Fizika-riyaziyyat elmləri doktoru, professor, Avropa Təbiət Elmləri Akademiyasının akademiki Qüdrət İsaqov
Unikal.org-un emailinə göndərdiyi müəllif yazısında bir çox mraqlı məqamlara toxunub.
Müəllifin yazısını təqdim edirik:
"Azərbaycanda mühüm dövlət vəzifələrində işləyən məmurların çoxu ancaq özləri haqqında fikirləşir. Onlar üçün dövlət maraqları yoxdur. Onların bir amalı var. Özləri yaxşı yaşasın, biznesləri çiçəklənsin, savadsız qohum - əqrəbaları yüksək vəzifələrdə olsunlar.
Bu tip məmurlar haqqında vaxtilə Mirzə Ələkbər Sabir özünün əvəzsiz şerində gözəl deyib: "Mən salim olum, cümlə cahan batsa da, batsın, yatmışları razı deyiləm kimsə oyatsın!"
Belə məmurların əksəriyyəti dövlətin reytinqini yüksəltmək yolunda çalışan insanlara qarşı mübarizə aparırlar. Onlar belə hərəkətləri ilə dövlətimizi gözdən salırlar. İnkişafa və əmin- amanlıq prosesinə ciddi zərbə vururlar.
Nəticədə dövlətimiz və Prezidentimiz özünün də dediyi kimi xarici mətbuatın və xaricdəki siyasi dairələrin hədəfinə gəlir.
Sual oluna bilər ki, çoxsaylı məmurların dövlətçiliyimiz uğrunda çalışan təşəbbüskar insanlara qarşı aqressivliyi nə ilə bağlıdır?
Cavab belədir: Belə məmurların əksəriyyəti savadsızdırlar. Öz yerlərində deyillər. Ona görə də onlar təşəbbüskar insanlardan qorxurlar. Çünki bütün müsbət təşəbbüslər dövlətimizin inkişafına, həmin məmurların iç üzünü açmağa və onların heç nə etmədən hədsiz sərvət sahibi olmalarına qarşı yönəlib.
Təşəbbüskar insanlara qarşı mübarizə aparan məmurlar təşəbbüskar insanları vurduqca daha da harınlaşırlar. Onlar Azərbaycan Konstitusiyasını və qanunlarını saymırlar. Özlərinin icad etdiyi, özlərinin uydurduğu qanunlarla yaşayırlar.
Amma bu məmurlar bir şeyi dərk etmirlər ki, nə qədər varlansalar da onların bütün fəaliyyəti və hərəkəti Azərbaycan dövlətinin maraqlarını sarsıdır. Onlar budaqlarında oturduqları dövlətçilik ağacının kökünə balta vururlar.
Təşəbbüskar insanlara qarşı mübarizə aparan məmurlar bütün fəaliyyəti Prezidentlə xalq arasında ya çin səddi, ya da dərin uçurum yaratmağa yönəlib.
Mənim qəti şəkildə fikrim bundan ibarətdir ki, Prezidentimiz belə məmurlardan xilas olmalıdır. Xalqı öz dövlətindən narazı salan məmurlar heç bir zaman Prezidentə sədaqətli ola bilməzlər.
Xalqı dövlətdən narazı salanlar dövlətin təhlükəsizliyinə zərbə vururlar. Qəti fikirdəyəm ki, Prezidentimiz dövlətin təhlükəsizliyinə sarsıdıcı zərbə vuran məmurları vəzifələrdən uzaqlaşdırmalı və onları ciddi cəzalandırmalıdır.
Başqa yol yoxdur! "