Cahangir Hacıyevin başı üzərində yeni "qara buludlar"
12:49 05-12-2015
CƏMİYYƏT
80 milyonluq layihə niyə Beynəlxalq Bankın sabiq rəhbərinin əlindən alındı?
Ələt-Astara-İran dövlət sərhədi avtomobil magistralının Masallı-Astara yolunun A hissəsinin tikintisi "Azərinşaat" MMC-dən alınıb və tikintinin tamamlanması işlərini başqa şirkət həyata keçirəcək. Bu barədə Nəqliyyat Nazirliyindən məlumat verilib.
Məlumata görə, yolun bu hissəsinin layihə dəyəri 80 mln. manat civarındadır: "Azərinşaat" işin təxminən 70%-ni həyata keçirib. Amma artıq onlarla əməkdaşlığa rəsmən xitam vermişik. İndi yolun qalan hissəsinin inşası üçün bu sahə üzrə ixtisaslaşmış "Polad İnşaat", "Özgün İnşaat" və "Kolin İnşaat" şirkətlərlə danışıqlar aparılır".
Qeyd edək ki, bu ilin iyunun 30-da "Azərinşaat"la bağlanmış müqavilənin müddəti başa çatıb və "Azərinşaat" inşa etməli olduğu 22,15 km-lik yolun tikintisini başa çatdıra bilmədiyi üçün müqavilənin müddəti uzadılmayıb.
"Azərinşaat" Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin biznes imperiyasına daxil olan şirkətlərdən sayılır. Hələ bu ilin mayında KİV yazırdı ki, Beynəlxalq Bankın işi ilə bağlı tutulanlar arasında "Azərinşaat" MMC-nin Direktorlar Şurasının rəhbəri Mehdi Əliyev də yer alır.
Əslində "Azərinşaat" MMC 2012-ci ilə qədər Nəqliyyat Nazirliyinin rəhbərliyinin və oliqarx Hafiz Məmmədovun ("Hafka") kurasiyasında olub. Ötən 10-12 ildə Azərbaycanda həyata keçirilən, dövlət büdcəsindən, beynəlxalq maliyyə institutlarından, Dövlət Neft Fondundan maliyyələşdirilən yol-infrastruktur layihələrinin əksəriyyətini podratçı kimi bu şirkət həyata keçirib.
Lakin 2012-ci ildə bu şirkət ətrafında müəmmalı proseslər başladı. Şirkətin rəhbəri, Türkiyə vətəndaşı Bülent Karani qəfildən, gecə ilə Azərbaycandan qaçdı. Mətbuatda xəbərlər yayıldı ki, Beynəlxalq Bankın rəhbərinin adamları ertəsi gün şirkətə gələrək onun bütün əmlakını, Dərnəgüldə yerləşən ofisini, ərazisini ələ keçiriblər.
Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev həmin vaxtdan şirkətə öz adamı Mehdi Əliyevi rəhbər təyin edib. Bu şirkətdə "Hafka"nın da 285 milyon dollarlıq yatırımı olub. Hazırda o, pulunu Cahangir Hacıyevdən geri ala bilmir. H. Məmmədovun həmin vəsaiti geri qaytarmaq üçün çaba göstərdiyi məlumdur.
Deyilənə görə, Cahangir Hacıyevin şirkətə nəzarəti ələ almasından sonra "Azərinşaat" MMC-nin fəaliyyəti iflic olub, şirkət faktiki olaraq dağılıb. Hazırda onun işçiləri mütəmadi aksiya keçirərək maaşlarını tələb edirlər.
"Azərinşaat" MMC rəhbərinin Beynəlxalq Bankdan nə qədər vəsait götürdüyü və geri qaytarmadığı konkret bəlli deyil. Həmçinin bu şirkətin sahibinin dəyişməsi ətrafında baş verənlər də ayrıca araşdırmanın mövzusudur.
Hesab etmək olar ki, artıq hökumətin bu şirkəti infrastruktur layihələrindən kənarlaşdırmağa başlaması məhz onun Cahangir Hacıyevlə bağlılığından doğur. İstisna edilmir ki, "Azərinşaat" ətrafında cərəyan etmiş qaranlıq proseslər, o cümlədən, adıçəkilən MMC-nin qəfil və şübhəli şəkildə əl dəyişdirməsi məsələsi hüquqi müstəvidə araşdırılsın. Belədə ortaya çıxacaq qanunsuzluqların Cahangir Hacıyevə yeni başağrısı yarada biləcəyi istisna edilməməlidir.
Xatırladaq ki, bu ilin yazından Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Beynəlxalq Bankdan milyardlarla manat vəsaitin kreditlər yolu ilə mənimsənilməsi işi üzrə araşdırmalar aparır, xeyli iş adamı həbs edilib.
Mətbuat yazır ki, həbs olunanlar Beynəlxalq Bankdan iri həcmdə kreditlər götürərək fırıldaqçı sxemlər əsasında mənimsəyən, yaxud kreditləri alıb qaytarmayan iş adamlarıdır. Onların əksəriyyətinin Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə əlaqələri var.
C. Hacıyevin Beynəlxalq Bank rəhbərliyindən səhhətinə görə istefa verdiyini bildirsə də, artıq şübhə doğurmur ki, onun postundan gözlənilməz şəkildə kənarlaşdırılması məhz haqqında danışılan külli miqdarda problemli kreditlərlə bağlıdır. Bir çox KİV-lər hətta onun həbs ediləcəyini istisna etmirlər.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18