İraqın Kərkük şəhərində yerli türkmənlərdən ibarət Könüllü Türkmən Birliyi terrorçu İŞİD-ə qarşı mübarizədə Azərbaycanın dövlət bayrağı ilə iştirak edib.

Unikal.org report-a istinadən bildirir ki, birliyin 16-cı briqadası Əmirli yaşayış məntəqəsinin terrorçulardan təmizlənməsi uğrunda gedən döyüşlərdə Azərbaycan bayrağını qaldırıb.
Türkmən döyüşçülər bildiriblər ki, İraqı terrorçu İŞİD-dən təmizlədikdən sonra Dağlıq Qarabağı da işğaldan qurtarmaq üçün savaşacaqlar.
Məlumata görə, gecə saatlarında türkmənlərdən ibarət könüllü birliyin döyüşçülərindən bəziləri boyunlarına Azərbaycan bayrağı və Qarabağ yazılmış şərflər bağlayıblar. Terrorçulara qarşı döyüş 8 saat sürüb. Nəticədə Əmirli ətrafındakı bir sıra strateji təpələr terrorçulardan təmizlənib və İŞİD-in Zərgə çayı yaxınlığındakı düşərgəsindən 30 ədəd tələ-partlayıcısı, minalar, raketlər, silah-sursat aşkarlanaraq, götürülüb.
Türkmənlərdən ibarət Seyid-əl Şühəda briqadasının komandanı Cövdət Asaflı Əmirli deyib: "Bütün türklərə, o cümlədən Azərbaycan və Qarabağ xalqına salamlar göndəririk. İnşallah, ölkəmizi İŞİD-dən təmizlədikdən sonra gəlib qardaşlarmıza Qarabağın da işğaldan azad edilməsində yardımçı olacağıq. Azərbaycan və Qarabağ bizi gözləsin. Biz bu gün Əmirlini terrorçulardan təmizlədik. İnşallah, Hauiceyi, Telaferi, Mosulu təmizləyib, Azərbaycana da yetişəcəyik. Qanımız, dilimiz, dinimiz birdir".