Milli Məclisdə hasar müzakirəsi gərginlik yaratdı
13:59 19-12-2015
İQTİSADİYYAT
"Unikal"ın yazısından sonra deputatlar hərəkətə keçərək dəniz kənarını hasarlayanları "topa tutdular"
Azərbaycan Milli Məclisinin növbəti plenar iclası keçirilir. İclası açıq elan edən spiker Oqtay Əsədov gündəliyi elan edib. Gündəlikdən əvvəl cari məsələlərə yer ayrılıb. İclasın gündəliyinə 40 məsələ daxildir.
Bu il 31 dekabr – Dünya Azərbaycanlıları günü ilə bağlı əfv sərəncamı imzalanacaq. Bu barədə Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında bildirib. Spiker qeyd edib ki, Azərbaycan prezidenti bu kimi sərəncamları mütəmadi imzalayır, ilin sonunda da əfv sərəncamının imzalanması gözlənilir.
Milli Məclisin sədri Oqtay Əsədov ABŞ Helsinki Komissiyasının Kris Smitin rəhbərliyi ilə Konqresə təqdim etdiyi, Azərbaycanda vəzifəli şəxslərə sanksiya nəzərdə tutan qanun layihəsinə münasibət bildirib. Milli Məclisin iclasında O. Əsədovun bildirdiyinə görə, ABŞ-da ermənilərin diaspor rəhbərlərindən biri olan Aram Hamparyan "tvitter" səhifəsində yazıb ki, onun işini dəstəkləmək üçün Kris Smitlə görüşlər keçirib. Spiker bildirib ki, Smit vaxtilə Demokratlar Partiyasının, Respublikaçılar Partiyasının üzvü olub: "Amma indi erməni lobbisinin fəallarındandır. Bizdə bəzi media qurumları bunu şok xəbər kimi təqdim edir. Burda şok nə var ki? Təsəvvür edin ki , biz bir komissiya yaratmışıq. Kimsə də belə çıxış edib. O, adi deputatdır. ABŞ səfiri açıqlama versin ki, bu bəyanat ABŞ-ın rəsmi mövqeyidir, yoxsa hansısa bir konqresmenin?". Spiker bu qanun layihəsinin Konqresdən keçməyəcəyini bildirib: "ABŞ Konqresində Azərbaycanın kifayət qədər dostu var. Bu qanun layihəsinin Konqresdən keçəcəyinə inanmıram". O.Əsədov mətbuata da müraciət edərək ABŞ-ın Azərbaycandakı səfirinə bununla bağlı suallar ünvanlamağa çağırıb.
Azərbaycan Milli Məclisinin iclasında ABŞ Helsinki Komissiyası Kris Smitin (Nyu-Cersi ştatı 04) rəhbərliyi ilə Konqresə təqdim olunan, Azərbaycanda vəzifəli şəxslərə sanksiya nəzərdə tutan qanun layihəsinə etiraz olunub. İclasda həmçinin, ABŞ-da Azərbaycan diasporunun fəaliyyəti müzakirə edilib.
ABŞ-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycanda hər ilin sonunda əfv sərəncamı imzalanılır və indiki vaxtda ABŞ-da belə bir qanun layihəsini ortaya atmaqla Azərbaycanı təxribata çəkmək istəyirlər.
O qeyd edib ki, bu qanun layihəsi əvvəlcədən planlaşdırılıb: "Layihə Azərbaycana qarşı birgə təxribat əməlidir. Bizə qarşı təpkilər çox olacaq. Bizdən kəskin, düzgün olmayan reaksiyalar verməyimizi istəyirlər. Ancaq onu da bilmək lazımdır ki, bu, qrup adamın mövqeyidir".
Deputat Fəzail Ağamalı deyib ki, Azərbaycana qarşı yenidən hücumlara başlanıb: "Azərbaycanın tutmuş olduğu yol demokratik yoldur. Məni təəssüfləndirən odur ki, ABŞ ATƏT-in Minsk qrupunun üzvü kimi Dağlıq Qarabağın separatçıları ilə görüşür. Dövlət Departamenti indiyədək bu cür hallara qarşı hüquqi qiymətini verməyib. Bunun da arxasında ermənilərin təsirində olan dövlət katibi Con Kerrinin dirijor çubuğu dayanır".
Deputat Zahid Oruc isə deyib ki, ABŞ-la Azərbaycan bütün hallarda işləməlidir: "ABŞ Konqresində Azərbaycanla dost olan konqresmenlər varmı? Əlbəttə var. Bir dəfə də onlar bizə uyğun akt hazırlayıblarmı? Ona görə biz ABŞ-la işi gücləndirməliyik". O, Azərbaycan diasporunun bu istiqamətdə fəallığa çağırıb.
Spiker Oqtay Əsədov isə Z. Oruca irad bildirib: "ABŞ-la iş aparılır. Amma bilirsən ki, orada erməni diasporunun tarixi nə vaxtdan başlayır, Azərbaycan diasporunun tarixi nə vaxtdan? 100 ildən çoxdur, orada yaşayan ermənilər artıq amerikanların ətinə-dırnağına işləyib. Amma biz orada cəmi 20 ildir, diaspor qururuq. 2007-ci ildə Konqresdə məsələ müzakirə olunarkən biz 210 səs əldə etdik. Cəmi 15 səs çatmadı. Bu göstərici deyilmi? Siz hər şeyin birdən-birə olmasını istəyirsiniz".
