Səlim Müslümovdan sosial qayğıya ehtiyacı olanlara dəstək: "Biz ölkədə iş yerlərinin azalmamasına, ölkənin məcmu tələbinin düşməməsinə çalışmalıyıq"
Son illər ölkədə sosial qayğıya ehtiyacı olan şəxslərə dövlət tərəfindən yardım edilməsi artıq sosial siyasətin əsas prinsiplərindən birinə çevrilib. Bu siyasətin qollarından biri də sağlamlıq imkanları məhdudlaşan vətəndaşların avtomobillə təminatıdır.
Artıq neçə ildir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə əlillərə avtomobil verilir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda dövlət tərəfindən avtomobil verilən əlil qruplarının sayı artırılıb. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"də əksini tapıb. Əsasnaməyə əsasən proqramlı hemodializ qrupuna daxil olan əlillərə də avtomobil verilməsinə dair tibbi göstəriş veriləcək. Nazirlər Kabinetinin indiyə qədər qüvvədə olmuş 29 avqust 1997-ci il tarixli qərarı ilə təsdiqlənmiş Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə də bu qrup əlillərə avtomobil verilməsinə dair tibbi göstərişin verildiyi əlil qrupları arasında yer almayıb.
Digər dəyişiklik müharibə əlilləri ilə bağlıdır. İndiyə qədər müharibə əlilləri və onlara bərabər tutulan əlillərin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 dərəcədən aşağı olduqda onlara avtomobil verilməsinə dair tibbi göstəriş verilib. Ancaq bundan sonra müharibə əlillərinin hər iki gözünün görmə itiliyi 0.04-dən aşağı və ya görmə sahəsi 10 dərəcədən aşağı olduqda onlara avtomobil verilməsinə dair tibbi göstəriş veriləcək.
İndiyə qədər avtomobil verilməsinə dair tibbi göstəriş verilən 27 əlil qrupu ilə bağlı isə dəyişiklik olmayıb. Bu əlil qruplarına ikinci-B dərəcəli xroniki qan dövranı çatışmazlığı, ikinci dərəcəli ağciyər çatışmazlığı, bir aşağı ətrafın iflici və ya nəzərə çarpan parezi, hemiplegiya, nəzərə çarpan hemiparez, nəzərə çarpan ataksiya, hiperkinetik, amiostatik sindrom, hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri ikinci dərəcə arterial çatışmazlığı, aşağı ətrafların nəzərə çarpan trofik pozuntuları (hər iki aşağı ətraf və çanaq qurşağı əzələlərinin müxtəlif etiologiyalı atrofiyaları), aşağı ətraf venalarının xəstəlikləri, bir aşağı ətrafda üçüncü və ya hər iki aşağı ətrafda ikinci-üçüncü dərəcə venoz çatışmazlıqları, hər iki aşağı ətrafın fillik xəstəliyi, hər iki əlin güdülü, hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 5 dərəcəyədək məhdudlaşması), hər iki pəncənin Şarp üzrə güdülü (ayaq darağı sümük başlıqlarının amputasiyası) və ya hər iki aşağı ətrafın yüksək səviyyədə güdülü, baldırın güdülü, bud-çanaq oynaqlarının, ətrafların funksiyasının nəzərə çarpan dərəcədə pozulması ilə müşayiət edilən, anadangəlmə və ya qazanılmış çıxığı, bud-çanaq və ya diz oynağının laxlaması, bud-çanaq oynağının ankilozu və ya kəskin çarpan kontrakturası (hərəkətlərin həcmi 10 dərəcəyədək olduqda), diz oynağının ankilozu və ya funksional əlverişsiz vəziyyətdə (150 dərəcədən az və 170 dərəcədən artıq bucaq altında) kəskin kontrakturası, topuq oynağının kəskin nəzərə çarpan kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti, hər iki bud və ya baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində onların 170 dərəcədən az bucaq altında deformasiyası, bir aşağı ətraf və ya ancaq qurşaq sümüklərinin xroniki osteomieliti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə), budda yalançı oynaq, yaxud iri sümük qüsuru olması (sümüyün çevrəsinin yarısından artığı dağılmaqla) budun və ya baldırın hər iki sümüyünün yalançı oynağı və ya sümük qüsuru, yaxud qamış sümüyünün incik sümüyündə 170 dərəcədən kiçik bucaq altında deformasiya olmaqla yalançı oynağı və ya sümük qüsuru, bud-çanaq oynağının endoprotezi, hər iki diz oynaqlarının endoprotezi, bir aşağı ətrafın 10 sm qısa olması, baldırda 20 kv.sm pəncənin üst səthində 10 kv.sm və pəncənin alt səthində ən azı 2 kv.sm ölçülü uzun müddət (6 aydan artıq) sağalmayan xora, yaxud travmadan sonrakı trofik pozuntular, onurğanın ayaq üstə dayanmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyası, onurğa funksiyasının kəskin nəzərə çarpan pozulması ilə müşayiət olunan üçüncü-dördüncü dərəcəli əyilmələri və ankilozlaşdıran spondiloartrit (Bexterev xəstəliyi) bud-çanaq oynaqlarının nəzərə çarpan kontrakturası ilə daxildir.
