32 yaşlı deputat Elmar Vəliyevi çətin duruma salıb
12:48 05-12-2015
İQTİSADİYYAT
Gəncədən deputat seçilən Naqif Həmzəyev təmsil olunduğu YAP-ın hədəfində...
Milli Məclisin Gəncədən seçilmiş deputatı Naqif Həmzəyevin Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olmuş Məhəmməd Əmin Rəsulzadə haqqında dediyi nalayiq fikirlər cəmiyyətdə etirazlar doğurub.
Belə ki, YAP-çı deputatın Azərbaycan Xalq Cümhuriyyətinin liderini vətən xaini adlandırması və onun həyat yoldaşı, qurduğu dövlət haqqında xoşagəlməz fikirlər səsləndirməsi bir neçə gündür sosial şəbəkələrdə və ölkə mətbuatında ciddi müzakirə olunur. Bu fikirlərə görə hər kəs Naqif Həmzəyevi tənqid atəşinə tutub qınayır.
"Unikal" qəzeti xatırladır ki, siyasətçi adına və ümumiyyətlə etikaya sığmayan həmin açıqlamasına görə onun deputatlıqdan geri çağırılması üçün facebookda səhifələr yaradılıb, cəmiyyətin müxtəlif qruplarından deputatın cəzalandırılması tələbləri eşidilir.
Bəs, adı bu günə qədər geniş oxucu kütləsinə yetərincə tanış olmayan Naqif Hacıyev kimdir? Biz geniş oxucu marağını nəzərə alaraq son günlər mənfi mənada "qəhrəman"a çevrilmiş bu şəxs haqda zəruri bilgiləri oxucularımıza təqdim edirik. Beləliklə...
Naqif Hacıyev hazırda Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri vəzifəsində işləyir, sonuncu parlament seçkilərində isə Gəncədən mandat qazanıb.
Naqif Həmzəyev 24 may 1983-cü ildə Basarkeçər rayonu (Vardenis) Nərimanlı kəndində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunub. 2003-2004-cü illərdə Türkiyə Cümhuriyyəti Atatürk Universitetində "qonaq tədqiqatçı" statusu ilə "Birinci dünya müharibəsi illərində Türkiyə-Rusya münasibətləri və erməni terroru" mövzusunda araşdırma aparıb. 2004-cü ildə eyni adlı buraxılış işini müdafiə edərək Bakı Dövlət Universitetinin tarix fakültəsinin bakalavr pilləsini bitirib. Elə həmin ildə də Bakı Dövlət Universitetinin tarix fakültəsinin magistr pilləsinə daxil olub. 2013-cü il 8 fevral tarixində Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyevin imzaladığı 11 saylı sərəncamla Gəncə Şəhər Kəpəz Rayonu İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin edilib.
2013-cü il 1 avqust tarixində Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının VIII konfrasında təşkilatın sədri seçilib.
Təəssüfümüzə səbəb olan məqam isə budur ki, Naqif Həmzəyev ixtisasca tarixçidir. Amma görünən odur ki, o BDU-nun tarix fakültəsində yalnız dərslərə gedib-gəlməklə məşğul olub, dərslərdə isə heç nə öyrənməyib. Əks halda o Rəsulzadə haqda ona layiq olmayan fikirlər işlətməkdən çəkinərdi.
Bu arada redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Naqif Hacıyevin "parlamasında" Gəncə şəhər RİH başçısı Elmar Vəliyevin xüsusi xidmətləri olub. Necə deyərlər, Naqif Hacıyev Elmar Vəliyevin dəstəyi ilə ictimai-siyasi sektorda yüksəlişə nail olub. Amma görünən odur ki, Naqif Hacıyev icra başçısına olan borcunu layiqincə qaytara bilmədi. İndi onun bütün cəmiyyətdə, hətta təmsil olunduğu hakim Yeni Azərbaycan Partiyasında da qəzəblə qarşılanan açıqlaması özü ilə yanaşı həm də Elmar Vəliyev üçün müsbət olay sayıla bilməz.
Qeyd edək ki, Naqif Həmzəyevin Rəsulzadə haqqında dedikləri təmsil etdiyi Yeni Azərbaycan Partiyasında da sərt qarşılanıb. Partiyanın mətbuat katibi Hüseyn Paşayev bununla bağlı bildirib ki, bu Naqifin şəxsi mövqeyidir və partiyada heç kim bunu dəstəkləyə bilməz: "Cənab prezident Rəsulzadənin yubileyilə bağlı sərəncam imzalayıb, hər il İstiqlala abidəsini ziyarət edir və dəfələrlə bildirib ki, indiki Azərbaycan 1918-ci il müstəqil Cümhuriyyətin siyasi varisidir".
Eyni zamanda Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Əbiyev də bildirib ki, deputatın bu çıxışına qiymət verilməlidir: "Bununla bağlı İntizam Komissiyasında deyil, Milli Məclisin növbəti iclasında geniş müzakirə aparılacaq. Gəlib bu səviyyəyə qalxasan, deputat seçiləsən, millətin nümayəndəsi olasan, Azərbaycanın yeni tarixindən xəbərin olmasın? Demirik ki, Azərbaycanın min il bundan qabaq tarixini bilmirsən, dünən yaşadığımız tarixdən xəbəri yoxdur. Sən axı o cür kişini niyə elə adlandırırsan? Ona görə də hesab edirəm ki, buna əxlaqi qiymət vermək lazımdır".
A.Əbiyev deputatın səhv hərəkət etdiyini vurğulayaraq, onu orta məktəbdə keçilən tarixi bilməməkdə günahlandırıb: "Nə qədər təhsilsiz, mədəniyyətsiz olasan ki, müstəqil Azərbaycanın ilk sözünü deyən insanı "Azərbaycanın düşməni" adlandırasan. Heç bu sözü deməyə ermənin gücü çatmaz. Naqif Həmzəyev çox böyük səhv edib. Səhv deyilsə, bacardığı, bildiyi budursa, onda heç olmasa gedib ali məktəb dərsliyini demirəm, orta məktəb kitablarını oxusun. Azərbaycan tarixi orada da keçilir, tariximizlə tanış olsun. Məhəmməd Əmin Rəsulzadəyə ulu öndərimiz Heydər Əliyev yüksək qiymət verib. Ölkənin ən ağır, qorxulu vəziyyətində Azərbaycanın müstəqilliyi haqqında danışan, Azərbaycanın üçrəngli bayrağını qoruyan şəxsiyyətə sən hansı haqla "vətən xaini" deyirsən? Hesab edirəm ki, bu xoşagəlməz fikirlərə Milli Məclis mütləq qiymət verməlidir".
A.Əbiyevin bu fikirlərindən sonra məsələ Milli Məclisdə müzakirə olunub. Vitse-spiker Ziyafət Əsgərov sözügedən məsələyə toxunaraq, bu barədə araşdırmaya ehtiyac duyulduğunu deyib.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52