Dünyamin Xəlilovla bağlı sensasion iddialar
09:35 07-01-2016
CƏMİYYƏT
Britaniya brendi keçmiş deputata görə ziyana düşdüyünü elan edir
Britaniyanın məşhur "Harvey Nichols" brend geyim mağazaları şirkəti ötən il gəlirlərinin 30 faiz azaldığını, bu səbəbdən biznesdə "aqressiv rekonstruksiyaya" gedəcəyini elan edib.
Britaniya biznes-mediasının xəbərinə görə, şirkət gəlirlərinin kəskin azalmasının səbəblərindən biri kimi Azərbaycandakı "General Construction" şirkəti ilə bağlanmış françayzinq müqaviləsinin uğursuzluğa düçar olmasını göstərir.
"Harvey Nichols" Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin biznes ortaqları olan Xaqani Bəşirov və keçmiş deputat Dünyamin Xəlilova məxsus "Globus Plaza" ticarət mərkəzində fəaliyyətə başlasa da qısa müddətdən sonra müqaviləni pozaraq ölkəni tərk edib. Şirkət bildirir ki, "Harvey Nichols" Azərbaycanda cəmi 4 ay fəaliyyət göstərə bilib.
Britaniya brendi Azərbaycanda 2015-ci ilin martında fəaliyyətə başlamışdı və bu münasibətlə yaydığı press-relizdə bildirirdi: "Harvey Nichols" Bakıda yeni mağazasını açdığını fəxrlə elan edir və azərbaycanlı alıcılara eksklüziv moda, gözəllik və qonaqpərvərlik təqdim edir".
Lakin cəmi 4 ay keçəndən sonra 2015-ci ilin iyul ayında "Harvey Nichols" bu dəfə qısa və quru bəyanatla çıxış edərək Azərbaycandakı ortağı ilə müqaviləni dayandırdığını bildirdi. Aydın idi ki, Britaniya brendinin Azərbaycanda bu cür aldadılması Beynəlxalq Bank ətrafında gedən proseslərlə əlaqəli idi və Cahangir Hacıyevin müflis olan biznes kompanyonları "Harvey Nichols"la müqavilənin şərtlərini yerinə yetirə bilməmişdilər. Çünki həmin Dünyamin Xəlilov və Xaqani Bəşirov Bynəlxalq Banka yüz milyonlarla dollar borcludur.
Xatırladaq ki, "Kredit oliqarxları"nın işi çərçivəsində Dünyamin Xəlilov bir neçə dəfə saxlanılıb və "Bandotdel"ə aparılıb. Ancaq o, nədənsə həbsdən yayına bildi, baxmayaraq ki, götürdüyü kreditlərin böyük hissəsini hələ də qaytarmayıb. Dünyamin Xəlilov həbsdən yayınsa da onun şirkətinin heç bir təqsiri olmayan aşağı rütbəli işçilərini həbs ediblər.
Məsələn, "General Construction" şirkətinin dəftərxana işçisi Ramiz Kərimovun oğlu Cəmil Kərimov mətbuata müraciət edərək bildirmişdi ki, onun atasını-şirkətdə faktiki olaraq heç bir səlahiyyət sahibi olmayan adamı Beynəlxalq Bankla "kredit qalmaqalı"na görə həbs ediblər. Bu şəxs deyirdi ki, atasının həbs olunmasında birbaşa günahkar Dünaymin Xəlilovdur.
"Dünyamin Xəlilov atamı "Aztorq" MMC-nin təsisçisi etmişdi. Amma atam faktiki olaraq "General Construction"da dəftərxana işçisi idi. Məni də "Aygün Inşaat"ın direktoru təyin etmişdi. Amma mən şirkətdə elektrik işləyirdim. Məni də, atamı da DIN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparmışdılar. Məni 15 gündən sonra buraxdılar. Atama isə 4 ay həbs verdilər. Atamdan başqa şirkətin 7 işçisi həbsdədir. Onların heç bir təqsiri yoxdur. Pullar Dünaymin Xəlilov tərəfindən götürülüb. Bu adamlar isə sadəcə girov saxlanılır. Dünyamin Xəlilov nə vaxt pulları qaytarsa, onları buraxacaqlar" - müraciətdə deyilirdi.
"Unikal"xatırladır ki, hələ ötən ilin mayında Dünyamin Xəlilovun həbsi ilə bağlı yayılan xəbərlərdə bildirilirdi ki, onun sahibi olduğu Plazada bir neçə həftə boyunca ciddi yoxlamalar həyata keçirilib və bunun nəticəsi olaraq mərkəzin sahibi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Məlumatlarda o da qeyd edilirdi ki, D.Xəlilov Beynəlxalq Bankdakı yeyintilərdə iştirakçılardan biridir. O, Plazanın mühafizəçiləri, xadimələri də daxil olmaqla bir qrup işçinin adına bankdan 3 milyondan artıq vəsait götürməkdə ittiham olunur. İşçilər arasında dünən aparılan yoxlamalardan sonra məlum olub ki, onların özlərinin belə, bu kreditlərdən xəbərləri yoxdur.
Maraqlıdır ki, Beynəlxalq Bankın bir filialı da həmin plazanın 3-cü mərtəbəsində yerləşib. Xəlilovun həbs xəbərinin yayılmasından bir gün əvvəl sözügedən filialın da fəaliyyəti dayandırılaraq oradan köçürülüb.
D. Xəlilov isə bu məlumatlar yayıldıqdan sonra KİV-ə qısa açıqlamasında belə demişdi: ""Bu xəbərlər həqiqəti əks etdirmir. Mən xəstəyəm və hazırda müalicə olunuram".
Maraqlıdır ki, o vaxt eks-deputat istintaqa dəvət olunub-olunmaması ilə bağlı sualı cavablandırmaqdan imtina etmişdi.
Onu da deyək ki, Dünyamin Xəlilovun ortağı Xaqani Bəşirov isə vaxtında ölkəni tərk edə bilib və hazırda Fransadadır.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-28 10:09:32
2024-11-28 10:01:59
2024-11-28 09:26:42
2024-11-28 09:17:57
2024-11-28 09:12:42
2024-11-28 08:47:35
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00