Deputat Qüdrət Həsənqliyev isə qeyd edib ki, bu gün mətbuatda Ermənistanda referendumun saxtalaşdırıldığı barədə xəbər oxuyub: "ABŞ səfirliyi qeyd edib ki, sənədi saxtalaşdıranlar tədbirlərə çağırılmasın. Bizdə Əfv Komissiyasının üzvləri qeyd edirlər ki, əfv sərəncamı olacaq. Leyla və Arif Yunuslar azad edilib. Əfv sərəncamı imzalanandan deyəcəklər ki, onların addımından sonra əfv oldu. Məncə, buna diqqət etmək lazım deyil, əfv verilməlidir. Bundan sonra görək hansı bəhanəni tapacaqlar".
Milli Məclisinin iclasında Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sənədlər təsdiq olunub. Bunlar Azərbaycan Respublikası ilə Çex Respublikası arasında strateji tərəfdaşlıq haqqında birgə Bəyannamə, "Azərbaycan Respublikasının hökuməti ilə Vyetnam Sosialist Respublikasının hökuməti arasında hava əlaqəsi haqqında", "Azərbaycan Respublikasının hökuməti ilə Vyetnam Sosialist Respublikasının hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında", "Azərbaycan Respublikasının hökuməti ilə San Marino Respublikasının hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında", "Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında turizm sahəsində əməkdaşlığa dair" sazişlərdir. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq təsdiq olunub.
Milli Məclisin plenar iclasında Torpaq Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub. Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, dəyişiklikdə Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin pzoulmasına görə, fiziki şəxslər 4 min manat, vəzifəli şəxslər 8 min manat, hüquqi şəxslər 40 min manat miqdarda cərimələnir.
Bu təkrar törədildikdə isə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat miqdarda cərimələnəcək. Qanun layihəsinə əsasən Xəzərin Azərbaycana mənsub bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanın qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Sahil boyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlana bilər. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər. Qanun layihəsinin müzakirəsi zamanı gərgin anlar yaşanıb.
Deputat Fazil Mustafa bildirib ki, vətəndaşların dənizdən məhdudlaşmasının motivi də bura əlavə olunmalıdır: "Ayrı-ayrı şəxslər imkanlarından istifadə edərək dəniz qıraqlarını hasarlayırlar. İnsanların dənizə girişinə qadağa qoyurlar. Dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmaması ciddi problemlər yaradacaq. Nəqliyyatın sərbəst hərəkət gedib gəlməsi üçün yol qoyulmalıdır.
Bu gün dənizkənarı ətraf yerlərdə vəziyyət belədir. Dar yollu məhəllərin arasında tıxac yaradır və vətəndaşların istirahət hüquqi pozulur. Ona görə bu məsələyə prinsipial yanaşmaq laızmdır. Dənizin insanların üzünə bağlanmasının qarışısı alınmalıdır. Dənizin bu cür istismar olunmasına, təbii sərvətin insanların əlindən alınmasına son qoyulmalıdır".
Deputat Elmira Axundova bildirib ki, Abşeron, Qaradağ, Sumqayıt və bir çox yerlərdə sahilboyunda daş hasarlar tikilib: "Keçən iclaslarda Zeynəb Xanlarova, Siyavuş Novruzov bildirirdilər ki, bu hasarlar sökülsün. Lakin burada göstərilən daş hasarların hündürlüyü bundan sonrakı tikiləcəklərə şamil ediləcək. Bunun isə elə də böyük əhəmiyyəti olmayacaq. Mən başa düşürəm ki, qanun geriyə şamil olunmur. Bu, ümummilli məsələdir, milləti narahat edən məsələdir. Hesab edirəm ki, bu qadağa çəkilmiş hasarlara da aid edilməlidir".
Komitə sədri Eldar İbrahimov deputatları mövzudan kənar danışmaqda günahlandırıb.
I vitse-spiker Ziyafət Əsgərov Eldar İbrahimovun fikirlərini dəstəklədiyini bilidib. Bu isə bəzi deputatların etirazına səbəb olub.
Deputat Fəzail Ağamalı həmkarlarına danışmaq üçün söz verilməməsindən şikayətlənib. "İcazə verin, qanunların müzakirəsində bizə verilmiş hüquqdan istifadə edərək çıxış edək, sözümüzü deyək. İndi niyə bunu malalayırıq. Bu milləti narahat edən məsələdir. Yayda vətəndaşlar dincəlməyə gedə bilmirlər. Xahiş edirəm bir-birimizə təmkinli yanaşaq".
Deputat Zahid Oruc isə bəzi həmkarlarının çıxış etmək istəyən millət vəkillərinə maneçilik törətməsinə sərt reaksiya verib: "Yeni çağırış parlamentin yalnız bir iclası keçirilib. Siz bu qədərmi yorulmusunuz? Parlament müzakirələr yeridir. Kürəyimizdən təzyiq edirsiniz. Çıxış etmək istəyirik, yerdən səs-küy gəlir. Kim istəmirsə, durub gedə bilər. Onsuz heç kim dövlətin əleyhinə çıxış edən deyil. Biz sədarətdən icazə alıb, amma konstitusion hüququmuzdan istifadə edərək çıxış edirik. Sizə hörmət edirik, siz də bizə hörmət edin. İmkan verin ki, çıxış edək".
Qeyd edək ki, "Unikal"ın ötən saylarının birində məmurların dəniz kənarını hasarlaması ilə bağlı geniş yazı dərc olunmuşdu. Sözügedən məqalədə yüksək çinli məmurların dənizkənarını qeyri-qanuni zəbt edərək hasara alması ilə bağlı detallar öz əksini tapmışdı. Milli Məclisin iclasında da məsələnin bu şəkildə müzakirəsi qəzetimizin deputatların hərəkətə keçməsinə səbəb olduğunu göstərir.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52