digər yaşayış yerlərinə, onların torpaq sahələrinə, nəqliyyat vasitələrinə, habelə mülkiyyət formasından asılı olmayaraq onların ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə maneəsiz daxil olmaq;
- Dini ekstremizm əleyhinə xüsusi əməliyyatı aparan şəxslərin qanuni tələblərinə mane olmağa yönəlmiş hərəkətlər törədən şəxsləri tutmaq;
- Müqavimət göstərən dini ekstremistləri zərərsizləşdirmək;
- Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar zərurət yarandıqda fiziki şəxsləri əməliyyat zonasından köçürtmək, binaların, qurğuların və digər tikililərin sökülməsini təmin etmək;
- Dini ekstremizm əleyhinə xüsusi əməliyyat zonasında fiziki və hüquqi şəxslərə rabitə xidmətinin və kommunal xidmətin göstərilməsini müvəqqəti dayandırmaq.
- Dini ekstremizm fəaliyyətini aşkar etmək, həmin fəaliyyətə qarşı mübarizə aparmaq və onun qarşısını almaq məqsədilə telefon danışıqlarına qulaq asmaq, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxarılması və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunda nəzərdə tutulmuş digər əməliyyat-axtarış tədbirlərini tətbiq etmək;
- Dini ekstremizm əleyhinə xüsusi əməliyyat zonasında sanitar epidemioloji baytarlıq və karantin tədbirlərini tətbiq etmək;
- Dini ekstremizm əleyhinə xüsusi əməliyyat zonasında tərkibində narkotik və psixotrop maddə olan dərman vasitələrinin dövriyyəsini məhdudlaşdırmaq.
Z. Oruc bildirib ki, bu, çox mühüm məsələdir. Sadə dilə çevirsək, ölkənin bütün ərazisində dini ekstremizm baş qaldıra bilməz, bunun lokal ərazilərdə mənbəyi olur: "Məsələn, bu gün Nardaran hadisələri zamanı Daxili İşlər Nazirliyi, Daxili Qoşunlar ictimai təhlükəsizliyin təmin olunması üçün fəaliyyət göstərir. Orada fövqəladə vəziyyət elan etmədən konkret əməliyyat-axtarış tədbirləri reallaşdırılır, xüsusi yoxlama rejimi müəyyənləşdirilir. Bu o deməkdir ki, hansısa qüvvələr dedikdə buradakı fəaliyyətin hüquqi əsası varmı, oraya hərbi qüvvələr yeridilə bilərmi, orada hansı qoşun növləri olmalıdır, komendant saatı tətbiq olunmalıdır, ya yox, yaxud konkret lokal ərazidə fövqəladə vəziyyət tətbiq olunmalıdırmı? Bütün bu məsələlərlə bağlı həmin zona üzrə hüquqi rejim qanunla tənzimlənəcək. Qanun layihəsində qeyd edilir ki, bu, hansı növ təhlükədir və bununla bağlı hansı addım atılmalıdır".
Z. Oruc qanun layihəsinin müzakirəsi zamanı təkliflərlə çıxış edəcəyini bildirib: "Konstitusion quruluşun dəyişməsinə görə cəzaların tətbiqləri, dini məzhəb bölgüləri və yaxud vətəndaşların məcburən dini fanatizm hərəkətlərinə məcbur edilməsi, müxtəlif dini ayinlərin həyata keçirilməsi hamanı qanunsuz hərəkətlərə yol verməyə görə hər birinin hüquqi məsuliyyəti müəyyənləşməlidir. Yəni hər bir cinayət və onun cəzasının konkret hüquqi çərçivəsi aydınlaşmalıdır".
Layihə Milli Məclisin dekabrın 4-də keçiriləcək iclasına tövsiyə ediləcək.
Bundan əlavə, Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxs dini təbliğata görə cəzalandırılacaq. Bununla bağlı Cinayət Məcəlləsində təklif olunan dəyişiklik layihəsi Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu və Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb. Təklif edilən 168-1.2 maddəsinə əsasən, əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılması 1 ildən 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu hal təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
H.İsgəndərov
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18