Təşkilatların, birliklərin və dini icmaların qeydiyyatsız fəaliyyəti qanunla qadağandır
14:00 19-12-2015
KRİMİNAL
Bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər
Nardaranda baş verən son məlum hadisələr göstərdi ki, ölkədə fəaliyyət göstərən təşkilatların, dini icmaların, məscidlərin qeydiyyata alınması vacibdir. Amma hazırda ölkədə xeyli sayda qeydiyyatsız fəaliyyət göstərən təşkilatlar, birliklər, dini icmalar var. Bir neçə gün bundan öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da, mətbuata açıqlamasında deyib ki, Nardaranda olan məscidlər dövlət qeydiyyatından keçməyib: "Məscidlərin qeydiyyat üçün sənədləri hazırlanmalı, bu məscidlərin ətrafında dini icmalar yaradılmalı, həmin məscidlər rəsmi şəkildə fəaliyyət göstərməlidir.
Dövlət qeydiyyatına alındıqdan sonra o məscidlərə Qafqaz Müsəlmanları İdarəsinin təyinatı ilə axundlar göndərilməlidir. Bundan sonra həmin məscidlərdə dini mərasimlər keçirilməsi tam qanuna uyğun olmalıdır. Çox təəssüf ki, indiyə qədər Nardaranda həmin məscidlərin qeydiyyatı, dini icmaların yaradılması ilə bağlı çağırışlarımıza, təşəbbüslərimizə adekvat cavablar verilməyib".
Bəs görəsən qanunla dini icmaların, ictimai təşkilat və birliklərin, məscidlərin fəaliyyəti necə tənzimlənir?
Hüquqşunas Müzəffər Baxışov deyir ki, "Dini Etiqad Azadlığı"haqqında qanun, dini qurumların statusunu, hüquq və vəzifələrini müəyyənləşdirir, dini qurumların fəaliyyəti ilə bağlı yaranan münasibətləri tənzimləyir.Həmsöhbətimiz deyir ki, bu qanunun 8-ci maddəsində göstərilib ki, dini icma dinə birlikdə ibadət etmək və digər dini tələbatı ödəmək məqsədilə könüllülük əsasında birləşmiş yetkinlik yaşına çatmış dindar şəxslərin yerli dini qurumudur: "Azərbaycan Respublikasında təşkilat məsələlərində islam dini icmaları Qafqaz Müsəlmanları İdarəsinə tabedirlər, qeyri-müsəlman dini icmaların Azərbaycan Respublikasında və xaricdə fəaliyyət göstərən dini mərkəzlərə tabe olmaq və tabeliyini dəyişdirmək hüququ vardır. İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilir. İslam dini icmaları məscidlərdə Azərbaycan Respublikasının vətəndaşları tərəfindən yaradılır. Dini qurumun hüquq qabiliyyətini mülki qanunvericiliyə müvafiq surətdə müəyyən edən nizamnaməsi olur. Dini qurumun nizamnaməsi dindar şəxslərin ümumi yığıncağında və ya dini qurultaylarda, konfranslarda qəbul olunur. Dini qurumun nizamnaməsində dini qurumun adı, növü, dini mənsubiyyəti və yeri,dini qurumun dini birliyin təşkilat quruluşunda yeri, dini qurumun məqsəd və vəzifələri, habelə, fəaliyyətinin əsas formaları, dini qurumun strukturu, idarəetmə orqanları və onların təşkili qaydası, habelə həmin orqanların səlahiyyətləri, dini qurumun əmlak vəziyyəti,dini qurumun müəssisələr, kütləvi informasiya vasitələri, digər dini qurumlar, təhsil müəssisələri təsis etmək hüquqları, dini qurumun nizamnaməsinə dəyişikliklər və əlavələr etmək qaydası, dini qurumun ləğvi qaydası, dini qurumun fəaliyyətinə xitam verildikdə əmlak məsələlərinin və başqa məsələlərin həlli qaydası göstərilməlidir. Dini qurumun adı onun hansı dinə mənsub olduğunu özündə əks etdirməlidir. Nizamnamədə həmin dini qurumun fəaliyyətinin xüsusiyyətləri ilə əlaqədar digər məsələlər də əhatə oluna bilər. Dini qurumun dini etiqad fəaliyyətini müəyyən edən, digər daxili məsələlərini həll edən sənədlər dövlət orqanlarında qeydə alınmalı deyildir. Dini qurum dövlət qeydiyyatına alındığı andan hüquqi şəxsdir. Dini qurumun nizamnaməsi öz dini mərkəzinin nizamnaməsinə uyğun olmalıdır".
