"Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun hüquqi dövlət quruculuğu prinsipləri ilə ziddiyyət təşkil etmir
12:37 10-12-2015
KRİMİNAL
Milli Məclisin deputatı deyir ki, ABŞ-da və digər ölkələrdə polis, şübhələndiyi və ona tabe olmayan şəxsə qarşı silah işlədir və bu, normal qarşılanır
Milli Məclisin son iclasında "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsi qəbul olunub. Iclasda Cinayət Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Qəbul olunan qanuna əsasən, Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslər dini təbliğata görə həbs olunacaq. Belə ki, əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılarsa həmin şəxslər 1 ildən 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Bu hal təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin şəxslər 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum ediləcəklər. Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında səsverməyə çıxarılaraq qəbul edilib. Amma məsələ bunla da bitmir. Artıq qanunla Azərbaycanda polislər fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tədbiqindən terrorçuluq və ya dini ekstremizm, yaxud dövlət Konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda istifadə edə biləcək. Yeni səlahiyyətlərin verilməsi "Polis haqqında" qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb və dəyişiklik layihəsi parlamentin plenar iclasında qəbul olunub.
Həmçinin Azərbaycanda terrorda iştirak etmək, konstitusiya quruluşunun zorla dəyişdirilməsi hərəkətlərinin həyata keçirilməsi vətəndaşlığın itirilməsi ilə nəticələnəcək. Bununla bağlı "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna əlavələr edilib. Milli Məclisin son iclasında müzakirəyə çıxarılan əlavələr layihəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı 18-ci maddəyə yeni əlavələr (3-1, 3-2) edilib. Əlavəyə görə, vətəndaş dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçərsə, düşmənçilik zəminində dini məzhəblərini yayarsa, dini ayinlər adı altında xarici dövlətdə dini münaqişələrdə iştirak edərsə, həmin fəaliyyətə digər şəxsi cəlb edərsə, yaxud bu məqsədlə silahlı qrup yaradarsa vətəndaşlıqdan məhrum ediləcək. Müzakirələrdən sonra bu layihə də səsverməyə qoyularaq qəbul edilib. Yeni qanunun qəbulu və dəyişikliklər insan hüquq və azadlıqlarının müdafiəsi baxımından mənfi təsirlərinin olub-olmayacağı sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Millət vəkili, perofessor Musa Qasımlı deyir ki, "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsi insan haqlarının pozulması baxımından heç bir problemlərə yol aça bilməz. Onun sözlərinə görə, Azərbaycanda "Dini Etiqad Azadlığı" haqqında qanun var. Və həmin qanunda insanların dini etiqad azadlığı qorunur. M. Qasımlı deyir ki, hər şeyi olduğu kimi, adı ilə çağırmaq lazımdır. Onun sözlərinə görə, xarici ölkələrin vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində dini təbliğat aparmalarının konkret məqsədləri var. Həmsöhbətimiz deyir ki, bu da ancaq dövlətimizi zəiflətmək və xalqımızın dini birliyini parçalamaqdır: "Belə hərəkətlər milli-dövlət maraqlarımıza tamamilə zidd olduğundan onların qarşısı amansızlıqla alınmalıdır. Deyə bilərsinizmi: bir nəfər Azərbaycan Respublikası vətəndaşı xarici ölkələrə gedib, dini təbliğat apara bilərmi? Dərhal müvafiq ölkənin qanunları qarşısında cavab verməli olar. Hesab edirəm ki, dəyişiklik zəruridir, din və etiqad azadlığını məhdudlaşdırmayacaq".
Həmsöhbətimizin fikrincə, bu sahədə nəhayət, bir qayda-qanun yaranmalıdır. Deputat deyir ki, biz müstəqil dövlətik: "Xarici ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər dövlətimizin qanunlarına riayət etməlidirlər. Əks-təqdirdə qanun qarşısında cavab verməlidirlər. Bunun ətrafında hay-küy qaldırılmasını yersiz hesab edirəm".
M. Qasımlı deyir ki, qanunda dini ekstremizmə qarşı mübarizənin məqsədi olaraq cəmiyyətin və dövlətin təhlükəsizliyinin təmin edilməsi, dini ekstremizmin aşkar edilməsi, qarşısının alınması və dini ekstremizm nəticəsində gözlənilən zərərin minimuma endirilməsi, dini ekstremizmin yaranması və dini ekstremist fəaliyyətin həyata keçirilməsi səbəblərinin və şəraitinin, habelə dini ekstremizmin maliyyələşdirilməsi hallarının aşkar və ləğv edilməsi göstərilir. Dini ekstremizmə qarşı mübarizənin əsas prinsiplərinə qanunçuluğun təmin edilməsi, dini ekstremizmə görə cəzanın labüdlüyü, dini ekstremizmə qarşı mübarizə zamanı açıq və gizli metodların əlaqələndirilməsi, hüquqi, siyasi, ideoloji, sosial-iqtisadi və təşkilati profilaktik tədbirlərdən kompleks istifadə, dini ekstremizm nəticəsində təhlükəyə məruz qalmış şəxslərin hüquqlarının müdafiəsinin üstünlüyü, dini ekstremizm əleyhinə aparılan əməliyyatların həyata keçirilməsində iştirak edən şəxsi heyətin, o cümlədən bu məqsədlə istifadə edilən texniki üsulların və taktikanın elan edilməsində minimal aşkarlıq daxildir.
