Heydər Əliyevin hüquqi dövlət quruculuğunda və qanunların qəbulunda xidmətləri
11:40 12-12-2015
KRİMİNAL
Azərbaycanda hüquqi dövlət quruculuğunda Heydər Əliyevin tövhəsi danılmazdır. Bircə onu demək kifayətdir ki, Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi.
Yeni Konstitusiyanın layihəsinin hazırlanması kimi cox ciddi və məsuliyyətli vəzifəni öz üzərinə götürən Heydər Əliyev bununla bağlı xüsusi yaradılmış Komissiyaya şəxsən özü rəhbərlik etmişdi. Ümumiyyətlə götürsək, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olub. Onlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalaraq bizlər üçün unudulmaz olaraq qalıblar. Heydər Əliyev də bu mənada unudulmaz şəxsiyyətlərdəndir. Onun Azərbaycanda hüquqi dövlət quruculuğunda olan xidmətlərini sadalamaqla bitməz. Ulu Öndərin anım günüdə biz də onun ölkəmizdə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində xidmətlərindən söz açacağıq.
Bunun üçün qəbul olunan insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlik qanunların Heydər Əliyevin imzası ilə öz təsdiqini tapmasını demək kifayətdir. Götürək, "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" qanununu. Bu qanun iyunun 10-da 1997-ci ildə Heydər Əliyevin imzası ilə təsdiqlənib. Bu qanunda göstərilib ki, vətəndaşların dövlət orqanlarına təkliflər, ərizə və şikayətlərlə müraciət etməsi insan hüquqlarının həyata keçirilməsində və qorunmasında mühüm vasitədir. Qanunda vətəndaşların müraciətlərinə baxılması qaydası, dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin vəzifələri, vətəndaşların qəbul edilmə, müraciətə baxılması, müraciətlə bağlı kargüzarlığın aparılma qaydası, qərardan şikayət etmək hüququ, müraciətə baxılma müddəti, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə baxılmasının xüsusiyyətləri, bu qanunun pozulmasına görə məsuliyyət, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə baxılması qaydası öz əksini tapıb. Hansı ki, bu qaydalar, vətəndaşların hüquqlarının qorunması baxımından çox əhəmiyyətylidir.
11 iyun 1999-cu ildə Heydər Əliyevin imzası ilə təsdiqlənmiş "Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən məhkəməyə şikayət edilməsi haqqında" qanun da bu qəbildəndir. Bu qanunda vətəndaşın məhkəməyə müraciət etmək hüququ, şikayətin verilməsi qaydası, qanunun tətbiq dairəsi, məhkəmə qaydasında şikayət verilə bilən qərarlar və hərəkətlər, məhkəməyə şikayətlə müraciət edilməsi müddətləri, şikayətə dair məhkəmə qətnaməsi, məhkəmə qərarının icrası, şikayətə baxılması ilə əlaqədar məhkəmə xərcləri, bu qanunun tələblərini pozmağa görə məsuliyyət qeyd olunub. Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı da məhz Heydər Əliyevin imzası ilə öz təsdiqini tapıb. Bu fərmanla, yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi yaradılması, "Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemindən istifadə Qaydaları" təsdiq edilib. Araşdırma aparsaq görərik ki, 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycan SSR-in Ali Soveti Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşdirilən quruculuq işlərinin hüquqi bazasının yaradılması prosesində onun mühüm xidmətləri olub. Həmin dövrdə də mühüm qanun və qərarlar qəbul edilibdir. O dövrdə parlamentdə Mülki, Mülki-Prosessual və Cinayət-Prosessual məcəllələrinə bir sıra mütərəqqi əlavə və dəyişikliklər edilib.
