ABŞ prezidenti Barak Obama hesab edir ki, 70 illik fəaliyyəti dövründə NATO, Rusiyanın Ukraynadakı hərəkətləri də daxil olmaqla, eyni vaxtda bu qədər təhdidlə hələ üzləşməmişdi.
"RİA Novosti"nin verdiyi xəbərə görə, Obama bu barədə NATO-nun Varşavadakı sammiti çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
"Rusiya müstəqil Avropa ölkəsi olan Ukraynanın suverenliyi və ərazi bütövlüyünü pozub və NATO-ya üzv ölkələrə qarşı təxribat hərəkətlərə yol verir", - deyə Obama qeyd edib.
Terrorçuluq və qaçqın böhranı da NATO üçün əsas təhdidlər sırasındadır.
Obama deyib ki, NATO müttəfiqlərinin hamısını qorumağa hazır olduğunu bir daha təsdiqləyir.
"NATO dayandırma strategiyasını möhkəmləndirir. Alyans bununla açıq-aydın xəbərdarlıq edir ki, biz müttəfiqlərimizin hər birini qoruyacağıq", - deyə Obama bildirib.
Obama NATO-nun dayandırma strategiyasının möhkəmləndirilməsinə NATO-nun Avropadakı müttəfiqlərinə ABŞ tərəfindən yardım proqramının genişləndirilməsi və digər addımları aid edib.
"Biz, sadəcə, NATO Nizamnaməsinin ümumi təhlükəsizliyə dair 5-ci maddəsi çərçivəsində öz öhdəliklərimizi təsdiqlədik. Bununla əlaqədar biz kollektiv təhlükəsizliyi daha ciddi şəkildə gücləndirməyə başlamışıq", - deyə Obama qeyd edib.
Obama, həmçinin Alyansın şərq cinahda iştirakı məsələsində irəlilədiyini qeyd edib.