Hüquqşünas deyir ki, dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, habelə xarici hüquqi şəxsin
nümayəndəlik və ya filialına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd-dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir
Vətəndaş cəmiyyəti ilə bağlı məsələləri tənzimləyən qanunlardan biri də "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanundur. Bu qanun ölkə ərazisində hüquqi şəxslərin dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasının hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir. Bəllidir ki, vətəndaş cəmiyyəti institutlarının formalaşmasında qeyri-hökumət təşkilatları mühüm rol oynayır.
Bu sahədə yeni qəbul olunmuş qanunlar bəzi təşkilatlar tərəfindən QHT-lərin fəaliyyətini məhdudlaşdırmaq kimi qələmə verilsə də, qanunvericilik bazası əslində QHT-lərə səlahiyyətləri və fəaliyyətləri çərçivəsində məsuliyyətlərini dərk etdirir. Qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə əlaqədar digər bir mühüm qanun "Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Reyestri Haqqında" qanundur. Bu qanun hüquqi şəxs statusu almaq istəyən qurumların dövlət qeydiyyatı qaydasını müəyyən edir. Bəs görəsən hüquqi şəxslərin dövlət reyestri qanunla necə aparılır?
Hüquqşunas Müzəffər Baxışov deyir ki, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunun 12-ci maddəsində öz əksini tapıb. Bu maddədə hüquqi şəxslərin dövlət reyestrinin əsas prinsipləri göstərilib: "Hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Hüquqi şəxslərin dövlət reyestri vahid forma, metod və prinsiplər əsasında aparılır. Hüquqi şəxslərin dövlət reyestri ölkəmizin vahid informasiya ehtiyatıdır və onun mühafizəsi və istifadəsi qaydaları Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və təmin olunur. Hüquqi şəxslərin dövlət reyestri kağız və elektron daşıyıcılarda tərtib edilir. Kağız və elektron daşıyıcılardakı qeydlər arasında ziddiyət olduqda, qanunvericilikdə digər qaydada nəzərədə tutulmayıbsa, kağız daşıyıcılardakı qeydlər üstün qüvvəyə malik olur. Dövlət reyestrinin elektron daşıyıcılarda tərtib edilməsi vahid təşkilati, metodoloji və texniki-proqram prinsiplərinin tətbiqinə əsaslanmaqla, dövlətin digər informasiya sistemləri və şəbəkələri ilə onun qarşılıqlı əlaqədə və vəhdətdə fəaliyyət göstərməsini təmin edir.Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınması məqsədilə dövlət reyestrini aparan orqanın sorğusu əsasında Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin qurumlar üçün eyniləşdirmə kodu alınır və onlar həmin kod altında reyestrə daxil edilir".
M. Baxışov deyir ki, dövlət reyestri hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təşkili, qeydiyyatı, yenidən təşkili, ləğv edilməsi barədə məlumatlardan, təsis sənədlərində dəyişikliklər edilməsi barədə məlumatlardan, Azərbaycanın ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialı, habelə digər qurumlar barədə məlumatlardan, qanunvericiliklə müəyyən edilmiş və saxlanmaq üçün qeydiyyat orqanına təqdim edilmiş sənədlər toplusundan ibarətdir. Həmsöhbətimizin sözlərinə görə, dövlət reyestrinin aparılması qaydası, dövlət reyestr kitabının, dövlət qeydiyyatı haqqında şəhadətnamənin və dövlət reyestrindən çıxarışın, saxlanmaq üçün təqdim olunan imza nümunələrinin formaları və ərizənin məzmunu Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Onun sözlərinə görə, dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd-dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir: "Dövlət qeydiyyatına alınmış hüquqi şəxs, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı barəsində dövlət reyestrinə daxil edilmiş məlumatlar dövlət reyestrindən çıxarışla təsdiq edilir.
Dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya dövlət reyestrindən çıxarış möhürün, ştampın, firma blankının, əmtəə nişanının hazırlanması, habelə bank hesabının açılması və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyata alınması üçün əsas sənəddir və bunlar üçün hər hansı əlavə sənəd tələb edilmir".
Dövlət reyestrinə daxil edilən sənədlərə gəlincə, hüquqşunas bildirir ki, aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində qurumun adı,qurumun hüquqi ünvanı, qurumun təşkilati-hüquqi forması, maliyyə ili, qurumun eyniləşdirmə kodu, qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; təsisçi hüquqi şəxsdirsə, onun adı hüquqi ünvanı və qeydiyyatı haqqında məlumatlar əks etdirilməlidir. Həmçinin qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, hüquqi şəxsin ölkəmizin ərazisində və ya ölkəmizin hüdudlarından kənarda yaratdığı qurumların olduğu yer, təşkilati-hüquqi forması və qeydiyyatı haqqında məlumatlar da öz əksini tapmalıdır.
Dövlət reyestrində hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları üçün bu qanunun 14.1-ci maddəsində nəzərdə tutulmuş məlumatlardan əlavə, hüquqi şəxsin təşkilati-hüquqi formasından asılı olaraq aşağıdakı məlumatlar göstərilməlidir. Bura isə səhmdar cəmiyyətində-nizamnamə kapitalının miqdarı, müşahidə şurası yaradıldığı halda, onun hər bir üzvünün adı, soyadı, atasının adı və yaşayış yeri,qeyri-kommersiya təşkilatlarında-fəaliyyət predmeti və məqsədləri, fəaliyyət ərazisi , fondlarda-himayəçilər şurasının üzvləri, fondun nizamnamə kapitalı və təsisçilərin əmlak paylarının həcmi haqqında məlumatlar daxil edilməlidir.
Hüquqşunas bildirir ki, dövlət qeydiyyatına alınmış hər bir hüquqi şəxs, habelə xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialı və Azərbaycanın ərazisində qeydiyyata alınmış hüquqi şəxsin yaratdığı qurumlar barədə məlumatlar dövlət reyestrinə daxil edilməsi üçün təqdim edilmiş sənədlər arxivə verilir.
Dövlət qeydiyyatına və dövlət reyestrinə daxil edilmiş hər bir quruma Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alındığı və ya dövlət reyestrinə daxil edildiyi vaxtdan ən geci 3 gün keçənədək dövlət reyestrindən çıxarış göndərilməlidir. Təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alındığı vaxtdan ən geci 3 gün keçənədək müraciət etmiş şəxsə dövlət reyestrindən çıxarış verilməlidir. Dövlət reyestrindən çıxarışda göstərilən məlumatların həcmi Azərbaycanının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Dövlət reyestrindən çıxarışı almış şəxs onun düzgünlüyünü yoxlamalı və aşkar etdikdə, çıxarışın verildiyi vaxtdan 3 həftə ərzində bu barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verilməlidir. Müvafiq icra hakimiyyəti orqanı həmin yanlışlığın aşkar edilməsi barədə məlumatı yoxlamalı və dövlət reyestrində müvafiq düzəlişlər aparmalıdır. Eyni zamanda hər bir şəxs dövlət reyestrindəki yazılarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı istənilən maraqlı şəxsin tələbi ilə hüquqi şəxsin dövlət qeydiyyatına alınması və ya alınması barədə məlumat verməlidir. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsinə dair, habelə hüquqi şəxslərin təşkili və fəaliyyəti ilə əlaqədar dərc edilməsi qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatlar ümumi tanışlıq üçün rəsmi dövlət qəzetində dərc edilir. Bu qanunun tələblərinin pozulması Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur.
Digər Xəbərlər
2024-12-25 11:17:58
2024-12-25 10:54:47
2024-12-25 10:37:57
2024-12-25 10:22:00
2024-12-25 09:46:00
2024-12-25 09:12:09
2024-12-25 09:00:09
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20