"Yeni Hayat" Şirkətlər Qrupundan mənzil alan vətəndaşlar narazıdır. Səbəb isə vətəndaşların aldığı mənzillərin ölçülərinin düzgün göstərilməməsidir. "Yeni Hayat" Şirkətlər Qrupunun "Park Azure" yaşayış kompleksindən mənzil alan bir neçə şəxs müqaviləni imzaladıqdan, mənzilə baxış keçirildikdən sonra aldadıqları qənaətinə gəliblər.



Unikal.org xəbər verir ki, Yaşayış kompleksindən mənzil alanlardan biri olan Arzu Əliyeva qarşılaşdıqları problemlə bağlı musavat.com-a danışıb.
Onun sözlərinə görə, aldıqları mənzilin ümumi sahəsi 147 kvadratmetr olub. Lakin onlar mənzilə baxış keçirərkən mənzilin sahəsinin 147 kvadratmetr yox, 132 kvadratmetr olduğunu görüblər.
"10 il müddətinə İpoteka krediti ilə mənzil almışıq. Bizdən hər kvadratmetrinə görə 1450 manat ödəniş tələb olunub. Evə baxış keçirərkən ölçülərin bizim razılaşdığımız şəkildə olmadığını gördük. Bizə başqa bir sənəd təqdim etdilər. Evin ölçüsü 15 kvadratmetr az göstərilmişdi. Bununla da bizə 20 min manatdan çox ziyan dəyib. Biz hələlik qonşulardan bir neçəsini tanıyırıq. Çünki binada yaşayış hələlik yoxdur. Tanış olduğumuz qonşularla danışdıq. Eyni problemi onlar da yaşayıblar", - deyən A.Əliyeva bu narazılıqlarını şirkət rəhbərliyinə də çatdırdıqlarını bildirdi.
"Park Azure" yaşayış kompleksindən isə müştərilərin narazılığına cavab olaraq bildirilib ki, mənzilin ölçüləri çöl divardan hesablanıb. Şirkət rəhbərliyi hesablamanın doğru olduğunu və Bakıda bütün mənzil satışının bu qayda ilə aparıldığını deyib.

Lakin A.Əliyevanın sözlərinə görə, bu cavab narazı vətəndaşları qane etmir: "Biz onlara müraciət etdik. Dedilər ki, evin ölçüsü divardan-divara hesablanıb. Biz bu məsələni araşdırdıq. Artıq vəkil də tutmuşuq. Öyrəndiyimiz qədəri ilə ev ölçüləri göstərilərkən çöl və iç divarlar nəzərə alınmamalıdır. Biz artıq məhkəməyə müraciət etməyə hazırlaşırıq. Bizi təəccübləndirən budur ki, cavablarında deyirlər, Azərbaycanda hamı belə satır. Ancaq "Yeni Həyat"ın digər layihəsi olan "Grand Hayat"da bu səhvlərini düzəltdiklərini deyilər. Yəni, bunun səhv olduğunu etiraf edirlər.

Biz mənzilin hər kvadratmetrinə görə pul ödəmişik. Daşa, divara görə kim pul ödəyər ki? Sonra təklif etdilər ki, yeni müqavilə və sənəd versinlər. Orada evin sahəsi 132 kvadratmetr göstəriləcək. Ancaq bu zaman ödənilən məbləğdə heç bir dəyişiklik edilməyəcək. Deyirlər ki, yeni müqavilə mənzilin qiymətinə təsir etməyəcək. Necə olur ki, ödənişi hər kvadratmetrə görə alırlar. Ancaq müqavilədə ümumi mənzilin qiyməti kimi göstərilir? Diqqətsiz olmuşuq, bundan istifadə edib, bizi aldadıblar".
Mənzil alanları narazı salan başqa bir məsələ isə kompleksin vəd edilən müddətdə təhvil verilməməsidir. Mənzillərin 2015-ci ilin yanvar ayından alıcılara təmir üçün təhvil verilməsi nəzərdə tutulsa da, bu vədə əməl edilməyib.

A.Əliyeva deyir ki, bir il gecikmədən sonra mənzillər onlara bu il təhvil verilib. Lakin kompleks tam şəkildə yaşayış üçün 2017-ci ilin sentyabrında təhvil veriləcək. Halbuki elanlarda kompleksin bu ilin sonuna tam şəkildə istifadəyə veriləcəyi qeyd edilir.