Müasir dünyada hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna başlıca maneələrdən biri də korrupsiyadır. Qeyd edək ki, Korrupsiya - dövlət funksiyasını yerinə yetirən dövlət vəzifəsi tutan məmurların öz səlahiyyət mövqeyindən istifadə edərək qanunda nəzərdə tutulmamış maddi nemətləri qəbul etməsi, vəzifə xəyanəti etməsi, həmçinin, ayrı-ayrı şəxslər tərəfindən yüksək vəzifəli şəxslərin ələ alınmasıdır.
Prezident İlham Əliyevin uğurla davam etdirdiyi coxsahəli islahatlar kursu ötən on ildə respublika iqtisadiyyatında dinamik inkişafa zəmin yaratmış, hər bir vətəndaşın həyatında irəliləyişə səbəb olmuşdur. Ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında baş verən mütərəqqi dəyişikliklər özünü ildən-ilə daha qabarıq şəkildə göstərməklə yanaşı, yüksələn xətt üzrə inkişaf etməkdədir. Regionun lider dövlətinə çevrilmiş Azərbaycan Respublikası inkişaf etmiş ölkələr sırasında öz yerini möhkəmləndirərək beynəlxalq nüfuzunu daha da artırmış, bəşəri norma və prinsiplərə əməl edən müstəqil, sivil, demokratik və hüquqi dövlət kimi imicini gücləndirmişdir. Ölkə həyatının bütün sahələrində əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında, eləcə də jurnallarda təqdir olunur və respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır. Ötən vaxtlarda olduğu kimi, son dövrlərdə də dövlət başçısının rəhbərliyi ilə demokratik inkişaf yolu seçmiş müstəqil Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafında mühüm əngəllərdən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha geniş vüsət almışdır
Korrupsiya insan və vətəndaşların hüquqlarının və azadlıqlarının təmin edilməsinə ciddi maneçilik törədir, xalqın dövlətə etimadını azaldır. Hüquqi dövlət quruculuğuna ciddi əngəllər törədir.
Korrupsiya cinayətkarlığının əsasında isə konkret korrupsiya cinayətləri durur. Öz xüsusiyyətlərinə görə korrupsiya ilə bağlı cinayətkarlıq antisosial və ictimai təhlükəli xarakterlidir,dövlətin siyasi və iqtisadi təhlükəsizliyini qorxu altına alır, dövlət hakimiyyətinin mexanizminə,onun bütün qollarına mənfi təsir göstərir, bütövlükdə cəmiyyəti iflasa uğradır. Korrupsiya cinayətləri eyni zamanda mütəşəkkil cinayətkarlıqla da bağlıdır. Bir sözlə, korrupsiya cəmiyyətin normal fəaliyyət və inkişafına mane olur, əhalinin yoxsul təbəqəsinin vəziyyətini daha da ağırlaşdırır. Beləliklə, konkret olaraq hansısa təşkilata dəyən ziyandan əlavə dövlət mənafeyinə və cəmiyyətə ağır nəticəli ziyan dəymiş olur. Yəni korrupsiyanı konkret bir cinayət tərkibi kimi deyil, bir neçə ağır nəticəli cinayət tərkibinin birləşməsi kimi qiymətləndirmək lazımdır.
Hüquqi dövlət quruculuğu istiqamətində atılan ardıcıl addımlar, uğurlu məhkəmə-hüquq islahatlarının aparılması ölkəmizin qanunvericilik sisteminin yeniləşməsini təmin etdi. Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra korrupsiya ilə mübarizəyə istiqamətlənmiş bir sıra normativ-hüquqi aktlar, qanunlar qəbul edilmiş, ölkə prezidenti tərəfindən sərəncamlar və fərmanlar imzalanmışdır. Hazırda Azərbaycan iqtisadi və siyasi baxımdan dinamik inkişaf edən müasir ölkəyə çevrilməkdədir.Demokratik hüquqi dövlət quruculuğu siyasətinin tərkib hissəsi olan korrupsiyaya qarşı mübarizə isə bu inkişafın sürətlənməsinə xidmət edir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyularaq həyata keçirilən və hal-hazırda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi, sosial, ədalət mühakiməsi, hüquq mühafizə və digər sahələrdə islahatlar, qanunvericilik bazasının təkmilləşdirilməsi, yeni qanunların qəbul edilməsi korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının strateji kursunun əsas tərkib hissəsi olmaqla korrupsiya risklərinin azaldılması və korrupsiyaya təhrik edən halların qarşısının alınması istiqamətində mühüm əhəmiyyət kəsb etmişdir.
Korrupsiya ilə əlaqədar hüquqpozmalar - "Korrupsiyaya şərait yaradan, eləcə də, qanuna zidd olaraq nemətlər və üstünlüklərin verilməsi və əldə edilməsi yolu ilə həyata keçirilən və intizam, mülki-hüquqi, inzibati və cinayət məsuliyyətinə səbəb olan hərəkət və ya hərəkətsizlikdir".
