Elməddin Behbud: "Maliyyə Nazirliyinin rəyində qrantın
məqsədəmüvafiq hesab edilməsi və ya edilməməsi əsaslandırılmalıdır"
Bu günlərdə Nazirlər Kabineti "Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası"nı təsdiq etdi. Bu Qaydada xarici donorlar tərəfindən qrant vermək hüququnun əldə edilməsi ilə bağlı göstərilmiş tələblər sub-qrantlara və qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin bağlanması, habelə onlarda istənilən dəyişikliklərin edilməsi hallarına da şamil olunur.
Qayda beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimaiyönlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri ("Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) tərəfindən (bundan sonra - xarici donorlar) Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi qaydasını tənzimləyir. Qrant vermək hüququnu əldə etməmiş xarici donorlarla qrant müqaviləsi bağlanıla bilməz. Qrant vermək hüququnun əldə edilməsi üçün xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququ hər bir qrant müqaviləsi (qərarı) üzrə əldə edilməlidir. Qrant vermək hüququnun əldə edilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinin qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunur.
Bəs görəsən "Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası"na əsasən bu qrantın verilməsi barədə qərar hansı müddətə verilə bilər? Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud deyir ki, yeni qayda xarici donorların Azərbaycan Respublikasının ərazisində qrant verməsinə dair münasibətləri tənzimləyir: " Bu günlərdə Nazirlər Kabinetinin 2015-ci il 22 oktyabr tarixli 339 nömrəli qərarı ilə " Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası"nı təsdiq etdi. Bu Qaydanın tələblərinə görə Azərbaycan Respublikası ərazisində qrant vermək təşəbbüsündə olan xarici donor qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi üçün müvafiq sənədlərlə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etməlidir. Edilmiş müraciətə 15 gün müddətində baxılır, əlavə araşdırma tələb olunduqda isə bu müddət 15 günədək uzadıla bilər. Həmin müraciətlərin baxılması nəticələrinə dair Nazirliyin rəyində qrantın məqsədəmüvafiq hesab edilməsi və ya edilməməsi əsaslandırılmalıdır".
E. Behbud bildirib ki, nazirlik hər il birinci yarımillik üzrə avqust ayının 10-dək və ikinci yarımillik üzrə növbəti ilin fevral ayının 10-dək qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair təqdim etdiyi rəylər barədə aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məlumatları təqdim edir: "Qrantın maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunması barədə Nazirliyin rəyini almış xarici donorlar qrant vermək hüququnu əldə etmiş hesab olunurlar. Bu mərhələdən sonra isə qrant vermək hüququnu əldə etmiş xarici donorların bağladığı qrant müqavilələrinin (verdiyi qərarların) qeydiyyatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası"na əsasən həyata keçirilir. Qrant müqaviləsi (qərarı) qeydiyyata alındıqdan sonra resipiyent tərəfindən bağlanılmış müqavilənin məqsəd və vəzifələrinin icrasına başlanılır".
Qeyd edək ki, yeni qayda heç də birmənalı qarşılanmadı. Sosial şəbəkələrdə "Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası" nın təsdiq edilməsinin zəruri addım olmadığı, bu qaydanın ölkəmizə xaricdən qrant ayrılmasına maneə yaradacağı barədə də fikirlər səsləndi. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də mətbuata açıqlamasında bildirib ki, bu qaydanın təsdiqlənməsi zəruri addımdır. Ə. Hüseynli deyib ki, indiyə qədər xarici qeyri-hökumət təşkilatlarının Azərbaycandakı fəaliyyəti də bizim qanunvericilikdə tənzimlənirdi: "Amma təcrübə göstərdi ki, şəffaflığın, korrupsiyaya qarşı mübariz tədbirlərinin tərkib hissəsi kimi bu sahədə də qanunvericiliyə bir sıra dəyişikliklər etmək lazımdır. Məqsəd bu sahədə şəffaflığı artırmaqdır. Yəni necə ola bilər ki, o qeyri-hökumət təşkilatları daim şəffaflıqdan danışırlar, amma özlərinin fəaliyyətində bu şəffaflıq görünmürdü? Çünki həmin qeyri-hökumət təşkilatları könüllülük əsasında yox, qrant layihələri əsasında fəaliyyət göstərirdilər. Son dövrün araşdırmaları da bizə onu göstərdi ki, təəssüflər olsun ki, bu sahədə boşluqlar çoxdur. Hansı ki, bu boşluqlardan istifadə olunaraq maliyyənin xərclənməsi ilə bağlı, vergi ilə bağlı ciddi nöqsanlar, o cümlədən qrant layihələrinin göstərilən məqsəddən kənar digər məqsədlərə xərclənməsi halları var. Yəni, əslində xarici qeyri-hökumət təşkilatlarının ölkədəki nümayəndəliklərinin fəaliyyətlərində onların, bir daha deyirəm bizim yox, onların yaşadıqları problem məhz bu boşluqlar ilə bağlı olub. Söhbət konkret o təşkilatlardan gedir ki, nizamnamələrinə uyğun Azərbaycan dövləti ilə bağladıqları hüquqi müqavilələr əsasında fəaliyyət göstərmirlər, yuxarıda qeyd olunan yollara əl atırlar. Təbii ki, bu da yolverilməzdir. Hər şeydən əvvəl artıq Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası var. Bu o deməkdir ki, prezident özü QHT-lərə dəstək verir. İkincisi isə, bir çox sahələr var ki, müxtəlif dövlət strukturları özləri də qanunvericiliyə əsaslanaraq o sahədə, mədəniyyətdən tutmuş ekologiyaya qədər vətəndaş cəmiyyətini maliyyələşdirə bilərlər. Yəni, belə deyək ki, biz artıq xarici donorların Azərbaycanda bu qədər fəaliyyətinə ehtiyac görmürük. Araşdırmalar da onu göstərir ki, onların indiyə qədər ayırdığı vəsaitlərin də çoxu məqsədə uyğun xərclənməyib, başqa məqsədlərə xidmət edib. Çox ciddi pozuntular olub. Bu, qeyri hökumət təşkilatlarının fəaliyyətində və onların xaricdən aldıqları donorlarla bağlı baş verib ki, indi-indi üzə çıxır".
Ekspertlər də deyir ki, xaricdən qrantlar ehtiyac olan sahələrdə layihələrin icrasına ayrılmalıdır. 3-cü sektor üzrə ekspert, Qeyri-hökumət təşkilatının icraiyyə komitəsinin sədri Sahib Məmmədov da deyir ki, hansısa xarici qeyri-hökumət təşkilatı Azərbaycanda müəyyən bir sahə ilə bağlı layihə həyata keçirdikdə, o layihənin Azərbaycanda həyata keçirilməsinin zərurəti olmalıdır: "Əvvəlcə müəyyənləşdirilməlidir ki, həmin layihə ideya baxımından bizim cəmiyyətimiz üçün vacibdir yoxsa yox? Elə sahələr var ki, ölkədə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası həmin sahələrdə layihə həyata keçirmək üçün maliyyə yardımı ayırır. Nəzərə almaq lazımdır ki, Azərbaycan özü hazırda xaricdə QHT-lərə bəzi sahələrdə layihə üçün qrant ayırır".
Ekspert deyir ki, xaricdən ayrılan qrantlara nəzarət vacibdir: "QHT sektorunda son hadisələr də göstərdi ki, xaricdən gələn qrantların rəsmiləşdirilməsində vergidən yayınma faktları var. Həmin pullar müxtəlif şəxslərin hesablarına köçürülür və sair. Ona görə də, yeni qaydaların təsdiqlənməsi zərurəti yaranmışdı".
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16