Azərbaycana qarşı həyata keçirilən separatçılıq və diskriminasiya siyasəti nəticəsində ölkəmizdə qaçqınlar və məcburi köçkünlər problemi aktuallığını qoruyub saxlayır.
1988-ci ildə Ermənistan hakimiyyətinin həyata keçirdiyi disskriminasiya siyasəti nəticəsində minlərlə soydaşımız dədə-baba yurdlarından didərgin düşdü. Sonrakı illərdə isə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Dağlıq Qarabağ və ətrafyanı rayonlardan olan vətəndaşlarımız didərgin düşdü. Bu isə Azərbaycana əlavə problemlər və həlli çətin olan arzuolunmaz müşküllər bahasına başa gəldi.
Torpaqlarımızın 20 faizinin erməni faşistləri tərəfindən işğal olunması bir milyondan çox qaçqın və məcburi köçkünü ciddi problemlərlə üzləşdirdi. Ölkəmizin müxtəlif bölgələrində, çadır şəhərciklərində ağır sosial durumda yaşamağa məhkum olan bu insanlar tezliklə dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olundu. Azərbaycan dövləti öz vətəndaşlarını bu ağır vəziyyətdən çıxarmaq üçün davamlı tədbirlər həyata keçirməyə başladı.
Doğma ocaqlarından didərgin salınmış bir milyonadək qaçqın və məcburi köçkün soydaşımızın üzləşdikləri problemlər isə Azərbaycan dövləti tərəfindən uğurla həll edildi və bu siyasət hazırda da davam etdirilir. Bir faktı isə xüsusi vurğulamaq lazımdır ki, qaçqın və məcburi köçkünlər dövlətin onlara qayğısını məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra hiss etməyə başladılar.
Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdığı ilk gündən Azərbaycanın üzləşdiyi bu humanitar fəlakət probleminin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atdı. Görülən işlər sayəsində 1993-2003-cü illərdə ayrı-ayrı dövlətlər, beynəlxalq maliyyə qurumları, humanitar təşkilatlar tərəfindən qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə müxtəlif layihələr üzrə 640 milyon ABŞ dollarından çox həcmdə humanitar yardım göstərildi. 1999-cu ildə ümummilli liderin BMT-nin Ümumdünya Ərzaq Proqramının baş qərargahına müraciətinə əsasən həmin təşkilatın Azərbaycanda fəaliyyət müddəti müstəsna hal kimi 2005-ci ilin sonuna qədər uzadıldı. Ulu öndərin xarici səfərlərində də bu məsələ daim ön planda yer alır və qaçqınların, məcburi köçkünlərin problemlərinin həlli istiqamətində konkret nəticələrə nail olunurdu.
1998-ci ildə isə ulu öndər Heydər Əliyevin sərəncamına əsasən, "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı" təsdiq edildi. Növbəti ildə ölkə Prezidentinin fərmanı ilə dünya təcrübəsində ilk dəfə olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil olundu. Görülən tədbirlər bu kateqoriyadan olan insanların həm məşğulluq problemlərinin həllində, həm də həyat şəraitlərinin yüksəlməsində əhəmiyyətli rol oynadı.
Ulu öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev də qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə daim xüsusi diqqət ayırır. Buna misal olaraq ölkənin müxtəlif rayon və şəhərlərində məcburi köçkün ailələri üçün yeni salınmış qəsəbələrin istifadəyə verilməsini göstərmək olar. Eyni zamanda Prezident İlham Əliyevin sərəncamı ilə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" təsdiqləndi ki, bu da qaçqın və məcburi köçkünlərin həyat və rifah şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlardan sayılır. Məhz bu proqram və orada nəzərdə tutulmuş geniş tədbirlər ölkəmizdəki qaçqın və məcburi köçkünlərə dövlət qayğısının daha bir təzahürü idi.
Sözügedən proqram nəticəsində 2004-cü ildən başlayaraq qaçqın və məcburi köçkünlər üçün respublikamızın müxtəlif bölgələrində yeni yaşayış qəsəbələrinin inşası prosesinə start verildi. Doğma torpaqlarından ayrı düşən bu insanların məşğulluq səviyyəsinin yüksəldilməsi üçün də dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilir. Sonradan isə proqrama yeni əlavələr olundu və onun icra müddəti uzadılaraq daha çox məcburi köçkün ailələrini əhatə etdi.
Məhz bu düşünülmüş siyasətin məntiqi nəticəsi olaraq ölkə boyunca yaradılmış bütün çadır şəhərcikləri ləğv olundu, əvəzində isə qaçqın və məcburi köçkünlər üçün müasir tələblərə cavab verən müasir qəsəbələr salındı.
Azərbaycan dövləti məcburi köçkünlər üçün nəzərdə tutulmuş ərzaq yardımından tutmuş digər məsələlərə qədər əsas problemləri öz iqtisadi gücü hesabına həll edir. Bu baxımdan Azərbaycan bu təbəqədən olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması baxımından ən fəal siyasət yürüdən və yüksək nəticələr əldə edən ölkədir. Əlbəttə, görüləsi işlər hələ də çoxdur. Dövlət başçısının qarşıya qoyduğu bütün vəzifələrin davamlı olaraq həyata keçirilməsi üçün müvafiq qurumlar qüvvələri səfərbər etmişlər.
