Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ilk hakimiyyətə gəlməsinin növbəti ildönümüdür. 56 il bundan öncə, yəni, 1969-cu ilin məhz 14 iyul tarixində Sovet İttifaqının tərkibində olan respublikamızın taleyi Ona həvalə olundu.
Bu sözləri "Unikal"a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.
"1969-cu il iyulun 14-ü həmdə Azərbaycanın xilasının birinci mərhələsinin, xalqın özünə qayıdış tarixinin başlanğıcıdır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi bu tarixin ölkəmizin, xalqımızın taleyində əhəmiyyətli rolu bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır. Bugünkü Azərbaycan məhz həmin dövrdə yaradılan möhkəm təməl üzərində inkişaf edir, uğurla addımlayır. Ölkənin hərtərəfli inkişafında iqtisadi amilə verilən önəm Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünün səciyyəvi xüsusiyyətidir. Ümummilli Lider 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda ölkəmiz SSRİ-də bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ulu Öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan 1982-ci ildə artıq qabaqcıl yerlərdə oldu. Əgər iki respublika donor idisə, onlardan biri Azərbaycan idi. O vaxt dahi şəxsiyyətin gördüyü işlər həm sənaye, həm kənd təsərrüfatı, həm yüngül sənaye sahələrini böyük dərəcədə inkişaf etdirdi, canlandırdı. Ümummilli Lider hakimiyyətinin birinci dövründə ölkəmizi geridə qalmış respublikadan çiçəklənən, inkişaf edən bir diyara çevirdiyi kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xilaskarlıq missiyasını uğurla yerinə yetirərək müstəqilliyimizi daimi, sarsılmaz etdi, dünya iqtisadi sisteminə inteqrasiyanın, davamlı inkişafın əsası kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla ölkəmizin qarşısında geniş imkanlar açdı.
Ümummilli liderin 1969-cü il iyul ayının 14-də Azərbaycanda ilk dəfə siyasi rəhbərliyə gəlməsi qədirbilən Azərbaycan xalqını səmimi-qəlbdən məmnun etdi və bu yenilməz xalqın öz dahi liderinə qovuşmasının, onun ətrafında sıx sıralarla birləşməsinin təminatçısına çevrildi. Hələ gələcək möhtəşəm nailiyyətlərin ilk addımları atılan həmin dövrdə Azərbaycanın bütün sahələrində doğma, əməksevər xalqımızda milli dirçəlişə, özünüdərkə inamın, ölkə başçısına olan böyük ehtiramın yaranmasının möhkəm təməlləri qoyuldu.
Ümummilli lider keçmiş SSRİ dövründə Azərbaycanda xalq təsərrüfatının bütün sahələrinin inkişafını həmahəng surətdə ardıcıllıqla həyata keçirir, yeniliyə, tərəqqiyə sədd yaradan keçmişdən miras qalmış maneələri, lüzumsuz stereotipləri inamla dəf edir, aradan qaldırırdı. Onun düşünən beyni gecəli-gündüzlü istirahət bilmədən daim fəaliyyət göstərərək Azərbaycanın gələcəyi naminə yeni – yeni layihələr hazırlayır və dərhal da onların zəruriliyini hiss edib həyata keçirilmələrinə şərait yaradırdı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan ən mütərəqqi və müasir islahatların tətbiqi, həyata keçirilməsi meydanına çevrilmişdi.
Ulu öndər XX əsrin 70-80-ci illərində həmin siyasətin tərkib hissəsi kimi elm, təhsil və səhiyyə sistemlərinin də yüksəlişini təmin edərək, bu sahələrin hərtərəfli inkişafı üçün dövlət səviyyəsində bütün mümkün tədbirləri gerçəkləşdirmişdir. Böyük rəhbər həmin dövrdə, ilk növbədə, tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışmış, bununla da səhiyyə, o cümlədən tibb elmi və tibb təhsili və səhiyyə sahələrində mövcud durğunluğun aradan qaldırılmasına nail olmuşdur. Keçən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Heydər Əliyev respublikamızın səhiyyə sistemi sahələrinin beynəlxalq miqyasa çıxmasına, onların dayanıqlı və sabit inkişafına əlverişli şərait yaratmışdı. Həmin illərdə Azərbaycanın sözügedən sistemlərində ölçüyəgəlməz islahatlar aparılır, o zamankı Azərbaycan Dövlət Tibb İnstitutu keçmiş Sovetlər İttifaqında sayılıb-seçilən elm və təhsil məbədlərindən birinə çevrilir, tibbi kadr hazırlığında öz sözünü cəsarətlə deyə bilirdi. Başqa sözlə, tibbi fənlərin diplomaqədərki və diplomdansonrakı tədrisinin, tələbələrin və məzunların peşə hazırlığının, eləcə də abituriyentlərin instituta qəbulunun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Dövlət Tibb İnstitutunda internatura kursu, hazırlıq şöbəsi, istehsalat təcrübəsi dekanlığı, daha sonralar tibbi-biologiya fakültəsi və dekanlığı, hərbi-tibb fakültəsi və dekanlığı, mətbuat və informasiya xidməti və digər köməkçi şöbələr yaradılmışdır. Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə yüzlərlə gənc azərbaycanlı alimin müxtəlif ixtisaslar üzrə keçmiş İttifaq səviyyəsində doktoranturaya qəbul edilməsinə də nail olmuşdu. Tibb sahəsində mütəxəssislərin yeni nəslinin nümayəndələri yetkin tədqiqatçılar kimi vətənə qayıdıb fəaliyyətlərini genişləndirirdilər. Zərifə Əliyeva, İbrahim Topçubaşov, Həmidbəy Mahmudbəyov, Tamerlan Əliyev, Tağı Tağızadə, Adilə Namazova, Böyükkişi Ağayev və başqalarının adları bu gün səhiyyəmizin inkişaf tarixində ən mötəbər yerlərdən birini tutur, onların elmi məktəbləri dərindən öyrənilir. Eyni zamanda, həmin illərdə tibbin müxtəlif elmi istiqamətləri - cərrahiyyə, terapiya, mikrobiologiya, urologiya, oftalmologiya, allerqologiya və immunologiya, pediatriya, kardiologiya, onkologiya, anesteziologiya və reanimatologiya, epidemiologiya, ginekologiya, stomatologiya, morfologiya və s. üzrə beynəlxalq səviyyəli elmi-tədqiqat işləri aparılıb, alınan nəticələr dünya alimləri tərəfindən yüksək dəyərləndirilibdir. Ulu öndər o dövrdə respublikanın səhiyyə sisteminin və Azərbaycan Dövlət Tibb İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsini də diqqətdə saxlayırdı. Həmin dövrdə yüzlərlə iri müasir səhiyyə obyektləri inşa edildi, respublikada olan tibb müəssisələrinin yarıdan çoxu yeniləşdirildi, elmi-tədqiqat institutları, sağlamlıq və müalicə-profilaktika müəssisələri fəaliyyətə başladı. Neyrocərrahiyyə Mərkəzi, Diaqnostika Mərkəzi, Toksikoloji Mərkəz, Əlillərin Reabilitasiya Mərkəzi, Kliniki Urologiya Xəstəxanası, habelə kimya-əczaçılıq zavodu və müasir profilli tibb müəssisələri açıldı, elmi-tədqiqat oftalmologiya, elmi-tədqiqat onkologiya institutları üçün müasir tipli tam təchizatlı binalar tikilib xalqın istifadəsinə verildi. Yeni açılan tibb müəssisələrini yüksək ixtisaslı kadrlarla təmin etmək üçün Azərbaycan Dövlət Tibb İnstitutuna tələbə qəbulunun sayı artırıldı, ucqar kənd rayonlarından gələn abituriyentlərə güzəştlər tətbiq edildi, onlar üçün hazırlıq kursu dekanlığı təşkil edilərək fəaliyyətə başlamasına münasib şərait yaradıldı. Bir faktı da xatırlatmaq yerinə düşər ki, 1980-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun 50 illik yubileyi ulu öndərin iştirakı ilə keçirildi və bu münasibətlə institutun əməkdaşlarının bir qismi fəxri adlara, dövlət təltiflərinə layiq görüldü. Akademik Mustafa bəy Topçubaşovun keçmiş SSRİ-nin ən yüksək təltiflərindən olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsi ulu öndərin səyi nəticəsində mümkün oldu. Azərbaycanın belə görkəmli alimlərinin əvvəl SSRİ miqyasında, sonra isə beynəlxalq miqyasda tanıdılması bütövlükdə Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sistemlərinin tanıdılması demək idi. O dövrün, yəni ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi dövrün tələbə-gənclərindən olduğuma görə onun ölkədə gənclərə göstərdiyi qayğı xoşbəxtliklərindən mənə də pay düşdü və bu qayğının sayəsində mən 1974-cü ildə Moskvada SSRİ Tibb Elmləri Akademiyasının Onkoloji Elmi Mərkəzinin aspirantı oldum. O vaxtlar Moskvanın müxtəlif ali tibb təhsili müəssisələrində mənim kimi gənclər çox idi və ümummilli liderin gənclər üçün yaratdığı əlverişli şərait hər birimizin həyatının mənasına çevrilmişdi.
Ümummilli lider ötən əsrin birinci yarısından etibarən öz fenomen xüsusiyyətləri ilə günəş kimi parladı. XXI əsrin astanasında əbədiyaşarlıq rəmzinə çevrilərək gələcək yüzilliklərin, minilliklərin möhkəm bünövrələrini, sarsılmaz təməllərini yaratdı.
Həm SSRİ, həm də müstəqillik dövründə Ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyəti yalnız Azərbaycan xalqının tərəqqisi və inkişafına xidmət etmişdir. Azərbaycan məhz Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə inkişaf edərək tərəqqi yoluna çıxıb, bütün sahələrdə mühüm uğurlar, parlaq nəticələr əldə edilib", - deyə Ə.Əmiraslanov əlavə edib.