Azərbaycanda

Səlim Müslümovdan mühüm addım: Bu aydan əlilliyin elektron təyininə başlanacaq

Bu aydan Azərbaycanda əlilliyin təyin olunması ilə bağlı yeni avtomatlaşdırılmış sistemə keçiləcək. Bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
O bildirib ki, bununla bağlı Nazirlər Kabinetinin qərar layihələri hazırlanıb: "Onlardan biri Nazirlər Kabinetinə təqdim olunub. İkisi də bu günlərdə təqdim olunacaq. Dekabrın 15-nə qədər bu layihələrin imzalanması gözlənilir. Çünki bütün müvafiq qurumlarla bu məsələni razılaşdırmışıq. Layihədə Səhiyyə Nazirliyinin zəruri saydığı sonuncu dəyişikliklər əlavə olunur. Proqram təminatı tam hazırdır. Heç bir problemimiz yoxdur. Nazirlər Kabineti qərar verən kimi bunun tətbiqinə başlayacağıq. Bütün hallarda qərarın verilməsi üçün ən gec tarix yanvar ayının 1-i ola bilər".
Nazir qeyd edib ki, yeni qaydalara görə bütün növ təkrar müayinələr ləğv olunacaq: "Əlillər 5 il müddətində heç bir halda təkrar müayinəyə müraciət etməyəcəklər. Əlilliyin müəyyən olunması avtomatlaşdırılmış şəkildə müəyyənləşdiriləcək. Müayinənin nəticələri də dərhal avtomatlaşdırılmış şəkildə bizim mərkəzi informasiya bazamıza daxil ediləcək. Yəni hər hansı bir şəxs Səhiyyə Nazirliyinin daxilində olan hospitallardan, xəstəxanalardan və ya poliklinikalardan "forma 8" alacaq, onunla internet vasitəsilə bizə müraciət edəcək. Sənəd bizə daxil olan kimi avtomotik şəkildə həmin şəxsin hansı tarixdə, hansı vaxtda, hansı komissiyaya müraciət etdiyi göstəriləcək. Tibbi Sosial Ekspert Komissiyası (TSEK) kimlərin onlara müraciət edəcəyini ancaq həmin gün biləcək. Müraciətə həmin gün baxılacaq və dərhal da avtomatlaşdırılmış şəkildə nəticələr sistemə daxil ediləcək".
Qeyd etmək lazımdır ki, xalq arasında "VTEK" kimi tanınan TESK-lərdə rüşvət halları çoxdan müzakirə mövzusudur. Hüquq-mühafizə orqanlarının indiyədək həyata keçirdikləri çoxsaylı həbslər də bu komissiyaların özünə çəki-düzən verməsinə gətirib çıxarmır. Hələ də TSEK-lərdə rüşvət at oynadır. Amma nazir Səlim Müslümovun bu istiqamətdə apardığı siyasət və həyata keçirdiyi sərt tədbirlər bu sistemdəki rüşvət və korrupsiyanın qarşısını alır.
Ümid etmək olar ki, artıq "VTEK"lərin "rüşvət bazarı"nın yığışdırılmasında həlledici dönəm başlayır. Azərbaycanda əlilliyin elektron təyininə start verilməsi TSEK sədrlərinin "bazarını" əməlli-başlı "öldürəcək". Hər halda gözləntilər bu yöndədir. İnanaq ki, həmin gözləntilər həqiqətən reallaşacaq.
Toğrul Əliyev