Son zamanlar regionda proseslər daha da gərginləşməyə başlayıb və buna uyğun olaraq region dövlətlərinin dövlət quruculuğundakı problemləri, regiondakı nüfuzları açıq-aydın ortaya çıxmağa başlayır. Aydın olur ki, hansı dövlət hüquqi dövlət quruculuğuna əsaslanaraq öz müstəqil siyasətini yürüdə bilir, hansı dövlət isə dövlətçilik ənənələrini çoxdan itirib.
Bu baxımdan öncəliklə Ermənistandakı durumu, daha sonra isə Azərbaycanın hüquqi dövlət quruculuğu yolunu keçərək super dövlətə çevrilməsi prosesinə baxaq. Rusiya-Türkiyə münasibətləri gərginləşəndən sonra Azərbaycan açıq şəkildə bəyan etdi ki, Türkiyə strateji dost dövlətdir, Rusiya isə yaxın dostdur. Buna görə Azərbaycan hazırdır ki, iki dövlət arasında münasibətləri tənzimləsin və vasitəçilik rolunu üzərinə götürsün. Bu əslində bir daha sübut edirdi ki, Azərbaycan nə qədər dayanıqlı bir dövlətə çevrilib və öz iddiasını ortaya qoymaq gücündədir. Ermənistana gəldikdə isə bunun tam əksini gördük. Demək olar ki, Ermənistan rəhbərliyi bu proseslərə cavab verməmişdən öncə Rusiya rəsmiləri ermənilər adından az qala qərarlar da çıxartdılar. Bütün bunlar isə sübut edir ki, Ermənistan artıq bir dövlət kimi mövcud deyil və yaşananlar kifayət qədər maraqlı məqamları ortaya çıxardı. Bunlardan biri nə oldu? . Hətta Ermənistan tərəfinin tam razılığı olmadan Rusiya Ermənistanla-Türkiyə sərhədində yerləşən hərbi bazasında gücünü artırmağa başladı. Belə ki, Rusiya Ermənistandakı 102-ci hərbi bazasını gücləndirmək üçün bu ölkəyə əlavə aviasiya texnikası cəmləşdirməyə başlayıb. Rusiya ordusunun Cənub hərbi dairəsinin yaydığı açıqlamaya əsasən Ermənistana əlavə olaraq 7 zərbə və nəqliyyat vertolyotu göndərilib. İlin sonuna qədər daha bir neçə vertolyotun göndəriləcəyi bildirilir.
Bu hadisə Türkiyə ilə Rusiya arasında münasibətlərin kəskinləşməsi, eyni zamanda Türkiyənin Qarabağ məsələsində Azərbaycana dəstəyini növbəti dəfə ifadə etməsi fonunda baş verir. Xəbər verdiyimiz kimi bundan əvvəl Rusiya mənbələri prezident Vladimir Putinin Müdafiə Nazirliyinə təcili olaraq Ermənistandakı hərbi qruplaşmanı gücləndirmək və Türkiyə-Ermənistan sərhədinə S-400 zenit-raket sistemləri, "Krasuxa" radioelektron mübarizə vasitələri,digər döyüş texnikasını yerləşdirmək barədə əmr verdiyini bildirmişdi. İndi Ermənistana əlavə döyüş vertolyotlarının göndərilməsi bu əmrin icrasının başlamasını göstərir.
Bildirilir ki, Rusiyanın İrəvan yaxınlığındakı Erebuni hərbi hava bazasına artıq Mi-24P, Mi-8T vertolyotları çatdırılıb, ancaq ilin sonuna qədər vertolyotların növbəti partiyası da göndəriləcək. "Vertolyotlar Rusiyanın aviasiya birləşməsinin MiQ-29 qırıcılarının yanında xüsusi dayanacaqlarda yerləşdirilib. Bu ay ərzində aviasiya vasitələrinin cəmləşdirilməsi davam edəcək, daha sonra pilotlar planlı uçuşlara başlayacaqlar"- Cənub hərbi dairəsi bildirib. Erebuni hərbi bazası 1995-ci ildən fəaliyyət göstərir, orada Rusiyanın 18 MiQ-29 qırıcısı cəmləşdirilib.