Onu da qeyd edək ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 14 sentyabr 2015-ci il tarixli Fərmanına uyğun olaraq, əlillik təyinatında məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və şəffaflığın artırılması məqsədilə "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"də müvafiq dəyişikliklər aparılıb və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 yanvar 2016-cı il tarixli 413 nömrəli qərarı ilə yeni Əsasnamə təsdiq edilib.
Bu barədə Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yanvarın 6-da keçirdiyi mətbuat konfransında məlumat verib. Nazir bildirib ki, Əsasnaməyə görə, bu Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qurulmuş Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) tərəfindən 5 (beş) il müddətinə uzadılır.
Nazir bəyan edib ki, bu islahat tədbiri əlilliyin müəyyən olunması sahəsində neqativ hallara şərait yaradan məmur-vətəndaş təmaslarının əhəmiyyətli şəkildə azaldılmasına, şəffaf tibbi-sosial ekspertiza mühitinin formalaşmasına, əlilliyi olan şəxslərin hər il təkrar əlillik üçün müraciət etmələri səbəbindən onlarda yaranan narazılığın aradan qaldırılmasına yönəlib.
S.Müslümov diqqətə çatdırıb ki, respublikada əlilliyin və sağlamlıq imkanları məhdudluğun müayinəsi ilə bağlı aparılmış bütün müayinələrin nəticələri TSERAS-a daxil edilir. Bu informasiya bazası aparılmış müayinələrin nəticələrinə dair məlumatların aidiyyəti qurumlar arasında elektron şəkildə mübadiləsinə imkan verməklə yanaşı, "Elektron hökumət" portalı üzərindən "Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi" e-xidmətin istifadəyə verilməsinə şərait yaradıb. Əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış bütün şəxslər portala daxil olaraq həmin e-xidməti seçməklə, aparılmış müayinənin nəticəsinə dair elektron qaydada məlumat ala, habelə bu və ya digər təşkilata təqdim etmək üçün əlilliyini təsdiq edən elektron arayış əldə edə bilərlər. Arayışın təqdim edildiyi təşkilatlar isə bu sənəddəki müvafiq autenfikasiya kodu vasitəsilə "E-Hökumət" portalı üzərindən arayışın dürüstlüyünü yoxlamaq imkanına malikdirlər.
Müsbət məqamlardan biri də odur ki, dövlər sosial qayğıya ehtiyacı olan təbəqənin iqtisadi durumunun daha da ağırlaşmaması üçün müvafiq addımlar atmağı planlaşdırır. Nazir bildirib ki, devalvasiyadan sonra yaranmış vəziyyət də nəzərə alınacaq: "Gəlirlərin azalması məcmunun aşağı düşməsinə səbəb olacaq. Biz ölkədə iş yerlərinin azalmamasına, ölkənin məcmu tələbinin düşməməsinə çalışmalıyıq". S.Müslümovun sözlərinə görə, iş yerlərində ixtisarlar və iş yerlərinin bağlanması faktoru nazirliyin diqqətində saxlanılır.
"Belə bir şəraitdə işçi qüvvəsinin əmək bazarının qoyduğu yeni tələblərə çox sürətlə uyğunlaşması tələb olunur. Bunu həyata keçirmək üçün həm Təhsil Nazirliyinin tərkibində olan peşə məktəbləri, həm də bizim nazirliyin tərkibində olan ixtisasartırma, ixtisasdəyişmə mərkəzlərinin (peşə tədris mərkəzləri) fəaliyyəti güclənməlidir. Bir daha vətəndaşlara bildirmək istəyirəm ki, bizim bir neçə regionda artıq belə mərkəzlərimiz var. İş yerlərini itirmiş insanlar ora müraciət edərək çox qısa müddətdə peşə kurslarına yiyələnə biləcəklər. Həmin kurslarda aylıq təqaüd də, gediş-gəliş pulu da verilir. Onlar müxtəlif peşələrə yiyələnərək daha çox tələbat olan peşələr üzrə əmək bazarına yenidən çıxa bilərlər", - deyə nazir qeyd edib.
S. Müslümov əlavə edib ki, işsizlik sığortası qısa müddətdə həll edilməlidir. "Düşünürəm ki, biz sürətlə işsizlik sığortası məsələsini həll etməliyik. İşsizlikdən icbari qaydada sığortalanmanı ortaya qoymalıyıq. Bu da insanlarımızın gələcəkdə işsiz qalma halında həmin sığorta hesabına müəyyən müddətə sığortalanmasını təmin edə bilər", - deyə nazir qeyd edib.
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16