Ziya Məmmədov üçün gözlənilən qorxunc sonluq
11:35 23-12-2015
İQTİSADİYYAT
Səlahiyyətləri əlindən alınan nəqliyyat nazirinə növbəti zərbə; Sumqayıtdan sonra Bakıda da sərnişindaşıma əlindən alındı...
Nəqliyyat naziri Ziya Məmmədovla bağlı müəmmalı situasiya özünün məntiqi sonluğuna yaxınlaşır. Son günlərə qədər ölkə gündəminin bir nömrəli mövzusu nəqliyyat naziri Ziya Məmmədovun "vurulma prosesinin" məntiqi sonluğuna yaxınlaşması idi. Müşahidələr də belə düşünməyə əsas verirdi ki, artıq bu istiqamətdə ciddi addımlar atılıb və prosesin dönməz xarakter aldığı qətiləşib. Belə ki, səlahiyyətləri bir-birinin ardınca əlindən alınan Ziya Məmmədov faktiki olaraq "portfelsiz nazir" statusuna gətirilib ki, bu da prosesin hansı məcrada cərəyan edəcəyini proqnozlaşdırmaq üçün ipucları verməkdədir.
Belə ki, uzun müddətdir ki, "vurulacağı", vəzifədən çıxardılacağı haqda anonslar verilən nazirlə bağlı işə salınacaq ssenariyə aydınlıq gəlməkdədir. Hər halda ölkə prezidenti İlham Əliyevin ötən gün Bakı şəhərində nəqliyyat sahəsində islahatların həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında imzaladığı fərman Ziya Məmmədovla bağlı bütün sualları cavablandırmış oldu.
"Unikal" qəzeti bildirir ki, sözügedən fərmanı Ziya Məmmədov üçün "əcəl zəngi" də adlandırmaq olar. Çünki fərmandan da göründüyü kimi nəqliyyat sektorunda Nəqliyyat Nazirliyinin başlıca funksiyalarını mənimsəyən yeni struktur yaradıldı, bu halda isə paralel olaraq Nəqliyyat Nazirliyinin saxlanacağı ehtimalı çox aşağıdır. Görünən odur ki, yaxın günlərdə Nəqliyyat Nazirliyinin ləğv olunacağı gözlənilir, yeni yaradılacaq Nəqliyyat Agentliyi isə ləğv olunacaq strukturun həyata keçirdiyi bir sıra funksiyaları reallaşdıracaq.
Xatırladaq ki, prezident Bakı şəhərində nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi, sərnişinlər üçün beynəlxalq standartlara uyğun avtomobil nəqliyyatı xidmətinin təşkilinin genişləndirilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarına nəzarətin gücləndirilməsi, nəqliyyatın hərəkətinin tənzimlənməsi və bu sahədə islahatların davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılmasını qərara alıb.
Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə tapşırılıb ki, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsinə aid normativ hüquqi aktların müddəalarına riayət edilməsinə nəzarətin həyata keçirilməsi, habelə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün tədbirlər görsün.
Fərmana əsasən, "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi haqqında Əsasnamə" və "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin strukturu" təsdiq edilir. Həmçinin Bakı Nəqliyyat Agentliyinin işçilərinin ümumi say həddi 160 ştat vahidi müəyyən edilir.
Eyni zamanda Nəqliyyat Nazirliyinin tabeliyində olan "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti Agentliyin tabeliyinə verilir.
Məlumat üçün bildirək ki, bir müddət öncə isə Ziya Məmmədov Sumqayıt nəqliyyatından sıxışdırılıb çıxarılmışdı. Xatırladaq ki, bundan öncə ölkə başçısı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin yaradılması haqqında fərman imzalayıb.
Sənədlə müəyyən edilir ki, Sumqayıt şəhərinin inzibati ərazisində "Pilot layihə" çərçivəsində sərnişin daşınmasının inkişafı sahəsində tədbirlər görülməsi, sərnişin daşıyan avtomobil nəqliyyatı subyektləri tərəfindən normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili və bu sahədə dövlət sifarişinin formalaşdırılması, avtomobil nəqliyyatı ilə sərnişindaşımanın vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlərin görülməsi Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. Bununla da nəqliyyat naziri faktiki olaraq Sumqayıt nəqliyyatına nəzarəti itirib.
Baş verənlərin təhlili isə hər şeyin Ziya Məmmədov üçün qorxulu sonluq vəd etməsindən xəbər verir. Hər halda belə sonluq ən az ehtimal edilən variantlardan idi. Amma görünən odur ki, prezident Ziya Məmmədovu vəzifədən çıxarmaqdansa onun bütün səlahiyyətlərini əlindən almaq, onu səlahiyyətsiz nazirə çevirdikdən sonra isə rəhbərlik etdiyi Nəqliyyat Nazirliyini ləğv etmək qərarına gəlib.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52