Hüquqşunas bildirir ki, dini qurumların dövlət qeydiyyatına alınması bu qanunun 12-ci maddəsi ilə tənzimlənir: "Bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər. Dini qurumlar yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatlarda hüquqi ünvan kimi göstərilən ibadət yerlərində həmin dini qurumlara dini mərkəz və idarələr tərəfindən din xadimi təyin edildikdən sonra fəaliyyət göstərə bilərlər.
Dini icmanın dövlət qeydiyyatına alınması üçün onu yaratmış azı əlli nəfər yetkinlik yaşına çatmış şəxs və ya onların səlahiyyətli nümayəndələri icmanın təsis protokolu və nizamnaməsi əlavə olunmuş ərizə ilə dini mərkəzə və ya idarəyə müraciət edir. Ərizəyə habelə, vətəndaşlığı, yaşayış yeri və doğum tarixi göstərilməklə dini icmanı təsis edən şəxslərin siyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti, dini təlimin əsasları, o cümlədən, dini icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, həmin icmanın üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə məlumatlar, habelə, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər sənədlər əlavə edilir. Dini mərkəz və ya idarə 30 gün ərzində həmin sənədləri öz təqdimatı ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərir. Dini mərkəzin, dini idarələrin, dini təhsil müəssisələrinin, dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanına təsis sənədi və nizamnamə təqdim edilir. Müvafiq icra hakimiyyəti orqanı dini qurumların dövlət qeydiyyatına alınmasını qanunvericiliklə müəyyən edilmiş müddətdə həyata keçirir. Dövlət qeydiyyatına alınmış dini qurum onun dövlət qeydiyyatına alınması üçün tələb olunan məlumatlarda və ya sənədlərdə hər hansı dəyişiklik olduqda, bu barədə 20 gün müddətində dini mərkəz və idarələrin vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına məlumat verməli və müvafiq dəyişikliyi təsdiq edən sənədləri həmin qaydada təqdim etməlidir".
Amma qanunla dini qurumun qeydiyyata alınmasından imtina da mümkündür: "Bu Qanunun 1-ci maddəsinin üçüncü hissəsi nəzərə alınmaqla, dini qurumun dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər. Bura dini qurumun fəaliyyəti və ya qarşısına qoyduğu məqsədlər, yaxud təbliğ etdiyi dini təlimin mahiyyəti və əsas prinsipləri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olduqda,yaradılan qurum dini qurum qismində tanınmadıqda, təqdim olunmuş nizamnamə və digər sənədlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olduqda və ya onlarda əks olunmuş məlumatlar yanlış olduqda dövlət qeydiyyatına alınmasından imtina barədə dini quruma imtinaya əsas olmuş qanunvericiliyin müddəaları göstərilməklə məlumat verilir. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə dini qurumun dövlət qeydiyyatına alınmasından imtinaya yol verilmir".
Qanunda dini qurumun ləğv edilməsi də öz əksini tapıb. Dini qurumlar təsisçilərin və ya nizamnamə ilə buna vəkil edilmiş orqanın qərarı ilə,müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə, bu qanunun 1-ci maddəsinin üçüncü hissəsi nəzərə alınmaqla, dini qurum məhkəmə qaydasında aşağıdakı əsaslarla ləğv edilə bilər: " Dini qurum tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının, bu Qanunun və digər qanunların pozulması, yaxud həmin qurumun yaranma məqsədlərinə zidd olan fəaliyyətin həyata keçirilməsi,dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və ya düşmənçilik yaratmaq məqsədi ilə təbliğ edilməsi, dini etiqadı ifadə etməyə, dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur etmə, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinin yayılması və təbliğ edilməsi,ictimai təhlükəsizliyin və ya ictimai qaydanın pozulması, terrorçuluğa, terrorçuluğun maliyyələşdirilməsinə, təxribata və zorakı cinayət əməllərinə yönəlmiş hərəkətlərin edilməsi, dünyəvi təhsil alınmasına mane olma, dini qurumun üzvlərinin və digər şəxslərin dini qurumun xeyrinə öz əmlakından imtina edilməsinə təhrik və ya məcbur etmə, zor tətbiq etməklə və ya digər qanunsuz əməllərlə şəxsin dini qurumdan çıxmasına mane olma, şəxsləri qanunla müəyyən edilmiş vəzifələrin icrasından imtina edilməsinə və digər qanunsuz hərəkətlərin edilməsinə təhrik etmə,dövlət qeydiyyatına alınması üçün tələb olunan məlumatlarda və ya sənədlərdə edilmiş dəyişikliklər barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi tələbinə təkrarən əməl olunmaması aiddir. Dini mərkəz və idarələr dini icmalar barədə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş məlumatlara malik olduqda, həmin dini icmaların təsisçilərinin tərkibinin dəyişdirilməsinin və ya icmanın ləğvinin zəruriliyi barədə müvafiq icra hakimiyyəti orqanının qarşısında vəsatət qaldırırlar".
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16