"Premium Bank" 2025-ci ilin ilk yarısı üzrə maliyyə vəziyyətini açıqlayıb.
"Unikal" apa-ya istinadən xəbər verir ki, bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 11,2% artaraq 6,3 mln. manat təşkil edib.
Bankın əməliyyat gəlirləri artsa da, xərclərdəki artım tendensiyası. Qeyri-faiz xərcləri – o cümlədən əmək haqqı, inzibati və digər xərclər – 13,4 mln. manata yüksəlib. Bu, xalis mənfəətdə artıma baxmayaraq, bankın rentabellik göstəricilərinə potensial təzyiqlərin artdığını göstərir. Ümumilikdə əməliyyat mənfəəti 18% artaraq 6,6 mln. manat olub. Başqa sözlə, əməliyyat mənfəəti xalis mənfəətdən cəmi 300 min manat yüksək olub. Bu isə bankın mənfəətinin əsasən fəaliyyət gəlirləri ilə formalaşdığını göstərir.
Bankın aktivləri ilin əvvəlindən 1,1% artaraq 648,2 mln. manata çatıb. Bu artım əsasən müştərilərə verilmiş kreditlərin genişlənməsi ilə bağlı olub – kredit portfeli 1,9% artaraq 475,5 mln. manat təşkil edib.
Depozit portfelində ikili dinamika
Bankın ümumi depozit portfeli 3,6% artaraq 368,2 mln. manata yüksəlib. Bu artım yalnız fiziki şəxslərin əmanətləri hesabına mümkün olub. Belə ki, əhalinin depozitləri 6,7% artaraq 311,6 mln. manata çatıb. Əvəzində, hüquqi şəxslərin depozit portfelində 34% azalma müşahidə edilib. Şirkətlər 29,1 mln. manat vəsaiti bankdan geri çəkib. Nəticədə sözügedən portfel 85,7 mln. manatdan 56,6 mln manata enib.
Pul vəsaitlərində azalma, qiymətli kağızlarda sıçrayış
Hesabat dövründə bankın nağd pul vəsaitləri və ekvivalentləri 6,7% azalaraq 154,2 mln. manata düşüb. Bunun əksinə olaraq, ticarət və investisiya qiymətli kağızlarına yatırımlar 10 dəfədən çox artaraq 1 mln. manatdan 10,8 mln. manata yüksəlib. Bu da bankın likvid vəsaitlərinin strukturunda mühüm dəyişiklik olduğunu göstərir.
Kapital artımı dividendlərin azaldılması bahasına baş verib
Bankın ümumi kapitalı 9% artaraq 193,9 mln. manata çatıb. Artım əsasən səhmdar kapitalının 20 mln manat artırılması ilə bağlıdır. Bununla belə, bölüşdürülməmiş mənfəətin 3,7 mln manat azalaraq 10,5 mln. manata enməsi bankın mənfəətin bölüşdürülməsində daha konservativ siyasətə keçdiyini göstərir.