"Polis haqqında" qanuna gəlincə, M. Qasımlı polisə digər səlahiyyətlərin verilməsinin insan azadlığının pozulması kimi qiymətləndirilməsinin əleyhinədir. M. Qasımlı deyir ki, polisimiz dövlətimizin onurğa sütunlarından biridir. Ona qarşı çıxmaq dövlətin əleyhinə olmaq deməkdir. M. Qasımlı bildirdi ki, ölkəmizdə polisə zəruri olan digər səlahiyyətlərin verilməsini vacib hesab edir: "Nə üçün? Ona görə ki, dünən polisin papağını yerə atdılar, təəssüf ki, ictimaiyyət kütləvi şəkildə etiraz etmədi. Bu gün vəzifə borcunu yerinə yetirən polis əməkdaşlarını silahla qətl etdilər. Yenə də ictimaiyyətin kütləvi etirazı və qınağını görmədik. Belə davam etsə, sabah nələr ola bilər? Axı, həyatını risklərə atan polisin gecəsi-gündüzü yoxdur, ölkəmizdə ictimai təhlükəsizliyi, asayişi qoruyur, cinayətkarı tutur. Vətəndaş isə evində rahat yatır. Bütün bunlara necə biganə qalmaq olar?".
M. Qasımlı deyir ki, özlərini demokratik adlandıran ABŞ-da və digər ölkələrdə polis, şübhələndiyi və ona tabe olmayan şəxsə qarşı silah işlədir və bu, normal qarşılanır: "Bizdə də belə olmalıdır. Polisə qarşı silah tətbiq edən şəxslə anladığı dildə də danışmaq lazımdır".
Həmsöhbətimizin sözlərinə görə, dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılacaq: "Qanunda göstərilib ki, dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması üçün dini ekstremizmə qarşı mübarizədə iştirak edən müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan lazımi qüvvələrdən və vasitələrdən istifadə olunur. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasının hüdudları əməliyyatı aparan orqan tərəfindən müəyyən edilir".
O ki, qaldı dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında bu əməliyyatı aparan şəxslərə , onlar dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında nəqliyyat vasitələrinin və piyadaların hərəkətini müvəqqəti məhdudlaşdıran və ya qadağan edən tədbirləri tətbiq etmək, ərazinin müəyyən sahələrinə və obyektlərə nəqliyyat vasitələrini və piyadaları buraxmamaq, fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadan, onların günün müəyyən edilmiş vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmalarını qadağan etmək hüquqlarına malikdirlər. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasına giriş və ya bu zonadan çıxış zamanı fiziki şəxslərə, onların əşyalarına, nəqliyyat vasitələrinə və nəqliyyat vasitələrində olan əşyalara texniki vasitələr tətbiq etməklə baxış keçirmək hüququ da var. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması məqsədi ilə fiziki şəxslərin mənzilinə və digər yaşayış yerlərinə, onların torpaq sahələrinə, nəqliyyat vasitələrinə, habelə mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə maneəsiz daxil olmaq, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan şəxslərin qanuni tələblərinə mane olmağa yönəlmiş hərəkətlər törədən şəxsləri tutmaq, müqavimət göstərən dini ekstremistləri zərərsizləşdirmək,dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar zərurət yarandıqda fiziki şəxsləri əməliyyatın aparılma zonasından köçürtmək, binaların, qurğuların və digər tikililərin sökülməsini təmin etmək hüququ verilib. Yeni qanunla dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında fiziki və hüquqi şəxslərə rabitə xidmətlərinin və kommunal xidmətlərin göstərilməsini müvəqqəti dayandırmaq, dini ekstremist fəaliyyəti aşkar etmək, həmin fəaliyyətə qarşı mübarizə aparmaq və onun qarşısını almaq məqsədi ilə telefon danışıqlarına qulaq asma, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması və "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat-axtarış tədbirlərini tətbiq etmək hüquqları var. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında tərkibində narkotik və ya psixotrop maddələr olan dərman vasitələrinin dövriyyəsini məhdudlaşdırmaq, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişlərinin icrası əməliyyat zonasında bütün fiziki və hüquqi şəxslər üçün məcburidir.
Digər Xəbərlər
2024-12-25 16:51:44
2024-12-25 15:53:00
2024-12-25 15:06:43
2024-12-25 13:28:10
2024-12-25 11:17:58
2024-12-25 10:54:47
2024-12-25 10:37:57
2024-12-25 10:22:00
2024-12-25 09:46:00
2024-12-25 09:12:09
2024-12-25 09:00:09
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08