Böyük Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundov azadlıq ideyasının icra olunmasını dövlətin əsası hesab edirdi. Axundov konstitusiyalı dövləti şəxsi azadlığı təmin etməyə çağırırdı: "Etiqad ayrılığı sayəsində insan növü azadlıq hüququndan məhrum ola bilməz".
Dövlət, parlament quruculuğu "insan şəxsiyyətinin tam əmniyyətini", "tam azadlığını təmin etməlidir". Azadlığı insanın təbii hüququ hesab edən Azərbaycan mütəfəkkiri onu ümumbəşəri tərəqqinin zəruri şərti kimi səciyyələndirirdi. Qərb filosofları kimi Axundov da hər bir fərdə öz fikirlərini azad surətdə söyləmək, azad şəkildə yaymaq hüququ verilməsini istəyir, "azadlıq dedikdə, birinci növbədə, fikir, düşüncə, söz, tənqid azadlığını, fərdlərin şəxsi azadlığını nəzərdə tuturdu.
Fransa burjua inqilabının "qardaşlıq", "bərabərlik", "azadlıq" ideyaları Azərbaycan ictimai, fəlsəfi və siyasi fikrinə təsir etmişdir. Fransada qəbul olunmuş İnqilabi və Hüquqlar Bəyannaməsi adlanan "İnsanın və vətəndaşlıq hüquqları haqqında Bəyannamə"də göstərilirdi: "İnsanlar azad və bərabər hüquqlarla doğulur və yaşayırlar". Burada azadlıq və onun növləri haqqında da qiymətli fikirlər öz əksini tapmışdır: "Azadlıq başqasına ziyan vurmayan hər şeyi etmək imkanından ibarətdir: beləliklə, hər bir insanın "təbii hüquqlarının həyata keçirilməsi yalnız cəmiyyətin digər üzvlərinin uyğun hüquqlardan istifadəsini təmin edən hədlərlə məhdudlaşdırılır. Bu hədlər yalnız qanunla müəyyənləşdirilə bilməz". Bəyannamədə heç kəsin baxışlarına, hətta dini baxışlarına görə sıxışdırılması pislənir, "fikir və mövqeyin azad ifadəsi insanın ən qiymətli hüquqlarından biri" hesab edilir.
XX əsrin ən demokratik sənədlərindən biri BMT-nin "bütün dünya üçün insan hüquqları" sənədi sayılan "Ümumdünya, İnsan Hüquqları Bəyannamə"sidir. Bəyannamənin 18, 19 və 20-ci maddələri vətəndaş azadlıqlarına həsr edilib. Burada dövlətin həm intellektual (vicdan, söz, mətbuat azadlığı), həm ictimai sahədə (yığıncaqlar və təşkilatlar azadlığı) insanın fəaliyyətinə müdaxiləsinə məhdudiyyətlər qoyulur.
"Hər bir insanın fikir, vicdan və din azadlığı hüququ var; bu hüquqa öz dinini və əqidəsini dəyişmək, dininə və əqidəsinə həm təklikdə, həm də başqaları ilə birgə, açıq, yaxud xüsusi qaydada, təlimdə, ibadətdə, dini ayin və mərasimlərin icrasında etiqad bəsləmək azadlığı daxildir;
Hər bir insanın əqidə azadlığı və onu sərbəst şəkildə ifadə etmək hüququ var; bu hüquqa əqidəsinə maneəsiz etiqad bəsləmək, dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığı daxildir;
Hər bir insanın azad şəkildə dinc yığıncaqlar keçirmək və birliklər yaratmaq hüququ var.
Heç bir kəs hər hansı birliyə daxil olmağa məcbur edilə bilməz və bu hal saxtalaşdırılmamış seçkilərdə əksini tapmalıdır".
İnsan azadlıqlarının təminatçısı olan ölkəmiz demokratik quruculuq yolunda böyük uğurlar qazanmışdır. Dünya təcrübəsini milli xüsusiyyətlərlə uzlaşdırmaq xəttinə sadiq qalan Azərbaycan bütün sahələrdə inkişaf etmiş, çiçəklənən bir məkandır. Akademik Ramiz Mehdiyev insan azadlıqlarının müdafiə edilməsi sahəsində Azərbaycanın qazandığı uğurlar haqqında özünün "Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi" əsərində belə yazır: "Şərqdə ilk dəfə ölüm hökmünün ləğvi, on minlərlə insanı əhatə edən amnistiyalar, siyasi plüralizmə, söz və əqidə azadlığına geniş imkan yaradılması Azərbaycanın böyük nailiyyətidir".
Azərbaycan Respublikasının Konstitusiyasında azadlıq hüququ (maddə 28), fikir və söz azadlığı (maddə 47), vicdan azadlığı (maddə 48), sərbəst toplaşmaq azadlığı (maddə 49), məlumat azadlığı (maddə 50), yaradıcılıq azadlığı (maddə 51) öz əksini tapmışdır.
Azərbaycan Respublikasında hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.
Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Ölkə vətəndaşının öz ölkəsinə qayıtmaq hüququ vardır.
Əsas mənəvi azadlıqlardan biri fikir və söz azadlığıdır. Azərbaycan Konstitusiyasının 47-ci maddəsində hər kəsin fikir və söz azadlığına malik olması göstərilir: "Hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir".
Hüquqi dövlətdə fərdlər hər hansı ideoloji nəzarətdən azaddırlar. Fikir azadlığına aşağıdakılar daxildir:
1. Buraya hər hansı rəyi, o cümlədən, ateist əqidəni də özündə əks etdirən azadlıq.
2. İnsanın ruhi-mənəvi və intellektual həyatının bütün aspektlərini əhatə edən azadlıq daxildir.