Rusiyanın Ermənistana əlavə hərbi qüvvələr cəmləşdirməyə başlaması həm də Qarabağ münaqişəsi zonasında vəziyyətin növbəti dəfə kəskinləşdiyi bir vaxtda baş verir. Ehtimal olunur ki, Rusiya Ermənistana əlavə qüvvələr cəmləşdirməklə Türkiyəyə güc nümayş etdirmək istəyir, eyni zamanda mesaj verir ki, Türkiyənin regiondakı müttəfiqinə hərbi dəstək verərək Qarabağ münaqişəsi ətrafındakı status-kvonu dəyişdirməsi istisnadır. Beləliklə gördüyünüz kimi bu gün Ermənistan ənənələrini itirmiş bir əraziyə çevrilib və bu ərazidən məhz Azərbaycana qarşı zaman-zaman istifadə edilir. Başqa maraqlı proses ondan ibarətdir ki, dünənə qədər Azərbaycana meydan oxuyan Ermənistan rəhbərliyi indi daha ehtiyatlı mövqe sərgiləyir. Bunun başlıca səbəbi isə budur ki, Ermənistan gördü ki, son bir il ərzində Azərbaycana nə qədər təzyiqlər olsa da Azərbaycan öz mövqeyində kəsərli oldu və hüquqi dövlət quruculuğunu davam etdirəcəyini nümayiş etdirdi. Hətta belə bir nəticə ortaya çıxdı ki, Azərbaycan sabah dövlətçiliyi üçün hər hansı bir təhlükə görərsə ən sərt addımı da ata bilər. Belə olan halda Ermənistanın Azərbaycana əzələ nümayiş etdirməsi sadəcə olaraq intihara bərabər bir məsələdir. Ermənistan prezidentinin ölkəsində referendum keçirtməklə bağlı aparılan müzakirələrdə Azərbaycanla bağlı tutduğu ehtiyatlı mövqe bunu sübut edir. Belə ki, Prezident Serj Sərkisyan deyib ki, islahatlardan sonra ölkədə ali baş komandan statusunun olmaması təhlükəli deyil.
"Əlbəttə, onlar gedib sərhədyanı rayonlarda ölkənin dinc dövrdə ali baş komandansız qalacağı haqda təbliğat aparanda insanlar narahat olur. Lakin mən bütün məsuliyyətimlə deyirəm ki, parlament idarəçiliyində ali baş komandan statusunun olmaması uzunmüddətli müzakirələrin və düşünülmüş yanaşmanın nəticəsidir"- deyə Sərkisyan bildirib.
Ermənistanın dövlət başçısının dediyinə görə, əgər islahatlar baş tutsa, bütün icra hakimiyyəti parlamentdə cəmləşəcək, bu halda ali baş komandanın səlahiyyətləri də baş nazirə verilməsi dinc dövrdə böyük təhdid yaradır.
"Niyə? Çünki ali baş komandan deyəndə onun tərəfindən hərbi gücdən qeyd-şərtsiz istifadə nəzərdə tutulur. Dinc dövrdə qoşunlar harada istifadə oluna bilər? Əlavə təfərrüatlara girmək istəmirəm, ancaq əlində bu qədər səlahiyyətlər cəmləşdirmək özündə böyük təhdid daşıyır" -deyə Sərkisyan bildirib.
Ermənistan prezidenti daha sonra özünün ali baş komandan kimi gündəlik işlərindən danışıb: "Məsələn, mən nə işlə məşğul oluram? Hər səhər müdafiə naziri cari vəziyyət barədə məruzə edir və təbii ki, müvafiq göstərişlər alır. Ola bilsin elə günlər olur ki, müdafiə naziri dörd dəfə məruzə edir, bu, onun səlahiyyətlərinə daxildir. Üstəlik prezident yanında Hərbi Departament fəaliyyət göstərir. Bu struktur qoşunların planlı və ya qəfil yoxlanılmasını həyata keçirir, onların döyüş hazırlığını yoxlayır. Bu struktur baş nazirə bağlı ola bilərmi? Ola bilər. Niyə də olmasın?".
