Hafiz Məmmədov meydan oxumağa başlayır
12:50 05-12-2015
CƏMİYYƏT
Qalmaqallı iş adamı niyə aktivləşib?
Son günlər "Hafka" kimi tanınan "Baghlan Group" Şirkətlər Qrupunun prezidenti Hafiz Məmmədovun fəallaşdığı hiss olunur. Bir müddət əvvələdək ciddi maliyyə böhranı yaşayan, pulsuzluqdan əziyyət çəkən, biznesi önünə ciddi sədd çəkilən iş adamının qəfil aktivləşməsi diqqət çəkməyə və maraq doğurmağa bilməz.
Qeyd edək ki, "Baghlan Group"un prezidenti dünən növbəti açıqlamalarla çıxış edib. O, bu açıqlamalarında da müəyyən ünvanlara açıq və gizli mesajlar göndərməyi unutmayıb. Həm də "Bakı" futbol klubunun prezidenti olan H. Məmmədov düşdüyü çətin durumdan və komandası ilə bağlı gələcək planlarından danışıb.
qol.az-a müsahibə verən H.Məmmədov yaxın gələcəkdə komandadan gedən oyunçuları geri qaytaracağını deyib: "Namiq Ələsgərovun getməsi mənə çox pis təsir etdi. O klubun öz yetirməsi, çox bacarıqlı futbolçu idi. 5 minə görə komandadan oyunçu gedər? Defolt ola-ola, 12 biznesim fəaliyyətini davam etdirirdi. Ordan gələn gündəlik pulla Namiqin problemini həll etmək olardı. Bir nəfər qayıtdı ki, "Bakı" heç su pulunu ödəyə bilmir. Bu, artıq təxribat idi. Yaxın adamlarımdan bəziləri belə düşünürdü ki, Hafiz Məmmədovun nəsə problemi var. Ürəyim partlayırdı. Ancaq baş verənlər bizim üçün məktəb idi. Yaşananlar insanı dəyişir. 20 ay pulsuz oturduq. Bu müddətdə nə xaricilər bizdən üz döndərdi, nə də yaxın dostlarımız. Biznes strukturlarında da dəstəkləyənlər oldu. Biz sadəcə alacaqlarımızın arxasınca düşmüşdük. Heç kimdən borc almadıq. Bu mənim xarakterimdə yoxdur. Söhbət tək klubda deyil. Ətrafımızda 4 mindən artıq adam işləyir".
H.Məmmədov bəzi oyunçuları komandaya qaytarmaq fikrinin olduğunu da əlavə edib: "Klubdan bir adam gəlib mənə desəydi ki, Namiq Ələsgərov gedir, 5 min ver. Verməyəcəkdim? Digər klublardan da oyunçularımıza qarmaq atırdılar. Ayıbdır. Hamısını geri qaytaracağam. Kim halallıqla gedibsə, mütləq "Bakı"ya qayıdacaq. Özü də elə-belə yox. Ən yaxşı şəraiti yaradacağıq və özləri də geri dönməkdə maraqlı olacaqlar".
H.Məmmədov ona borclu olan klublardan ikisinin adını çəkib: "Mətbuatda yazılır ki, Mübariz Mənsimovun problemi var. Mən bu xəbərə çox pis oluram. Mübariz kimi oğullar ölkəmizə lazımdır. Onun şirkətində çoxlu sayda azərbaycanlı çalışır. Nə qədər adam ailəsini bu şirkətdən qazandığı pulla saxlayır. Heç vaxt istəmərəm ki, bu insanın problemi olsun. Təəssüf ki, "Xəzər Lənkəran"a sponsorluq edən "Palmali" şirkəti ilə məsələmiz açıq qalıb. Əlimizlə pul vermişik. Amma 9 ayda bir dəfə də zəng vurmadılar. Otellərinə qədər gedib çıxdıq. Lakin yenə də reaksiya verilmədi. Siz yol göstərin, mən nə edim? Konkret olaraq, öhdəliklərini yerinə yetirmək istəmirlər. Axırda məcbur olub, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik. Bu gün Premyer Liqada yarışan 3 klubun sponsorlarının "Bakı"ya ümumilikdə 300 milyon borcu var. "Xəzər Lənkəran"ı dedik. Digər bizə borclu olan klub "İnter"dir. Üçüncü klubun adını isə hələlik açıqlamaq istəmirəm".
Xatırladaq ki, Hafiz Məmmədov bundan əvvəl əsas payçılarından biri olduğu, hazırda müflisləşmiş "Azərinşaatservis"lə bağlı ciddi açıqlamalar vermiş, bu şirkətin düşdüyü vəziyyətə görə Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevi suçlamışdı. Məmmədov bildirmişdi ki, bu şirkətə 285 milyon manat yatırım edib. Sonradan şirkəti tamamilə almaq istəyib. Lakin "Azərinşaatservis"in payçılarından olan Cahangir Hacıyev hissəsini güzəştə getməyib. Bundan əlavə müxtəlif vasitələrlə Hafiz Məmmədovu oyundan kənar vəziyyətə salıb. Hafiz Məmmədovun qoyduğu vəsaitin qaytarılmaması bir yana "Azərinşaatservis"in Beynəlxalq Banka olan yüksək faizli(18 faiz) kredit borcu da ondan tələb olunub.
İş adamı müsahibəsində "Azərinşaatservis"in dirçəldilməsinin mümkün olduğunu deyib, bu isə həmin şirkətin ona verilə biləcəyinə dair ehtimallara yol açıb.
Srağagünsə məlum olub ki, Hafiz Məmmədova məxsus olan və uzun müddətdir ki, fəaliyyətsiz qalan "Bank of Azerbaijan" nəhayət ki, yaxın vaxtlarda fəaliyyətini bərpa etməyə hazırlaşır. Bu barədə bankdan məlumat verilib.
Bankdan bildirilib ki, hazırda bank fiziki və hüquqi şəxslərə verdiyi kreditlərin məbləğini azaltmaqla məşğuldur. "Bankın müştərilərdən təxminən 25 milyon manat alacağı var. Bunlar problemli kreditlərdir. Amma həmin kreditlərin əksəriyyətinin girov təminatı var. Əsasən də daşınmaz əmlaklar girov qoyulub. Hazırda girovların satışını həyata keçiririk. Yəgin ki, yanvar ayının sonuna qədər "Bank of Azerbaijan" kreditləşməni və digər bank xidmətlərinin göstərilməsini bərpa edəcək" - deyə bank rəsmisi bildirib.
Bankdan "Bank of Azerbaijan"da yerləşdirilmiş əmanətlərin taleyi barədə da məlumat verilib: "Əmanətləri əlimizə pul gəldikcə qaytarırıq. Elə də çox qalmayıb".
Bir sözlə, həm Hafiz Məmmədovun ard-arda iddialı açıqlamalar verməsi, həm də onun biznesində dirçəlmə tendensiyasının gözə dəydiyi tanınmış iş adamının əvvəlki mövqelərini bərpa etməyə çalışdığını göstərir. Bunun əsas səbəbi isə "Baghlan Group" prezidenti ilə münasibəti kəskin olan dairələrin zərərsizləşdirilməsi və zəifləməsi ola bilər. Söhbət xüsusilə Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin "vurulmasından", nəqliyyat naziri Ziya Məmmədovun isə son bir neçə ay içində əvvəlki gücünü itirməsindən gedir. Görünür, bütün bunlar Hafiz Məmmədovun işinə yarayıb.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18