Korrupsiya bütün bəşəriyyət üçün bəla hesab olunur və ona görə də bütün dünya ölkələri korrupsiyaya qarşı amansız mübarizə aparırlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qətiyyətini və siyasi iradəsini bir daha nümayiş etdirərək ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha sistemli, genişmiqyaslı və səmərəli həyata keçirilməsinin təmin edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiə edilməsi, əhalinin sosial rifahının yüksəldilməsinə yönəlmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nı 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq etmişdir. Əsas məqsədi korrupsiyaya qarşı mübarizəni vahid strategiya çərçivəsində qurmaq və bu sahədə görülən tədbirləri daha səmərəli surətdə davam etdirməkdən ibarət olan Milli Fəaliyyət Planı dövlət idarəçiliyində şəffaflığın artırılması, ərizə və şikayətlərə baxılması işinin, qanunvericilik bazasının, institusional mexanizmlərin, korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumların fəaliyyətinin təkmilləşdirilməsi, dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinin genişləndirilməsi, beynəlxalq əməkdaşlığın, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın inkişaf etdirilməsinə yönəldilmişdir.
Son dövrdə korrupsiyaya qarşı mübarizənin daha ciddi aparılması məqsədilə müvafiq qanunverecilikdə bir sıra dəyişikliklər edilməklə bu sahədə görülən işin səmərəliliyi yüksəlmiş, xüsusilə, profilaktik fəaliyyətin, preventiv təsirin gücləndirilməsi üçün kompleks tədbirlər həyata keçirilməyə başlanmış və hazırda uğurla davam etdirilir.
"Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" və "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 18 mart 2011-ci il tarixli qanunlara əsasən korrupsiya ilə bağlı cinayətlər üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyəti verilmişdir.
Dövlət başçısının həmin qanunların tətbiqilə əlaqədar imzaladığı fərmanlara, "Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" və "Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli Fərmanilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsi"ndə dəyişikliklər edilməsi haqqında" 8 aprel tarixli fərmanlarına uyğun olaraq müvafiq qanunvericilik aktlarının layihələri hazırlanmaqla yanaşı, Baş Prokurorluq üzrə "Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin strukturunun təkmilləşdirilməsi, idarənin tərkibində olan struktur qurumların Əsasnamələrinin təsdiq edilməsi haqqında" əmrlə yeni struktur dəyişiklikləri həyata keçirilmişdir.
Korrupsiya ilə mübarizədə ictimaiyyətin köməyindən istifadə edilməsi, belə neqativ hallarla üzləşmiş şəxslərin ixtisaslaşmış orqana - Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə birbaşa və maneəsiz məlumat vermək imkanlarının yaradılması, bu müraciətlərə təxirəsalınmadan baxılmasının və dərhal müvafiq tədbirlər görülməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Baş prokurorunun 2 mart 2011-ci il tarixli əmrilə idarənin nəzdində "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi təşkil edilərək 3 mart 2011-ci il tarixdən fəaliyyətə başlamışdır.
Əlaqə mərkəzinin fəaliyyət göstərdiyi müddət ərzində daxil olmuş 3 minə yaxın müraciətin təhlili göstərmişdir ki, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində dövlət başçısının siyasi iradəsinə uyğun olaraq həyata keçirilən qətiyyətli və sistemli tədbirlər müsbət nəticə verməklə əhali tərəfindən rəğbətlə qarşılanır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə məmurların ümdə vəzifəsi hesab etdiyi vətəndaşlara dövrün tələblərinə müvafiq sivil xidmət göstərmək və yeni müasir, sosialyönümlü innovasiyaların tətbiqindən ibarət Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tərkibində "ASAN xidmət" mərkəzlərinin yaradılması mühüm antikorrupsiya tədbirlərindən biridir. Dövlətlə vətəndaş arasında sıx təmas xətti olan bu qurum korrupsiyaya şərait yaradan halların aradan qaldırılması istiqamətində mühüm addım olmaqla onun əsas hədəfi vətəndaş-məmur təmas nöqtələrinin minimuma endirilməsi, xidmətlərin keyfiyyətinin artırılması, icra müddətlərinin qısaldılması, vaxt itkisinin azaldılmasından ibarətdir. Artıq yeni dövlət qurumunun fəaliyyəti vətəndaşların daha çox və tez-tez müraciət etdiyi xidmət sahələri üzrə narazılıqların məmnunluqla əvəz olunmasına gətirib çıxarmışdır.
Beləliklə, Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizənin yeni mərhələsində olub, ictimai həyatın bütün sahələrində dövlət, maliyyə, ictimai nəzarəti uğurla həyata keçirir, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna maneə olan mənfi amilləri qətiyyətlə aradan qaldıraraq, inamla irəliləyir.
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16