Qəbələ rayon Aydınqışlaq kənd sakini Əhmədova İntizar Bəxtiyar qızı Şəki Şəhər Rayon Polis Şöbəsinə rəsmi ərizə ilə müraciət edib.
Unikal.org Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, müraciətdə Şəki sakini Sahib adlı şəxsin özünü vəkil kimi təqdim edərək oğluna bir işdə köməklik etmək üçün ondan 400 AZN dəyərində pul alması bildirilir. Daha sonra şikayətçilər pulu geri istədikdə o, pulu qaytarmaqdan imtina edib.
Araşdırmalar zamanı həmin şəxsin Şəki saini Abdürrəhmanov Sahib Qurban oğlu olduğu müəyyən olunub.
Dindirilmə zamanı saxlanılan şəxs günahkar olmadığını və əməlindən peşmanlıq keçirmədiyini dilə gətirib: "Mən heç bir əməl törətməmişəm. Ona görə də peşmanlıq hissi keçirmirəm. Pulunu da qaytarmışam".
Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi açılıb. Saxlanılan şəxsin digər vətəndaşları aldadıb-aldatmaması ilə bağlı araşdırmalar davam etdirilir.