Fikir və söz azadlığı insanın təbii və anadangəlmə xüsusiyyətidir. Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 3-cü hissəsinin 19-cu maddəsində söz azadlığından istifadənin xüsusi vəzifələri və xüsusi məsuliyyəti müəyyənləşdirilmişdir. Fikir və söz azadlığı qeyri-məhdud ola bilməz. Bu nöqteyi-nəzərdən Azərbaycan Konstitusiyasında da fikir və söz azadlığı irqi, milli, dini, sosial ədalət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verildiyi hallarda məhdudlaşdırılır.
Şəxsi azadlıqlar içərisində vicdan (etiqad) azadlığı da xüsusi yer tutur. Azərbaycan Konstitusiyasının 48-ci maddəsində hər kəsin vicdan azadlığına malik olması, dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşınavə ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibətilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ olduğu göstərilir: "Hər kəsin vicdan azadlığı vardır.
Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.
Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir".
Vicdan azadlığı fərdi və kollektiv hüquqdur. Hüquqi dövlət bu hüququ qanunlarla qoruyur, dini əsasda düşmənçiliyə qarşı sərt qaydalar müəyyənləşdirir. Azərbaycanda dini və ateist birliklər dövlətdən ayrıdır, dövlət təhsili dünyəvi xarakter daşıyır, dinlər və dini birliklər qanun qarşısında bərabərdir. Vicdan azadlığı yalnız konstitusiya hüququnu qorumaq əhalinin və dövlət təhlükəsizliyini təmin etmək məqsədilə məhdudlaşdırıla bilər: "Dini mərasimlərin yerinə yetirilməsi ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır".
Hüquqi, dünyəvi və demokratik dövlətdə bir dinin digər din üzərində üstünlüyünə yol verilmir, dini birliklərin digər qeyri-siyasi ictimai birliklərlə bərabər fəaliyyəti tənzimləyir. Hüquqi dünyəvi dövlət fərdin mənəvi həyatına, onun konkret etiqad və dini əqidə seçiminə müdaxilə edə bilməz.
Azadlıqlar içərisində siyasi azadlıq olan sərbəst toplaşmaq azadlığı da əsas yer tutur. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır".
Yuxarıda qeyd etdiyimiz kimi, məlumat azadlığı kütləvi informasiya vasitələrinin azadlığını təmin edən, yaradıcılıq azadlığı isə mədəni azadlıqlar sırasına daxildir: "Hər kəsin yaradıcılıq azadlığı vardır. Dövlət ədəbi-bədii, elmi-texniki və başqa yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verir".
Azərbaycan Konstitusiyasının "Əsas hüquqlar, azadlıqlar və vəzifələri" adlı 2-ci bölməsinin maddələrinin, o cümlədən, insan azadlığı ilə əlaqədar maddələrin hazırlanmasında Ulu Öndər Heydər Əliyevin fikirləri əsas rol oynadı. Hələ konstitusiyanın qəbulundan çox-çox əvvəl "Müstəqillik yolu" əsərində Heydər Əliyev demişdir ki, Azərbaycanda "İnsan azadlığı vicdan azadlığı, insan hüquqlarının qorunması, bütün vətəndaşların eyni hüquqa malik olması... demokratik cəmiyyətin əsas atributları kimi bərqərar olmalıdır... Söz azadlığı, fikir azadlığı, siyasi plüralizm geniş yer almalıdır, hər bir vətəndaş özünü azad, sərbəst hiss etməlidir". Ulu Öndər hüquqi dövlətin qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması üçün insan azadlığının, söz, vicdan azadlığının, müasir plüralizmin təmin edilməsi əsas amil hesab edirdi.
Dövlətin demokratikliyi onun insan azadlıqlarını təmin etməsindən asılıdır. Akademik R.Mehdiyev bu cəhətə diqqət yetirərək deyir: "Müasir şəraitdə hər bir dövlətin demokratik imici onun insan hüquqlarına münasibəti ilə müəyyən edilir. Dövlətin inkişafı, demokratiya və insan azadlıqları bir-biri ilə üzvi surətdə bağlıdır və biri digərini şərtləndirir. Demokratiya daim inkişafdadır və bu, dinamik prosesdir. Demokratik cəmiyyətdə insan hüquqlarının pozulması nəinki cəmiyyətə qarşı yönəlmiş haldır, o, həm də sosial və siyasi problem olmaqla, dövlətlə cəmiyyət arasında tarazlığın pozulmasına, cəmiyyətin özündə zorakılığa və münaqişələrə səbəb olur. Lakin hər bir şəxsin azadlığının hüdudları digər şəxsin azadlığı başlanan anda sona çatır. Şəxsiyyətin hüquq və azadlıqları arasında bir harmoniya mövcud olmalıdır. Hər hansı bir şəxsin hüquqlarının həyata keçirilməsi digər şəxslərin hüquq və azadlıqlarının pozulmasına gətirib çıxarmamalıdır.
Beynəlxalq aktlarda və Azərbaycan Respublikasının Konstitusiyasında bəyan edilmiş insan hüquq və azadlıqlarının həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə ölkəmizdə bir sıra qanunlar qəbul edilmişdir.
Digər Xəbərlər
2024-12-25 11:17:58
2024-12-25 10:54:47
2024-12-25 10:37:57
2024-12-25 10:22:00
2024-12-25 09:46:00
2024-12-25 09:12:09
2024-12-25 09:00:09
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20