Serj Sərkisyanın sözlərinə görə, Ermənistanın indiki konstitusiyası ölkənin təhlükəsizliyi üçün təhdid yaradır. O, fikrini əsaslandırmaq üçün misal gətirib: "Gəlin fərz edək ki, 2012-ci il parlament seçkilərinin qalibi Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını tələb edən, yəni Ermənistanın dövlət maraqlarına zidd mövqe tutan partiya olardı. Mən "İrs" partiyasını nəzərdə tuturam. İndiki konstitusiyaya görə, prezident parlament çoxluğunu qazanan partiyanın namizədini baş nazir təyin etməlidir. Buna məcburdur. Tutaq ki, təyin etdim. Bu partiyanın namizədi də hökuməti formalaşdırdı. Və qərar qəbul etdi ki, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanısın. Qərar parlamentə göndəriləcək, hakim çoxluq bu partiyada olduğuna görə əksəriyyət ona səs verəcək və imzalanmaq üçün prezidentə göndəriləcək. Mən isə prezident kimi 21 gün ərzində həmin qərarı imzalamalıyam. Ya da parlamentə geri qaytarmalıyam. Ancaq onlar çoxluqdadır, seçkiləri udublar və vetonu dəf edəcəklər, qərarı yenidən mənə göndərəcəklər. Bu dəfə mən 5 gün ərzində qərarı imzalamalıyam.
Bəs Dağlıq Qarabağın müstəqilliyini tanımaq nə deməkdir? Bu, Azərbaycana müharibə elan etmək deməkdir. Çünki sən Dağlıq Qarabağı rəsmən tanıyırsansa, daha sonra hansı danışıqlardan söhbət gedə bilər? Danışıqların alternativi isə müharibədir.
İkincisi, bu, Minsk Qrupunun həmsədrlərinə hörmətsizlikdir. Onlar 23 ildir danışıqlar aparırlar, vasitəçilik edirlər. Təbii ki, belə münasibət onlara heç də xoş olmayacaq. Belə çıxır ki, Raffi Ovanisyan, "İrs" partiyasının lideri Azərbaycana müharibə elan edəcək, təhlükəsizliyi isə prezident və ali baş komandan kimi Serj Sərkisyan təmin edəcək? Bu, məntiqlidirmi? Axı heç də məntiqli deyil". Burada diqqəti cəlb edən əsas nüans nədir? Dünənə qədər Azərbaycana müharibə elan edəcəyini bəyan edən Serj Sarksyan indi deyir ki, hansısa qüvvə hakimiyyətə gələrsə Azərbaycana dolayı yolla müharibə elan edə bilər. Yəni müharibənin başlanması artıq Ermənistanda təşviş kimi qəbul edilir.
Bütün bunlar isə bir daha Azərbaycan dövlətçiliyinin kifayət qədər formalaşmasını sübut edir. Beləliklə çıxarılan nəticə budur ki, hazırda Azərbaycanın tutduğu mövqe kifayət qədər doğru mövqedir və bu mövqenin kökündə məhz hüquqi dövlət quruculuğunun düşünülmüş şəkildə həyata keçirilməsidir. Ən əsası isə budur ki, Azərbaycanda həyata keçirilən hüquqi dövlət quruculuğuna kənar güclərin təsir etməsinə imkan verilmir. Bunun əksinə olaraq Ermənistanda hətta dövlət üsul-idarəsi hansısa qüvvələrin təsiri ilə dəyişdirildi. Söhbət Ermənistanda keçirilən referendumdan gedir.
Digər Xəbərlər
2024-12-25 16:51:44
2024-12-25 15:53:00
2024-12-25 15:06:43
2024-12-25 13:28:10
2024-12-25 11:17:58
2024-12-25 10:54:47
2024-12-25 10:37:57
2024-12-25 10:22:00
2024-12-25 09:46:00
2024-12-25 09:12:09
2024-12-25 09:00:09
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08