Ermənistanla sərhəddin açılması yenidən gündəmdə
11:35 06-06-2012
CƏMİYYƏT
Ermənistanla sərhəddin açılması yenidən gündəmdə
Hillari Klinton topun Ankarada olduğunu deyir, Qarsda isə sahibkarları hökumətin üstünə qaldırırlar
Cənubi Qafqaza səfərə gələn ABŞ-ın dövlət katibi ilk səfərin Ermənistana edib. Həmin səfəri çərçivəsində onun Gürcüstan və Azərbaycanda da olacağı dəqiq məsələdir. Bölgədəki problemləri müzakirə etməyə çalışan dövlət katibinin açıqladığı məqamlardan biri də Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlıdır.
Qeyd edək ki, bununla bağlı xeyli əvvəl məsələ müzakirə olunmuşdu. Hətta Türkiyə ilə Ermənistan arasında protokol da imzalanmışdı. Amma Ermənistanın yürütdüyü siyasət və oyun qaydalarını pozması nəticəsində Ankara protokolları ratifikasiya etməkdən imtina etdi. Həmin vaxt Azərbaycanın reaksiyasının da prosesə təsiri olduğu şübhəsiz idi. Çünki rəsmi Bakı blokadada saxlamaq istədiyi İrəvana Ankaranın qapı açmasını istəmirdi.
Amma sərhədlərin açılması məsələsi yenidən gündəmə gəlib. ABŞ dövlət katibi Hillari Klinton İrəvanda olarkən verdiyi açıqlamasında bəyan edib ki, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşmasını ehtiva edən protokolların ratifikasiya edilməsi qeyri-şərtsiz həyata keçirilməlidir. "ABŞ Ermənistanla Türkiyə arasında əlaqələrin normallaşmasının iki ölkənin xeyrinə olduğunu düşünür. Bu məsələdə top hal hazırda Türkiyənin sahəsindədir".
Bildirək ki, ortada təkcə Klintonun bəyanatı yoxdur. Həmçinin digər bir proses də Ermənistanla sərhəddə yerləşən Türkiyənin Qars şəhərində başladılıb. Türk mətbuatının yaydığı məlumata görə, Qarsın aparıcı sahibkarlarının əliylə əhali arasında geniş təbliğat aparılır. Belə ki, həmin sahibkarlar xarici, hətta erməni mətbuatına çıxaraq, sərhədlərin açılması tələbi ilə çıxış edirlər. Vəziyyət hətta o həddə çatıb ki, həmin sahibkarlar sərhədlər açılmayacağı təqdirdə, özləri Ermənistanla birbaşa ticarətə başlayacaqlarını bəyan edirlər.
Erməni mətbuatı isə bu məsələni xüsusi olaraq qabarıq şəkildə verir. Həmin qəzet və saytlar bildirirlər ki, qarslı sahibkarlar faktiki vəziyyətlə barışmaq istəmir və sərhədlərin açılması tələbi ilə çıxış edirlər. Eyni zamanda, onu da bildirirlər ki, türk iş adamları bunu könüllü şəkildə həyata keçirirlər.
Amma türk analitiklər başqa bir fikirdədirlər. Onlar bildirirlər ki, hələ SSRİ dövründə Türkiyədə kəşfiyyat işlərinin aparılması məsələsi Ermənistana həvalə olunmuşdu. Ekspertlərin qənaətinə görə, həmin şəbəkə bu gün də qalır və faktiki olaraq müxtəlif təxribatlara da imza atır. Məsələn, Hrant Dinkin ölümünə etiraz əlaməti olaraq "Hamımız Hrantıq, hamımız erməniyik" şüarları ilə keçirilən aksiya erməni kəşfiyyatının təşkilatçılığı səyəsində baş tutub. Onların iddiasına görə, Qarsda son dövrlər baş qaldırmış aktual məsələ də onların əliylə reallaşdırılır.
Amma ekspertlər hesab edirlər ki, bu məsələdə təkcə Ermənistan kəşfiyyatını deyil, həmçinin Qərbin də maraqlarını nəzərdən qaçırmaq olmaz. Onlar qeyd edirlər ki, Qərbin xüsusi xidmət orqanları bu məsələdə maraqlı olduğu üçün sərhədyanı ərazilərdə Ermənistan məsələsi ilə bağlı təbliğat aparırlar. Məqsəd isə həmin regionda Türkiyə hökumətinə qarşı narazılıq formalaşdırmaq və vəziyyəti gərginləşdirməkdir. Əgər bu proses baş verərsə, həmin maraqlı tərəflər sahibkarların diliylə Ermənistanla sərhəddin açılması tələbini irəli sürəcəklər.
Türkiyənin Ermənistanla sərhədləri açması isə hazırkı məqamda mümkün deyil. Zatən, bir dəfə protokollar məsələsində Azərbaycanla münasibətləri tamamilə korlanmışdı. Həmin olayın yenidən yaşanmasını istəməyən Ankara bu addımı atmayacaq. Eyni zamanda, Ankaranın dəqiq tələbləri var. Onlar Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmayana qədər bu ölkə ilə əlaqələr quracağını mümkünsüz hesab edirlər.
Cavid Qarabağlı
Digər Xəbərlər
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22
2024-12-25 16:44:42