Dövlət quruculuğunda hüquqi islahatların aparılması məqsədi ilə Heydər Əliyevin 1996-cı il 21 fevral tarixli sərəncamı ilə Hüquq İslahatları Komissiyası yaradılıb. Ümummilli liderin başçılıq etdiyi bu komissiya ölkə həyatının ən müxtəlif sahələrində islahatların aparılmasında əhəmiyyətli rol oynadı. Milli Məclis tezliklə Konstitusiya quruculuğu, məcəllələşdirmə, digər qanunvericilik sahələri, o cümlədən parlament fəaliyyətinə dair daxili nizamnamə, deputat statusu, parlament komissiyaları haqqında, habelə ictimai münasibətlərin tənzimlənməsinə yönəlmiş qanunlar qəbul etdi, parlament institutunun konstitusion normalarını formalaşdırdı. Bu dövrdə parlament əsas funksiyasını davam etdirərək, ölkədə sosial-iqtisadi, hüquqi-siyasi islahatların keçirilməsi üçün zəruri qanunvericilik bazası yaratdı. Bir sözlə, ölkənin hüquq sistemi yenidən müasir dövrün tələblərinə uyğun quruldu. Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Polis haqqında", "Prokurorluq haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Notariat haqqında", "Sərbəst toplaşmaq azadlığı haqqında", "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında", "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında", "Uşaq hüquqları haqqında", "Bələdiyyələrə seçkilərin qaydaları haqqında", "Bələdiyyələrin statusu haqqında" qanunlar qəbul edildi.
Yeni qanunvericilik sisteminin təşəkkülü istiqamətində Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, İnzibati Xətalar, Ailə, Əmək, Vergi, Gömrük, Seçki məcəllələri qəbul olundu. Parlamentdə qəbul olunmuş "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili haqqında", "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında", "Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Konstitusiya qanunları hüquqi islahatlar sahəsində çox mühüm addım oldu. Məlumata görə, ümumiyyətlə, 1993-cü il oktyabrın 10-dan 2002-ci il dekabrın 30-dək Milli Məclisdə qəbul edilmiş 1715 qanun və qərardan 975-nin məhz, ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında parlamentə təqdim olunub.
1998-ci il fevralın 10-da ölkəmizdə ölüm hökmü rəsmən ləğv edildi. 1998-ci il avqustun 8-də ulu öndər konstitusion hüququn təməl prinsiplərindən olan söz azadlığının təminatı ilə bağlı mühüm bir qərara imza atdı - mətbuat üzərində senzura tamamilə ləğv edildi.
İnsan hüquqlarının qorunmasına müstəsna əhəmiyyət verən ümummilli liderimizin 1998-ci ildə imzaladığı "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanında bu sahədə həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası müəyyən edildi, insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırıldı. Ümummilli liderimiz 3 fevral 1998-ci il tarixli müraciətində deyirdi: "Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm".
Çoxdan unudulmuş əfv və amnistiya institutlarının ulu öndər tərəfindən bərpası da olduqca mühüm əhəmiyyətə malikdir. Bu humanist ənənə bu gün də davam etdirilir. Ədalət mühakiməsinin müstəqil və qərəzsiz məhkəmələr tərəfindən həyata keçirilməsi ideyası əsrlərdir ki, ədalətli cəmiyyətin əsas təməl daşlarından biridir. Məhz, buna görə də Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş ümummilli liderimiz ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirib. Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə "Məhkəmələr və hakimlər haqqında" yeni Qanun qəbul edildi. Həmin qanunun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər haqqında proqram xarakterli Fərman imzalandı və ölkəmizdə məhkəmə quruluşunun və məhkəmə icraatının mahiyyətcə yeni modelinin bərqərar edilməsi prosesinə başlanıldı. 1998-ci ildə Prezident yanında məhkəmələrin təşkil edilməsi, hakim vəzifəsinə namizədlərin seçilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri öz səlahiyyətləri dairəsində həyata keçirmək vəzifələrini yerinə yetirən Məhkəmə-Hüquq Şurası təsis edildi. Başqa sözlə, bugünkü, məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurasının möhkəm bünövrəsi yaradıldı. Bu gün də Heydər Əliyevin təməlini qoyduğu məhkəmə-hüquq islahatları uğurla davam edir.
Digər Xəbərlər
2025-03-03 21:19:08

2025-03-03 21:12:03

2025-03-03 18:00:08

2025-03-03 16:31:27

2025-03-03 16:06:22

2025-03-03 14:32:20

2025-03-03 14:30:03

2025-03-03 12:33:00

2025-03-03 11:28:39

2025-03-03 10:19:38

2025-03-03 08:59:46

2025-03-02 17:26:30

2025-03-01 15:03:00

2025-03-01 11:07:00

2025-03-01 10:59:49

2025-03-01 09:36:00

2025-03-01 09:20:00

2025-02-28 18:04:51

2025-02-28 15:10:45