Azərbaycan hökuməti ölkə əhalisinin, xüsusilə də qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə hər zaman bir nömrəli vəzifə kimi baxmışdır. Elə buna görədir ki, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, əmək haqlarının və aztəminatlı ailələrə verilən müavinətlərin artırılması, vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində atılan ciddi addımlar əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəsinin - qaçqın və məcburi köçkünlərimizin sosial problemlərinin həllində də mühüm dönüş yaratmışdır.
Yerigəlmişkən qeyd edək ki, müstəqilliyinin ilk günlərindən gənc dövlətimizin qarşısında duran vəzifələrdən biri qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli olub. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın sosial problemlərinin həlli dövlətimizin qayğısına çevrilmişdir. Ölkə rəhbərliyinin bu qəbildən olan insanlara xüsusi diqqət və qayğısının nəticəsidir ki, qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan insanların həyat səviyyəsi, mənzil-məişət şəraitləri əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.
Xatırladaq ki, ölkəmiz MDB, eləcə də Avropa məkanında qaçqın və məcburi köçkünlərin sayına görə ilk yerlərdə qərarlaşır. Buna baxmayaraq, Azərbaycan bu kateqoriyadan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması baxımından ən fəal siyasət yürüdən və yüksək nəticələr əldə edən ölkədir.
Ümumilikdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə son 23 ildə 6 milyard manatdan çox vəsait ayrılıb ki, bunun da 2 milyard manatdan çoxu mənzil şəraitinin yaxşılaşdırılmasına sərf olunub. Bu illərdə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,6 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə artıb.
Bütün bu uğurların təmin olunmasında heç şübhəsiz, bu təbəqədən olan soydaşlarımızın kompleks həllini nəzərdə tutan və Azərbaycan Prezidentinin sərəncamları ilə təsdiq olunmuş məlum Dövlət Proqramı və ona edilmiş əlavələr, həmçinin digər fərman və sərəncamlar, hökumət tərəfindən qəbul olunmuş müvafiq qərarlar xüsusi önəm daşıyır. Çünki əhalinin rifahının yüksəldilməsini, sosial vəziyyətinin yaxşılaşdırılmasını şərtləndirən amillərdən biri də məhz verilən sərəncamların, hökumətin qərarlarının yerlərdə vaxtında və yüksək səviyyədə icra olunmasıdır. Əhalinin sosial durumunun yüksəlməsi həm də ölkədə sabitliyə və davamlı inkişafa təminatdır. Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında görülən işlər ölkəmizdə iqtisadi islahatların dərinləşməsini və bu sahənin müvəffəqiyyətlə irəliləməsini, xalqın həyat səviyyəsinin dinamik olaraq yaxşılaşmasını bir daha sübut edir.
Hazırda da məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər ardıcıl olaraq davam edir.
Qaçqın və məcburi köçkünlərin Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasətin məntiqi nəticəsi olaraq tezliklə öz doğma torpaqlarına qayıdacaqlarına, Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyinə inamları daha da artıb. Doğma yurd-yuvalarından didərgin düşmüş insanlar üçün salınan qəsəbələr, tikilən evlər qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşmasına xidmət etsə də, onlar bu ünvanlarda müvəqqəti məskunlaşdıqlarını, tezliklə ata-baba torpaqlarına qayıdacaqlarını yaxşı bilirlər.Yurd nisgilinə son qoyulduqdan sonra da bu insanlar, hər zamankı kimi, dövlətlərinin onların arxasında olacağına tam əmindirlər. İşğal altındakı ərazilər azad olunduqdan sonra onlar bu yerlərdə dövlətin yardımı ilə daha təmtəraqlı, yüksək şəraiti olan evlər inşa olunacağını yaxşı bilirlər. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Bizim torpaqlarımız azad olunandan sonra biz həmin torpaqlarda bundan da gözəl binalar tikəcəyik. Bütün şəhərləri bərpa edəcəyik və öz vətəndaşlarımızı doğma torpaqlara qaytaracağıq. O gün gələcək, mən buna inanıram, şübhə etmirəm. Əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir".
Məcburi köçkünlər yaxşı bilirlər ki, dövlət başçısının uğurla reallaşdırdığı siyasət nəticəsində Ermənistan diplomatik sferada tam məğlubiyyətə uğrayıb, işğal altında olan ərazilərdən düşməni hər an geriyə atmağa qadir olan qüdrətli Azərbaycan Ordusu yaradılıb. Azərbaycan Prezidentinin ətrafında daha sıx birləşən qaçqın və məcburi köçkünlərin özləri də zəbt olunmuş doğma torpaqlarının azad edilməsi üçün Ali Baş Komandanın döyüş əmrini yerinə yetirməyə hazırdırlar.
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16