Dörd

Barələrində olan ciddi narazılıqlar və himayədarlarının ifşası onlar üçün qaranlıq gələcək vəd edir...

Yeni ilə qədər bir neçə icra başçısının da yola salınacağına şahidlik edəcəyik. Məlumatlı mənbənin "Unikal" qəzetinə verdiyi məlumata görə, indiyə qədər aparılan kadr islahatları bundan sonar da davam edəcək və növbəti dalğada bəzi icra başçılarının "vurulmasını" müşahidə edəcəyik.
Daxil olan məlumatda vurğulanır ki, bir müddət əvvəl rayon icra hakimiyyəti başçılarının qanunsuz əməllərindən, onların sahibkarlara qarşı həyata keçirdikləri ağlasığmaz təzyiqlərdən Prezident Administrasiyasına edilən şikayətlərin monitorinqi aparılıb. Hazırda monitorinqin nəticələri ümumiləşdirilir və yaxınlarda siyasi rəhbərliyə təqdim ediləcək.
Məlumatda bildirilir ki, belə monitorinqlər vaxtaşırı aparılır və siyasi rəhbərliyə məruzə edilir: "Siyasi rəhbərlik də məruzə əsasında icra başçılarını cəzalandırır, işdən çıxarır. Bu dəfə də monitorinq daha ətraflı aparılıb və etimadı doğrultamayan icra başçılarının siyahısı müəyyən edilib. Odur ki, yeni təqvim ilinə qədər onların yeniləri ilə əvəzlənəcəyi gözlənilir".
Bütün bunların nəticəsiz qalmayacağına əminlik ifadə edən qaynağımız "vurulacaq" icra başçılarının adlarını da açıqlayıb. Məlumata görə, Qazax rayonunun icra başçısı Ayaz Əsgərov, Kürdəmir RİH başçısı Ceyhun Cəfərov, Quba rayonunun icra başçısı Yaşar Məmmədov və Ucar rayon RİH başçısı Mənsur Məmmədovun yola salınacağı daha inandırıcı görünür. Niyə məhz adıçəkilən icra başçıslarının hədəfə alınmasına da aydınlıq gətirən mənbəmiz digər ilginc məqamlara da toxunub:
"Qeyd etdiyim kimi mütəmadi olaraq icra başçılarının fəaliyyəti ilə bağlı monitorinqlər həyata keçirilir. Eyni zamanda ayrı-ayrı rayon rəhbərləri, onların müəllifliyi ilə həyata keçirilən müəmmalı əməliyyatlarla bağlı ölkə mətbuatında dərc olunan faktların da araşdırılması həyata keçirilir. Adıçəkilən icra başçılarının hər biri haqda "yuxarılar"da təkzibolunmaz kompromatlar var, həmin məlumatlarda isə onların etimadı doğrultmadığı faktlarla sübut olunur".
Mənbəmiz eyni zamanda icra başçılarının nəzərdə tutulan "vurulma" prosesinin onların daha yüksək çinli himayədarlarının artıq hakimiyyət düşərgəsində etimadı itirməsi ilə əlaqəli olduğunu düşünür: "Məlumdur ki, hansısa rayon və ya şəhərə icra başçısı təyinatından öncə müəyyən məsləhətləşmələr aparılır. Sirr deyil ki, icra başçılarının prezidentə təqdimatını müxtəlif vəzifəli şəxslər verir və dolayısı ilə onlar həmin şəxslərə bir növ cavabdehlik daşıyırlar. İndi isə gəlin aydınlaşdırmağa çalışaq, "vurulması" planlaşdırılan icra başçıları kimlərdir və hansı məmurların zəmanəti ilə vəzifəyə təyin olunublar? Qazax rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov 2009-2015-ci illərdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışmış, hazırda isə nəqliyyat nazirinin müavini postunu tutan Arif Əsgərovun dost-doğma qardaşıdı. Məlum olduğu kimi, Arif Əsgərovun üzərində ciddi şübhələr var və onun adı 48 milyonluq məlum qalmaqalda hallanır. Odur ki, indi Arif Əsgərovun özünə etimad itibsə hansı məntiqlə onun zəmanəti ilə Qazaxa icra başçısı təyin olunan qardaşı görəvdə saxlanılmalıdır? Adları çəkilən digər icra başçılarının situasiyası da oxşardır."
"Unikal" qəzeti isə xatırladır ki, "vurulacaq" dörd icra başçısından biri olan Kürdəmir RİH başçısı Ceyhun Cəfərov məlum olaylarla bağlı həbs olunmuş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun bacısının yoldaşıdır. Qeyd edək ki, Kürdəmir RİH başçısının "krışası" sayılan Vidadi Zeynalov cinayət məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur, bu isə Ceyhun Cəfərovun vəziyyətinin də ağırlaşacağından xəbər verir.
Siyahıda adları yer alan Quba rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov və Ucar RİH başçısı Mənsur Məmmədov isə hakimiyyət düşərgəsində mövqeləri əhəmiyyətli şəkildə laxlayan nəqliyyat naziri Ziya Məmmədova bağlı kadrlardır. Ucarın icra başçısı Mənsur Məmmədov isə Ziya Məmmədovun həm də əmisi oğludur. İndi isə sual olunur: Əgər Ziya Məmmədov daha əvvəlki gücünü və etimadını itiribsə, qardaşı Elton Məmmədov mandat qazana bilmədisə onun kadrları olan icra başçılarının "vurulmasından" təbii nə ola bilər?
Digər tərəfdən isə adları çəkilən hər bir icra başçısının adı son günlər həm korrupsiya olaylarında, həm də sahibkarlara qarşı təzyiqlərdə daha çox hallanır.
Elvin Rüstəmov